Muğanda yüzlərlə fəhlə piket keçirib

 

 

Aylardır maaşlarını almayan "Muğan Əkin və Sənaye" şirkətinin yüzlərlə işçisi Güney  Azərbaycanın Muğan bölgəsində etiraz piketi keçiriblər.

 

Güney Azərbaycandakı ictimai, sosial, siyasi və iqtisadi proseslərlə ilgili olaraq fəaliyyət göstərən “Yolpress”, “Dana” və “Aran Muğan” internet portallarının bildirdiyinə görə, "Muğan Əkin və Sənaye" şirkətinin 300-dən artıq işçi Muğan bölgəsinin Parsabad şəhərində yerləşən mərkəzi idarəsinin önündə toplanaraq tələblərini səsləndiriblər.

Fəhlələr boldiriblər ki, onlar 3 aydır maaş almayıb. Onların çoxu ailələri ilə birlikdə kirayə tutduqları  evlərdə yaşayırlar. Bununla yanaşı, işçilərin hamısı məktəb şagirdi olan övlad sahibidirlər. Etirazçılar həmçinin Muğan valiliyinin binası istiqamətində yürüş keçiriblər.

Valilikdə əhalinin sosial sorunlar masasının rəhbərliyi ilə görüşdə işçilər bildiriblər ki:  “Onlar düz 3 aydır maaş ala bilmirlər. Onların çoxu kirayə tutduqları evlərdə yaşayır və məktəb şagirdi olan övlad sahibidirlər. Toplumda mövcud olan ağır iqtisadi durum və bu qədər çətinliyin içində, "Muğan Əkin və Sənaye" şirkəti üç aydır onların maaş verməyib. Dəfələrlə etiraz etsələr də kimsədən cavab ala bilməyiblər,” deyə fəhlələrin vəziyyəti yerli mətbuatda əks edilib.

Qeyd edək ki, bu etiraz mitinqi şirkət işçilərinin keçən bir il ərzində keçirdiyi üçüncü etiraz mitinqidir. O da bəllidir ki, "Muğan Əkin və Sənaye" kompleksində təqribən 800 işçinin çalışdığı bildirilir. Muğan düzü Güney Azərbaycanın Ərdəbil vilayətinə məxsus bölgədə yerləşir. Vilayətin Parsabad, Biləsuvar və Germi şəhərləri Muğan bölgəsinə daxildir. İşçilərin aylıq maaşlarının vaxtlı-vaxtında verilməməsi siyasəti təkcə Muğan bölgəsində deyil, bütövlükdə Güney Azərbaycanın digər bölgələrində də ənənə şəklini alıb. Bütün bunlar da çox haqlı olaraq əhalinin kütləvi narazılığına səbəb olur. Bunun əsas səbəblərindən biri də, İran mollakratiya rejiminin Güney Azərbaycanla ilgili olan və dərin strateji hədəflərinə hesablanmış siyasətin tərkib hissəsidir. Əsas amac, Güney Azərbaycan bölgələrində kütləvi işsizlik sindromunu yaratmaq və sonucda isə əhalinin farslar yaşayan bölgələrinə məcburi miqrasiyasına təkan verməkdir. Tehran rejimi ümid edir ki, belə bir durumu düzənləməklə Güney Azərbaycan Türklərinin farslar yaşayan bölgələrdə farslaşmasına səbəb olacaqdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Ərdəbil Bürosu” 

09:45