Məşhurlar “Bəxt üzüyü”nü tapmaq üçün yığışdılar – Fotolar

Ötən gün “Planet Parni iz Baku” komandasının ərsəyə gətirdiyi “Bəxt üzüyü 2” filminin təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, gecəyə DTX rəisi Mədət Quliyev və həyat yoldaşı Zəhra Quliyeva, xalq artistləri Mənsum İbrahimov, Aygün Kazımova, Brilliant Dadaşova, Ənvər Sadıqov, əməkdar incəsənət xadimi Faiq Sücəddinov, əməkdar artist Murad Dadaşov, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, “Xəzər” TV-nin Proqramlar Departamentinin direktoru Kənan Bayramov, aparıcı Hacı Nuran, rəqqasə Oksana Rəsulova və başqaları qatılıb.

Nümayişdən öncə aktyor heyəti qırmızı xalı üzərinə keçərək foto çəkdirib. Daha sonra onlar tamaşaçılarla birlikdə zala daxil olub.  Əməkdar artist Tahir İmanov zalda əyləşən qonaqları salamlayaraq film haqda danışıb.

Daha sonra isə sözü xalq artisti Afaq Bəşirqızına verib. İllərin sənətkarı çox həyəcanlı olduğunu və heç bir söz deyə bilməyəcəyini bildirib. Çıxışlardan sonra film nümayiş olunub və alqışlarla sona çatıb.

Qeyd edək ki, film “Bəxt üzüyü”nün əvəzolunmaz obrazları Söylü və Moşunun səhnəsi ilə başlayır.

“Bəxt üzüyü 2”də birinci hissədə olduğu kimi “Söylü”nü xalq artisti Afaq Bəşir qızı, “Moşu”nu xalq artisti Valeh Kərimov, “Rasim”i xalq artisti  Rafael Dadaşov, “Seda”nı akrtisa Firəngiz Rəhimbəyova canlandırıb.

Ekran işində xalq artisti Arif Quliyev də rol alıb. 27 il öncə sahə müvəkkilini oynayan aktyor bu dəfə tamam fərqli peşənin sahibi kimi tamaşaçıların qarşısına çıxıb.

 T.İmanov “Söylü”nün oğlu “Xoşbəxt”i, C.İmanov isə Rusiyada bizneslə məşğul olan qardaşı “Fedot”u canlandırıb.

“Bəxt üzüyü 2” filmində həmçinin əməkdar artist Bəhram Bağırzadə, aparıcı Fariz İlyasov, aktyorlar Duyğu Dəvəli və Emil Musayev də rol alıb.

Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, icraçı prodüseri Mirsalam Mirsalamovdur.

Könül,
Musavat.com

17:08