Məşhur milyarder gələcəkdə insanların necə olacağından danışdı

Bir müddətdir öz layihələrinə başı qarışan “Tesla” və “SpaceX” kimi şirkətlərin rəhbəri, milyarder Elon Musk Dubayda keçirilmiş “World Government Summit” tədbirində iştirak edib.

XUDAFERİN.eu Technote.az-a istinadən xəbər verir ki, həmin tədbirdə E.Musk insanlığın gələcəyi haqqında fikirlərini söyləyib.

Onun fikrincə, insanlığın yeganə çıxış yolu kibernetik təkamüldür. Əgər insanlar bioloji və rəqəmsal zəkanı birləşdirməsələr, onda onlar texnologiyanın hökm sürəcəyi dünyada lazımsız canlılar olmaq riskindədirlər. 

Hər şey insan beyni ilə onun rəqəmsal versiyası arasındakı məlumat ötürülməsinə söykənir. Kompüterlər saniyədə trilyon bit məlumat ötürmə qabiliyyətinə sahibdirlər. Biz insanlar isə smartfonlarda sadə mətn yazmaq ilə saniyədə 10 bitlə kifayətlənməli oluruq. Sürətli neyrokompüter interfeysləri insan ilə süni zəkanın birləşməsində vacib addım olacaq.

Gələcəkdə ən ağıllı insandan belə ağıllı olacaq süni zəka olacaq. Məhz həmin anda biz böyük təhlükə ilə qarşı-qarşıya qala bilərik. “Əgər kompüterlərə qarşı mübarizə apara bilmirsənsə, ən yaxşı çıxış yolu onlardan biri olmaqdır”, - deyə şirkət rəhbəri bildirib. 

O qeyd edib ki, insanlar öz bədənlərini təkmilləşdirərək kiborqlara çevrilməli olacaqlar. 

Hələ keçən il Elon Musk çıxışlarının birində qeyd etmişdi ki, biz insanlar artıq müəyyən mənada kiborqlarıq:

“Belə ki, biz hamımız elektron şəxsiyyətə sahibik. Elektron şəxsiyyətimizin isə müəyyən bir hissəsi istifadə etdiyimiz elektron poçt ünvanlarında, sosial şəbəkələrdə və internetdə istifadə etdiyimiz hər bir şeydə mövcuddur. Günümüzdə kiçik bir cihaz ilə istənilən məlumatı əldə etmək və dünyanın istənilən nöqtəsində olan insan ilə əlaqə yaratmaq olar”.

14:36