Mərkəzi Bank ölkəni iflasa sürükləyir

Azərbaycan Mərkəzi Bankı ötən gün manatın gücləndirilməsi üçün 9 ayın yekunlarına dair atdığı addımları hesabat şəklində ictimaiyyətə təqdim edib. Mərkəzi Bankın verdiyi hesabatdan belə məlum olur ki, manatın ucuzlaşmasında onların heç bir günahı yoxdur. Hətta manat ucuzlaşandan sonra dəyərini maksimum itirməməsi üçün kifayət qədər effektli addımlar atıb. Hesabatda göstərilən rəqəmlər, adılan addımlar manatın bu günki durumuna heç də adekvat deyil. Bəs əgər Mərkəzi Bank bu qədər effektli addımlar atıbsa manat niyə sürətlə ucuzlaşır? Mərkəzi Bank 9 aya aldığı qərarları və görülən işlərin nəticəsini bu cür açıqlayıb:

Dəhlizin yuxarı həddi 15%- dən 18%-ə, aşağı həddi 4%-dən 12%-ə, uçot dərəcəsi 9.5%-dən 15%-ə qaldırılmışdır;
Çərçivə alətlərinin müddətinin 1 gündən 7 günə qaldırılması;
Məcburi ehtiyat normasının dəyişdirilməsi: Xarici valyutada öhdəliklər üzrə norma 0,5%- dən 1%-ə yüksəldilmiş, qeyri-rezident maliyyə sektoru və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0,5%-dən 0%-ə endirilmişdir;
Depozit hərraclarının keçirilməsinə başlanması: İyundan başlayaraq 13 hərrac keçirilmişdir.

Nəticələr
- İnflyasiya təzyiqlərinin yumşaldılması:
-Mərkəzi Bankın likvidliyi sterlizasiya imkanlarının yüksəldilməsi;
-Mərkəzi Bankdan likvidlik dəstəyinə tələbin azaldılması;
-Milli valyutada depozitlər üzrə faiz dərəcələrinin artmasının təşviqi;
- Dollarlaşma səviyyəsinin azaldılması;
- Bank sektorunda maliyyə sabitliyinin qorunması.

Mərkəzi Bankın 9 ay ərzində aldığı qərarları zamanında müstəqil iqtisadçılar tərəfindən ciddi tənqid olunurdu. Faiz dərəcələrinin qaldırılması ölkənin bank sektoruna ciddi zərbə vuracağı əslində hər kəsə bəlli idi. Bu qərarlar da əslində elə gözlənilənləri verdi. Bank sektoru onsuzda çökmüşdü, Mərkəzi Bankın atdığı “effektli” addımlar bunu bir az da surətləndirdi. Nəticədə hal-hazırda bank sektoru çökmüş durudadır. Ən azı elə 9 ay ərzində bağlanan 13 bank bunun əyanı sübutudur. Maliyyə hərraclarının keçirilməsi isə onsuz da birbaşa Mərkəzə Bankın səlahiyyətində olan məsələdir. Yəni hərracların sayının artırılması heç də manatın ucuzlaşmasının qarşısını almağa hesablanan addım deyildi. Sadəcə ikinci devalvasiyadan sonra vətəndaşların bank sektoruna inamının tam şəkildə itməsi Mərkəzi Bankın bu addımı atmağa məcbur etdi. Çünki vətəndaşlar bank əməliyyatlarında (kreditlərin alınması-qaytarılması) daha əvvəlki kimi aktiv iştirak etmirdi. Bu da bankların gəlirlərinin kifayət qədər azalmasına səbəb oldu. Digər tərəfdən Mərkəzi Bankın yaydığı hesabatlarda göstərilir ki, Mərkəzi Bankın atdığı addımlar inflyasiya təzyiqlərinin yumşaldılmasına səbəb olub. Ölkədə hal-hazırda rəsmi inflasiya dərəcəsi 11 faiz göstərir. Ötən ilə nisbətən bu rəqəmdə ciddi dəyişiklik baş verməyib. Amma göstərilən bu rəqəm heç də həqiqəti əks etdirmir. Qeyri-rəsmi hesablamalara görə 2016-cı il üçün inflyasiya dərəcəsi 14.8 faizdən çoxdur. Bu rəqəm hələ reallığın yumşaq göstəricidir. İqtisadçılar bildirirdilər ki, cari ilin sonunda inflyasiya dərəcəsi 20 faiz civarında olacaq. Buradan da belə nəticəyə gəlmək olar ki, Mərkəzi Bank aldığı qərarların effektli olduğunu göstərmək üçün inzibatı qaydada rəqəmlər göstərir. Ancaq göstərilən rəqəmlərin reallıqdan nə qədər uzaq olduğunu mövcud vəziyyət göstərir. İkinci devalvasiyadan sonra əhali surətli şəkildə dollarlaşmaya getdi. Mərkəzi Bank indi iddia edir ki, sürətli dollarlaşmanın qarşısını almaq üçün addımlar atıb və nəticəsini də görüb. Amma əslində əhalinin surətli dollarlaşmaya getməsində elə Mərkəzi Bank özü maraqlı tərəf idi. Çünki əhalinin ilkin dollarlaşmaya getməsi 1.65 məzənnə ilə reallaşdı. Daha sonra Mərkəzi Bank süni şəkildə dolların məzənnəsini 1.49 manata salaraq əhaliyə baha qiymətə satılan dollarlar daha ucuz qiymətə geri aldı. Bu dollar “alverindən” də qazanan yalnız banklar oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, Mərkəzi Bankın atdığı bütün addımlar əslində manatı yox, bankları xilas etməyə hesablanmışdı. Mərkəzi Bankın atdığı bu addımları hansı məqsədlə reklam etdiyini anlamaq çətindir. Çünki ən azından ibtidai iqtisadi biliklərə sahib olan hər kəs bütün bunların cəfəngiyyat olduğunu anlayır. Əsl mənzərə isə Mərkəzi Bankın verdiyi rəqəmlərdən çox fərqlidir. Ölkə surətlə böhrana gedir, Mərkəzi Bankın atdığı addımlar effektsizdir, inflyasiya getdikcə artır, manat isə ucuzlaşmaqda davam edir.

Vilayət Muxtar
(Cebhe.info)

13:34