Mərakeşdə “Azərbaycan Ermənistan təcavüzü ilə üz-üzə 28 illik humanitar sarsıntılar” mövzusunda simpozium keçirilib

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi tərəfindən ICESCO-nun mənzil qərargahında Mərakeş-Azərbaycan dostluq cəmiyyəti ilə birgə Rabatdakı diplomatik korpusun və KİV nümayəndələrinin, habelə tanınmış politoloq və hüquqşünasların iştirakı ilə “Azərbaycan Ermənistan təcavüzü ilə üz-üzə 28 illik humanitar sarsıntılar” mövzusunda simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə, Pakistan və Çad respublikalarının səfirləri, Qambiya, Seneqal, Mali, Tunis, Mavritaniya respublikaları səfirliklərinin əməkdaşları iştirak etdilər.

Azərbaycan Respublikasının Mərakeşdəki səfiri Oktay Qurbanov çıxış edərək, cari ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən təmas xətti boyunca ölkəmizə qarşı davam etməkdə olan növbəti hərbi təcavüzün qarşısının alınması istiqamətində müzəffər ordumuz tərəfindən əks-hücum əməliyyatları və təmas xəttinə bilavasitə yaxın ərazilərdə yerləşən dinc Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən cavab tədbirləri barədə məlumat verib.

Diplomat oktyabrın 10-u, 18-i və 26-sıda tərəflər arasında humanitar atəşkəsin əldə olunduğuna baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən hər dəfə bu razılığın kobud şəkildə pozulduğunu qeyd edərək, gecə saatlarında mülki əhali arasında daha çox tələfat və itki əldə etmək məqsədilə Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarına ballistik raket zərbələri endirdiyini və bunun nəticəsində aralarında 11 uşaq olmaqla 60 nəfər dinc sakinin öldürüldüyünü, 300 nəfərdən yuxarı mülki əhalinin isə ciddi yaralandığını bildirib. 1990-ci illərin əvvəllərində işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasətini həyata keçirdiyini vurğulayan səfir O.Qurbanov tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələri tərəfindən 28 il öncə, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımı xatırladaraq, həmin dəhşətli faciədə aralarında 63 uşaq olmaqla, 613 nəfər dinc sakinin qətlə yetirildiyini bildirərək, bu kimi cinayətkar əməllərin Ermənistan tərəfindən Beynəlxalq Humanitar Hüququn, о cümlədən 1949-cu ilin Cenevrə Konvensiyasını və ona 1977-ci ildə əlavə olunmuş Birinci Protokolun müddəalarını kobud şəkildə pozulduğuna dəlalət edən fakt olduğunu qeyd edib.

Daha sonra səfir silahlı münaqişələr zamanı dinc əhaliyə, xüsusilə də uşaqlara və qadınlara qarşı həyata keçirilmiş qətllərə və zorakılıqlara görə Ermənistanın siyasi və hərbi rəhbərliyinin tam məsuliyyət daşıdığını bəyan edib.

Sonda səfir noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış bəyanat barədə tədbir iştirakçılarını məlumatlandıraraq, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində bunun Ermənistanın təslim aktının olduğunu qeyd etdiyini bildirib.

Sonra çıxış edənlər beynəlxalq məsələlər üzrə araşdırıcı, politoloq Əhməd Nurəddin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi aspektlərinə toxunmuş, İbn Tufeyl Universitetinin gənc alimi Feysal Davudi Azərbaycanın dünyada unikal multikulturalizm ənənələrinə malik bir ölkə olduğunu və bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə Bakıda keçirilmiş çoxsaylı tədbirləri qeyd etmişdir. V Məhəmməd Universitetinin müəllimi, beynəlxalq hüquq üzrə alim doktor Əlarabi Hannan münaqişədən sonrakı dövrdə davamlı sülh mövzusunda məruzələr edib.

Səfir O.Qurbanov Mərakeş kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarını cavablandırıb və onlara müsahibə verib.

Sonda tədbir iştirakçıları Azərbaycan səfirinə yaxınlaşaraq, Azərbaycan xalqının döyüş meydanında qazandığı möhtəşəm Qələbə münasibətilə təbrik edib, xalqımızla həmişə həmrəy olduqlarını ifadə edərək birgə şəkil çəkdiriblər.

Xudaferin.eu


 

12:50