Mərakeş qəzetində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” sərlövhəli məqalə dərc edilib.

Xudaferin.eu xəbər verir ki, məqalədə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş qırğınlar barədə ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycan xalqı hər il 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayətin qurbanlarını yad edir.

Yazıda bildirilir ki, Çar Rusiyasındakı dövlət çevrilişini həyata keçirən bolşeviklər və erməni daşnak partiyası Azərbaycanı işğal etmək üçün planlarını həyata keçirmək məqsədilə rəsmi sənədə imza atmışlar. Şərqdə ilk demokratik dövlət quran azərbaycanlılara qarşı soyqırımı bu planın ayrılmaz bir hissəsi olub. Qətlə yetirilənlər arasında yaşlılar, qadınlar və uşaqlar da daxil olmaqla dinc sakinlər olub.

Məqalədə qeyd edilir ki, Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində aparılmış kütləvi qətllər, talanlar və etnik təmizləmələr nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlət başçısının iştirakı ilə kompleksin açılışı olub. Soyqırımı kompleksində Bakı, Göyçay, Şamaxı və Bakı ətraflarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər nümayiş etdirilir.

Məqalədə bildirilir ki, erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı törədikləri soyqırımı və məqsədli deportasiya siyasəti Azərbaycan tarixində ağrılı səhifədir. 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı insan hüquqlarının pozulması əməlləri, etnik təmizləmələr və deportasiyalar həyata keçirilib.

Bu əməllər yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməlidir.

Xudaferin.eu

14:29