Məqsədim qədim musiqi alətlərinin təkmilləşdirilməsinə töhfə verməkdir

Son illər Azərbaycan Milli Konservatoriyasının “Milli alətlərin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında çoxlu işlər görülüb. AZƏRTAC-ın əməkdaşı qədim musiqi alətlərinin bərpası, təkmilləşdirilməsi və təqdimatı ilə məşğul olan bu elmi laboratoriyanın iş prosesi ilə maraqlanıb.

Laboratoriyanın rəhbəri Məmmədəli Məmmədov əslində peşə etibarilə mühəndis olsa da, musiqiyə sonsuz marağı onu bu sənətə bağlayıb. Özünün dediyi kimi, alətlərin hazırlanması və təkmilləşdirilməsinin özü də əslində elə mühəndislik tələb edən işdir. O, Milli Konservatoriyada fəaliyyət göstərən “Milli alətlərin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri olmaqla bərabər, həm də çalğı alətləri üzərində davamlı təkmilləşdirmə işləri aparır. “Mən laboratoriyada saz, kamança, tar, ud, ney, rübab, zurna, balaban, qaval, qanun, çəqanə, dəf, davul kimi alətlərə, hətta sonradan təkmilləşdirdiyim elektrokaman, bas kamança, kontur kamança, sinə-ud, bas tar, kontur tar, meydan davul (dördkünc) və digər alətləri bərpa və təbliğ etməklə məşğulam. Qədim musiqi alətlərini bərpa etməklə yanaşı, bəzən onları müasir çalarlarla zənginləşdirirəm. Belə baxanda bütün alətlərimiz 3 simli qədim qopuz alətinin törəmələridir. Yeni dövr gəldikcə alətlərimiz də günün tələblərinə və ustad sənətkarların təfəkkürünə, dünyagörüşünə, qabiliyyətinə əsasən dönüb-dəyişib, bir şəkildən başqa şəklə düşüb. Bütün bunlar isə xalqın musiqi xəzinəsinin zənginləşməsinə xidmət edir.

Bizlər də çalışırıq ki, gənc və gələcək nəsillərə nəyi isə ərməğan edə bilək”, - deyə Məmmədəli Məmmədov bildirib. Gördüyü işlərdən zövq alan və yeni-yeni alətlər düzəldən həmsöhbətimiz deyir ki, bu alətlərə həm də yeni adlar qoyur. O, qoz, palıd, ərik, fındıq, tut ağaclarından öz fantaziyası ilə düzəltdiyi yeni formada alətlərə müxtəlif adlar verərək onları da musiqi alətləri “ailə”sinə qatır və bu alətlərin yüksək effekt verdiyini söyləyir. Məsələn, elektro-gitaraya bənzər, onu əvəz edəcək “qoşaqoll ud”, “Qarabağ kamanı”, “sevgililər” (səsi sazın səsinə bənzəyir), “həsa-ud” (bəm səsli, dörd simli), “ay-ulduz”, “irs”, “udmən” və digər öz şəxsi fantaziyasının məhsulu olan yeni quruluşlu alətlərin meydana gəlməsinə və rəngarəng musiqi dünyamızın zənginləşməsinə öz töhfəsini verib.
M. Məmmədov milli düşüncə və böyük vətəndaş təəssübkeşliyi ilə çalğı alətlərimizin elmi əsaslarla təkmilləşdirilməsi və hazırlanması ilə məşğul olmaqla bərabər, bu sahədə böyük dönüş yaradıb. “Məqsədim qədim musiqi alətlərinin təkmilləşdirilməsinə töhfə verməkdir. Mən çəng, yaylı qopuz, 4 oktava yarım səslənmə imkanı olan santur, 3 oktava həcmində santur, kontur santur, mizrablı qopuz, yaylı rübab, xromatik səs ardıcıllığına malik qanun hazırladım. Qədim və müasir musiqi alətlərində mükəmməl vahid ölçü sistemi yaratdım və qədim Azərbaycan alətlərini əmsallaşdırdım. Düzəltdiyim yeni musiqi alətlərini Müəllif Hüquqları Agentliyinə apardım, şəkillərini, eskizlərini təhvil verdikdən sonra hər biri üçün mənə şəhadətnamə təqdim etdilər”.

Milli Konservatoriyada tələbələr M.Məmmədovun işləri ilə yaxından tanış olur, təcrübə keçir və milli musiqi alətlərimizin incəliklərini öyrənirlər.
O deyir: “Azərbaycan Milli Konservatoriyasının elmi laboratoriyasında çoxlu işlər görmüşük və böyük uğurlara imza atmışıq. Burada qədim və müasir alətlər üzərində təkmilləşdirmə və islahatlar aparmışıq, yaxşı nəticələr əldə etmişik. Bütün bunların həyata keçməsində mənə Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kəriminin təşəbbüskarlığı və böyük köməyi olub. Onun dəstəyi ilə dəfələrlə qədim və müasir musiqi alətlərimiz beynəlxalq sərgilərdə nümayiş olunub, xüsusi maraq doğurub, diplomlar qazanıb. Biz S.Kəriminin rəhbərliyi ilə 2 il əvvəl Konservatoriyanın nəzdində Milli Hərbi Orkestr yaratdıq. Orkestr tərəfindən qədim və müasir hərbi marşlarımız ifa olunur. Arzumuz bu marşlarımızı əzəli-əbədi Qarabağ torpaqlarında sələndirməkdir”.

Zərəngiz Mansurova,
AZƏRTAC

 

11:31