Mosulda yıxıntılar altından minlərlə cəsəd çıxarılıb: 40 min mülki itki

“İraqın mülki müdafiə qrupları Mosulun təkcə qərb yaxasında, xüsusilə də Köhnə şəhər bölgəsində yıxılan evlərin altından 2 min 100-dən çox mülki vətəndaşın cəsədini çıxarıb”.

Bu etiraf İraq Daxili İşlər Nazirliyinə bağlı Mülki Müdafiə Müdirliyinin rəsmisi Səad Həmidin dilindən səsləndirilib. Rəsminin sözlərinə görə, təxminən, 500-600 cəsəd də hazırda nə zamansa yıxıntıların altından çıxarılacağı günü “gözləyir”.

Səad Həmind onu da bildirib ki, avadanlıq çatışmazlığı və müxtəlif dəlmə-deşiklərdə indiyədək gizlənib, hazırda isə onların üzərinə atəş açaraq hücuma keçən İŞİD qalıntıları işlərini yürütməyə xeyli əngəl törədir. Bununla belə, o, növbəti 2 ay ərzində Mosulu insan cəsədlərindən tamamilə təmizləyə biləcəklərinə inanır. Mosulun İŞİD işğalından azad olunması əməliyyatında mülki itkilər bununla da məhdudlaşmır. Rəsmi məlumata görə, 20 iyulda tamamlanan əməliyyatda 1429 mülki vətəndaş öldürülmüşdü. Mütəxəssislər bu rəqəmi həmin an ələ keçirilən insan cəsədlərinə aid edirdilər. Onların fikrincə isə, uçqunlar altında qalan mülki vətəndaşların sayı dəfələrlə çox idi.

İngilitərənin "The İndependent" qəzeti də bir müddət əvvəl mülki itkilər barədə “qara” xəbərlər yaymışdı. Qəzetin İraqın sabiq xarici işlər naziri Xoşyar Zəbariyə istinadən verdiyi məlumata görə, təxminən, doqquz ay davam edən qarşıdurmalarda 40 min adam öldürülüb. Mosul əməliyyatının bu cür ağır mülki itkiylə nəticələnəcəyi gözlənilməz deyildi. “Xilafət”çilərin, rəsmi Bağdadı və beynəlxalq koalisiya qüvvələrini əməliyyatdan yayındırmaq üçün mülki vətəndaşları canlı qalxana çevirməsi bu ağır “fəlakətin” xəbərçisi idi. Hətta 100 minlərlə mülki itki gözlənilirdi. Nədən ki, İŞİD işğalı altında qalan Mosulda 1 milyondan artıq sakin girov kimi saxlanılırdı.

İraq və beynəlxalq koalisiya qüvvələri məhz bu səbəbdən uzun müddət Mosul əməliyyatına başlaya bilmirdilər. Fəqət Trampın hakimiyyətə gəlməsiylə ABŞ-ın terrorizmə qarşı mübarizə strategiyası da dəyişildi. Əvvəl “mümkün olduğu qədər az mülki itki” prinsipi “nəyin bahasına olursa olsun təmizlik” taktikasıyla əvəz olundu. Məhz bundan sonra ABŞ təyyarələri mülki vətəndaş-terrorçu fərqi gözləmədən Mosulun başına bombalar yağdırdı. Bir növ, yerlə yeksan olunan şəhərdə indi uçqunlar altından çıxarılan meyidlər də həmin taktika dəyişikliyinin cansız “əsərləri”dir.

Qeyd edək ki, Mosul İraq Türkman Elinin ən böyük şəhərlərindən biri hesab olunur. Təəssüflər olsun ki, dünyanın böyük gücləri Mosul və eləcə də İraq Türkman Elinə aid olan bütün bölgələri süni şəkildə qondarma “Kürdüstan” dövlətinin bir parçası olması kimi hədəfləri ortaya atıblar.

Xudaferin.eu
“Orta Doğu Bürosu” 

09:42