“Monella” və “İsmayıloğlular” MMC-lərində dəhşət saçan rəzalət

Hər iki şirkətin əslində bir sahibi var. Bu, Qurbanəli İsmayılovdur. Şirkətlərin yerləşdiyi ünvan da eynidir. Bu, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsindəki “Dərnəgül-108” ünvanıdır. Hər iki şirkət Bakıda şəhərdaxili nəqliyyat biznesi ilə məşğuldur. 123, 108, 134, 185, 142, 93, 57, 211, 77, 136, 100 və 196 saylı marşrutlarda adı şəkilən şirkətlərə məxsus 90-100 arası gündəlik avtobus fəaliyyət göstərir. Hər bir avtobusun sürücüsü gündəlik şirkətə 85-90 manat civarında rüsum ödəyir. Bundan əlavə, yanacaq və şirkətə məxsus qarajda çalışan mexanikin və dispetçerlərin “haqq”ını ödəmək sürücülərin boynuna düşüb.

Təkər üzərində “katorqa”

Redaksiyamıza rəsmi şəkildə şikayət edən avtobus sürücülərindən Arif Əzizzadə, Faiq Qurbanov və Ruslan İsmayılov bildirdilər ki, illər boyu “Monella” və “İsmayıloğlular” MMC-lərin sahibi Qurbanəli İsmayılov avtobus sürücülərinin hüquqlarını tapdalamaq siyasətini aparıb. Sürücülər səhər saat 06.00-dan başlayaraq axşama kimi ancaq plan doldurmaq üçün çalışırlar. Şirkət rəhbərliyi və qarajda çalışanların xərclərini ödədikdən sonra avtobus sürücülərinin gündəlik gəliri orta hesabla 5-7 manat arasındadır.  Bütün bunlar azmış kimi, faktiki olaraq şirkət rəhbərliyi sürücülərlə müqavilələr bağlamır. Sürücülərə verilən “yol vərəqəsi” hər ayın sonunda onların əllərindən alınır. Bu işin gerçək sirri isə ondadır ki, bir yandan sürücülərlə əmək müqavilələri imzalanmır, o biri tərəfdən isə, sürücülərin gerçəkdən bu qarajda rəhbərliyə qarşı yarana biləcək etirazlar və hüquqlarının təmin edilməsi tələblərinin qarşısını almaqla özləri üçün “dəlil” əldə edirlər. Bununla da şirkətin gündəlik gəlir mənbələri və dövlətə ödəniləcək vergilər, işçilərə ödənilməsi gərəkən aylıq maaşların izi itirilir. Qarajın daxilində 20-yə yaxın “boks”, yəni təmirxana fəaliyyət göstərir. Hər bir təmirxananın aylıq icarə haqqı 700 manat civarındadır. Bundan əlavə, sənədlərdə qeyd olunduğu kimi “sürücülərə pulsuz xidmət” adı altında fəaliyyət göstərən yeməkxanın aylıq icarə haqqı isə 1000 manatdır. Adı çəkilən şirkətin və avtobus qarajının gündəlik gəliri orta hesabla təkcə avtobusların sayəsində 10 min manatdan yuxarıdır. Ancaq, sürücülər onlara çatası olan maaşlarını bəzən aylarla ala bilmirlər. Elə bu haqsızlıqlara və qanunsuzluqlara görə, öz haqlarını qorumaq bütün sürücülərin adından  Arif Əzizzadə, Faiq Qurbanov və Ruslan İsmayılov neçə aylardır məhkəmə çəkişmələrinə çıxıblar. Demək olar ki, bütün sürücülər eyni fikirdədirlər. Onlar bildirirlər ki, quldarlıq dövründə belə, bunca qəzalət olmayıb. Sürücü bir işçi kimi gündə 12-14 saat işləsin və sonucda maaş da ala bilməsin. Əmək hüquqları kobudcasısna pozulmaqda davam etsin. Sanki, “Monella” və “İsmayıloğlular” MMC-lərdə çalışan sürücülər elə bil katorqa həyatını yaşayırlar. Hər ikin şirkətin yeganə sahibi olan Qurbanəli İsmayılov “QULDAR”, sürücülər isə “QUL”-durlar.    
Bütün bunlar azmış kimi, Qurbanəli İsmayılov sürücülərə çatacaq maaşla Novxanı və Fatmayı kəndlərində özünə bağ evləri tikdirib. Ramanı qəsəbəsində “heyvandarlıq kompleksi” yaradıb. Mehdiabad kəndində isə “Lider” mağazalar şəbəkəsini qurub. Demək olar ki, Qurbanəli İsmayılov nə dövlət qanunlarını, nə də ona məxsus şirkətlərdə çalışan işçilərin hüquqlarını tanımaq belə istəmir. Hətta vergi yayınmaları siyasətində özünü “professor” sayır. Çünki, gəlir mənbələrini necə gizlətməyin sirrini bilir. Bu yöndə neçə illərdir həmin şirkətlər Qurbanəli İsmayılovun təyin etdiyi qaydalar çərçivəsində  çalışır.

Məhkəmələrin süründürmə oyunu

2014-ci ilin sonlarından etibarən “Monella” və “İsmayıloğlular” MMC-lərində çalışan sürücülərin adından Arif Əzizzadə, Faiq Qurbanov və Ruslan İsmayılov məhkəmələrə müraciət etmək məcburiyyətində qalıblar. Onlar çalışdıqları müəssisənin Binəqədi rayonuna adi olduğuna görə elə bu raron məhkəməsinə ərizə ilə müraciət ediblər. Daha sonra Qurbanəli İsmayılovun Yasamal rayonunda daimi pasort qeydiyyatı olduğuna görə, məhkəmə prosesi burada davam edib.
26 oktyabr 2015-ci ildə başlanılan məhkəmə çəkişməsinin sonunda hakim Ayaz Məmmədov şikayətçi sürücülərin iddialarının “qismən” qəbul edilməsi barəsində qərar verib. Beləliklə də sürücülərin aylıq maaşlarının şirkət tərəfindən gecikdirilməsi və hər ay üçün aylıq maaş qismində 50 manat dəyərində təmin edilib. Halbuki, Azərbaycanda mövcud qanunlara görə, minimum əməkhaqqı 135 manatdan az ola bilməz. Hakimin şirkətin təqdim etdiyi saxta sənədlər və cədvəllər əsasında belə bir qərar qəbul etməsi dünya məhkəmələri tarixində bəlkə də ilkdir. Əgər sürücülər bu şirkətdə çalışıblarsa, əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna və Vergilər İdarəsinə ödəmələr olmalı idi. Bütün bunlar isə şirkətin rəsmi sənədlərində yox idi. Yasamal Məhkəməsinin hakimi Ayaz Məmmədov sürücülərin bu tələbini və iddialarını qəbul etmədən qərar qəbul edib.
Yasamal məhkəməsinin  sürücülərin hüquqlarının qismən təmin edilməsi haqqında qəbul etdiyi qərara qarşı “Monella” və “İsmayıloğlular” MMC-lərin sahibi öz əməllərini redaktə etmək əvəzinə, 03 may 2016-cı il tarixdə, yəni ilkin məhkəmə prosesindən düz 5 ay 4 gün sonra qarşılıqlı şəkildə Bakı Appeliasiya Məhkəməsinə şikayət verib. Hakim Abiddin Hüseynov isə bu şikayəti qəbul etmişdir. Halbuki, qanunvericilikdə qeyd olunur ki, məhkəmə qərarından sonra ancaq bir ay ərzində şikayət verilə bilər. İlkin məhkəmə qərarından fərqli olaraq, Bakı Appeliasiya Məhkəməsinin hakimi Abiddin Hüseynov zərərçəkmiş qismində sürücülərdən Arif Əzizzadənin işlədiyi müddətdə 37 min 840 manat, Faiq Qurbanovun 52 min 480 manat və Rizvan İsmayılovun 34 min 960 manat məbləğində şirkətdən qanuni maaşlarını almalı olduqlarını dolayı yolla inkar taktikasını ortaya atıb. Şirkət və onun sahibi Qurbanəli İsmayılov isə bildirir ki, sürücülərə heç bir maaş və borclar ödənilməyəcək. Düz üç ildir hər üç sürücü ailəli olmalarına baxmayaraq evlərinə pul gətirə bilmirlər. Onlar bildirdilər ki, artıq evlərində çörək əldə etmək üçün satmağa heç nə qalmayıb. Hətta Qurbanəli İsmayılov hər iki məhkəmə prosesində iddia edib ki, bu sürücülər heç bir zaman ona məxsus olan şirkətlərdə çalışmayıblar. Halbuki,
1. Aylıq sürücülərə yol vərəqəsinin verilməsi,
2. “Monella” və “İsmayıloğlular” MMC-lərinə məxsus avtobusların necə işlədilməsi,
3. Qarajda çalışan bütün işçilərin hal şahidi qismində məhkəmələrə dəvət edilməsi təmin olmalı idi,
4. Qarajda çalışan dispetçerlərin və mexaniklərin yol vərəqələrinə atdıqları imzalar, yol vərəqələrində onların qeyd olunan mobil telefonlarının nömrələri,
5. Qarajdakı kolon rəislərinin şahid qismində məhkəməyə dəvət edilməsi prosedurları məhkəmədə icra edilsəydi, durum tamamilə fərqli ola bilərdi. Məhkəmələr bütün bunları nəzərə almağı “yaddan” çıxarıblar. Ən sadə və primitiv qayda isə, kolon rəislərinin izni olmadan sürücülərin qarajdan avtobusu çıxarmaq hüquqlarının olmamasıdır. Onları da şahid qismində məhkəməyə cəlb etməyi hakimlər “unudub”lar. 27 dekabr tarixində Ali Məhkəmənin Mülki Kollegiyasında yenidən sürücülərin şikayətinə baxılacaqdır. Onlar  bildirdilər ki, əgər bu dəfə də onların hüquqları pozularsa, onlar məcbur olub Avropa Məhkəməsinə üz tutacaqlar.     

Vətəndaşların şikayətlərini dinləyən yox

Arif Əzizzadə, Faiq Qurbanov və Ruslan İsmayılov bir vətəndaş olaraq, hüquqlarının pozulması ilə bağlı ilkin instasiya kimi Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə müraciət ediblər. Orada deyilib ki, bu məsələ mülki iş olduğu üçün, ancaq məhkəməyə müraciət olunmalıdır. Bundan sonra, sürücülər üz tutublar məhkəmələrə. Yuxarıda adları çəkilən məhkəmələrdə onların hüquqları pozulduğu üçün Prezident Aparatına, Milli Məclisə, Ədliyyə nazirliyinə, Məhkəmə Hüquq Şurasına və digər müvafiq rəsmi strukturlara müraciətlər ediblər. Sürücülərin təkcə şikayətinə baxan və onları səbrlə dinləyən Ali Məhkəmənin işçisi Tapdıq Mahmudov olmuşdur.
2014-cü ildən üzü bu yana hüquqları tapdalanan vətəndaşların hüquqlarının bərpa edilməsi üçün görəsən bu ölkədə neçə il mübarizə aparılmalıdır? Bu suala kimsə cavab verə bilməz. Əldə etdiyimiz məlumatlara görə, Qurbanəli İsmayılov müvafiq instansiyaların “bığı”nın altından keçməklə bütün qanunsuzluqları həyata keçirir. O zaman sual olunur ki, sürücülərin aylıq maaşlarını ödəmək əvəzinə, başqa strukturların “bığı”nın altından keçmək nə qədər ədalətlidir? Qırx idarəyə verilən rüşvətləri elə sürücülərin halal əməyi kimi onların özlərinə vermək olmazdımı?     

Ayxan
 

16:54