Moldova mətbuatında Ermənistan sərt tənqid olunub

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun bu ölkənin “tribuna.md” xəbər portalında Ermənistanın sülh müqaviləsini və beynəlxalq hüququ kobud şəkildə pozmasına dair məqaləsi dərc edilib.

Xudaferin.eu  AZƏRTAC -a istinadən xəbər verir ki, 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanat imzalanıb. Lakin Ermənistan 4 ay ərzində üçüncü dəfədir ki, sülh müqaviləsini və beynəlxalq hüququ kobud şəkildə pozur. Bu, ilk dəfə noyabr-dekabr aylarında baş verib. Sonra bəzi erməni təxribat dəstələri demək olar ki, Azərbaycan ərazisində “gəzmək” və özlərini "itkin düşmüş hərbçilər" elan etmək qaydalarını qəbul ediblər. Ancaq onlar Azərbaycan əsgərlərini və mülki şəxsləri öldürürdülər. Bütün bunlar həqiqi terror aktları idi.

Məqalədə qeyd olunur ki, ikinci qayda pozuntusu Ermənistanın Qarabağın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsi ilə əlaqədardır. Onlar yalnız Dağlıq Qarabağı xarabalığa çevirib qarşılarına çıxan hər şeyi məhv etmədilər, eyni zamanda orada yaşamadıqları torpaqları da minalayıblar. İndiyə qədər Ermənistan rəhbərliyi Azərbaycan tərəfinə bu minalanmış ərazilərin xəritəsini verməyib. Xəritə olmadan daima günahsız vətəndaşlar öləcək. Ümumilikdə, 10 noyabrdan etibarən 14 Azərbaycan vətəndaşı- 5 hərbi qulluqçu və 9 mülki şəxs Qarabağdakı mina partlayışlarının qurbanı olub. 52 hərbçi və 8 mülki şəxs isə ağır yaralanıb.

İndi isə Ermənistan öz hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirməyə çalışır. Erməni hərbçilərinin Ermənistandan Laçın dəhlizi boyunca mülki geyim və nəqliyyatda, Rusiya sülhməramlılarının nəzarətindən çıxaraq Qarabağa gizli şəkildə getmələri barədə faktlar var. Bu faktlar müstəqil media tərəfindən qeydə alınıb. Üstəlik, beynəlxalq mediada yer alan məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti aldadılaraq və zorla Qarabağda hərbi xidmətə cəlb olunur. Bu həm hərbçiləri, həm də ailələrini narazı salır. Həm də bütün bunlarla Ermənistan beynəlxalq öhdəliklərini, xüsusən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və riayət etmə öhdəliyini kobud şəkildə pozur.

Bütün bu hərəkətlər bölgədəki sabitliyin pozulmasına yönəlib və bu baxımdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov hər dəfə BMT-nin Baş katibi Antonio Quterreşə erməni tərəfinin davranışlarına, onların bütün təxribatlarına diqqət yetirmək xahişi ilə məktublar ünvanlayıb.

 

Emil Hüseynli
Xudaferin.eu

11:49