Möhtəkirlər bazarda “at oynadırlar”

 

Bazarı saxta və yararsız məhsullar bürüyüb

Elçin Bayramlı: “Dövlət qurumları nəzarəti artırmalıdır”

Sirr deyil ki, ölkəyə idxal edilən və ölkədə istehsal olunan bəzi məhsullar keyfiyyətsizdir, standartlara cavab vermir.Beynəlxalq təşkilatların, müstəqil qurumların apardıqları araşdırmalar və ictimaiyyətə təqdim etdikləri hesabatlar da bunu təsdiq edir.Ancaq aidiyyatı qurumlar bu cür məlumatları qulaq ardına vurur və nəticədə ölkə əhalisi keyfiyyətsiz məhsullardan istifadə etməyə məcbur olur.İqtisadiyyat Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələyə birbaşa nəzarət etməlidir.Ancaq görünən odur ki, bu qurumlar öz işlərinə səthi yanaşırlar. O zaman aidiyyati qurumların fəalliyyətinə və büdcədən maliyyələşməsinə nə ehtiyac var?

“Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə şərhində deyib ki, son zamanlar bazarlarda keyfiyyətsiz məhsulların həcmi artıb: “Bunun müxtəlif səbəbləri var. İlk növbədə dövlət dəstəyi çərçivəsində sahibkarların fəaliyyətinin yoxlanılması minimuma endirilib. Bundan istifadə edən sahibkarlar keyfiyyətsiz, standartlara cavab verməyən məhsulları satmaqda maraqlıdırlar.Ona görə ki, bu cür məhsulların maya dəyəri çox aşağı olur və bazarlarda çox ucuz qiymətə satışa çıxarılır.Onları əhalinin sağlamlığı maraqlandırmır.Dövlət orqanlarının bu məsələdə nəzarəti vacibdir.Bir müddət öncə İqtisadiyyat Nazirliyi və digər orqanlar bu məsələ ilə bağlı müəyyən yoxlamalar aparırdılar və xeyli yararsız məhsullar aşkarlanıb məhv edilirdi. Axır zamanlarda bu proses məlum qərarla əlaqədar olaraq dayandırılıb. Bu bir tərəfdən sahibkarlığın inkişafına müəyyən qədər dəstək versə də, digər tərəfdən bazarda təhlükəli məhsulların artmasına şərait yaradır.Burada mütləq şəkildə dövlətin ciddi nəzarəti olmalıdır.Yoxlamaların dayandırılması o deməkdir ki, sahibkarların fəaliyyətini əsassız yoxlamaq, rüşvət almaq və bu kimi digər amillər dayandırılıb.Ancaq məhsulların keyfiyyətinin yoxlanılması mütəmadi şəkildə aparılmalıdır və bazara standartlara cavab verməyən məhsul istehsal edən müəssisələr, fiziki, hüquqi şəxlər ciddi şəkildə cəzalandırılmalıdır.Çünki, həmin şəxslər insanlarının sağlamlığına ciddi zərbə vurur və milli genefondu zədələyir”.

Ekspert əlavə edib ki, bu gün bazarlarda təkcə istehsal deyil, həm də keyfiyyət standartlarına cavab verməyən idxal məhsullarına da rast gəlinir. Hətta Çinnən və digər ölkələrdən tamamilə yararsız məhsullar ölkəyə gətirilir: “Burada sahibkarların əsas məqsədi odur ki, malların maya dəyəri aşağı olsun və ucuz qiymətə satılsın. Alıcının da yeganə şərti budur ki, məhsulun qiyməti aşağı olsun. Bu gün Azərbaycanda istənilən malı ucuz qiymətə satmaq olar. Belə bir mühitdə “sahibkarlara” çox gözəl biznes imkanları yaranır.Təbii ki, burada bir məsələ gündəmə gəlir ki, aidiyyatı qurumlar buna nəzarət etmirsə nəyə lazımdır?Burada təzadlı məqamlar var. Dövlət qurumlarının səlahiyyətləri artırılanda onlar bundan istifadə edib, sahibkarlara süni əngəllər yaradır.Elə bir tənzimləyici mexanizm olmalıdır ki, sahibkarın işinə mane olmadan keyfiyyətə nəzarət olunsun.Müəssisələrə girmədən, satışdan məhsul götürülür və müasir loboratoriyada onun tərkibi yoxlanılır.Əgər bu məhsul saxta, zərərli, keyfiyyətsizdirsə, bu faktlar qarşısında həmin məhsulu istehsal edib bazara çıxaran şirkət, müəssisə, zavod ciddi şəkildə cəzalandırılmalıdır.Bu artıq əsassız yoxlama, sahibkarların işinə müdaxilə deyil”.

Elçin Bayramlı həmçinin vurğulayıb ki, qurumlar hansı müəssisədən rüşvət alırsa, onun məhsullarını tərifləyir: “Hər gün mətbuada qida zəhərlənmələrinə rast gəlirik. Bəhanə gətirirlər ki, evdə konservləşdirilmiş məhsullardan istifadə etdikləri üçün zəhərləniblər.Bunlar hamısı boş sözlərdir.Həmin məhsulların zərəri emal sənayesindən qaynaqlanır.Aidiyyatı orqanlar həmin müəssisələrin adını çəkə bilmədikləri üçün bunun adını qida zəhərlənməsi qoyurlar.Bu işlə məşğul olan dövlət qurumları, müstəqil təşkilatlar gedib birindən rüşvət alır və çıxıb mətbuatda onun istehsal etdiyi məhsulu tərifləyirlər.Kim rüşvət vermirsə, onu da pisləyirlər.Bu cür hallara son qoyulmalıdır.Yarı dövlət, yarı ictimai əsaslarla yeni bir təşkilat yaradılmalıdır.Bu çox ciddi məsələdir.Bazarda keyfiyyətsiz məhsulların satılması əhalinin gələcəyi üçün ciddi təhlükədir.Həkimlər dəfələrlə deyib ki, xəstəliklərin sayı artır, yaşı cavanlaşır.Bunların böyü əksəriyyəti bu cür qidalarınan bağlıdır.Yerdə qalan hissəsi isə digər ekoloji faktorlardan asılıdır”.

Vilayət Muxtar

Cebhe.info

 

10:50