“Məni Şuşada basdırmasaz, məzarıma bir xarı bülbül qoyarsız”

Şuşasız 28-ci ilimiz. Sözlərin deyil, əməllərin danışmalı olduğu bir zamandayıq, lakin yenə də bir xatirəni əziz oxucularla bölüşmək istərdim.

Ötən il məhəlləmizin Əsmər nənəsi vəfat etdi. Əsmər nənənin 82 yaşı var idi. Çox mərd, yaşına rəğmən çevik, iradəli və mehriban xanım idi. Öz nəvələri qədər bizim də yetişməyimizdə əməyi olmuşdu. Əsmər nənə Şuşa həsrəti ilə yaşayan şuşalılardan idi. Həyatının ən gözəl çağları Şuşada keçmişdi. Həmişə bizə Şuşadakı şəkillərini, evini, məhəlləsini göstərərdi. Şuşa dərdi ilə qocalmışdı, bir övladını da vətən yolunda qurban vermişdi.

Şuşa üçün yaşayıram deyərdi, yaşlı idi, tez-tez “canımı almırsa Allah deməli bədənimin vətən torpağına tapşırılması üçün yaşadır”- deyərdi. Olmadı, Əsmər nənə 2019-cu ilin dekabrında dünyasını dəyişdi. Yeni il öncəsi ağır xəstə idi. Nəvələri ilə yanına getdik. Vəsiyyət kimi bir neçə cümlə dedi:

“Oğul mən bu yataqdan daha çətin duram. Torpağımda basdırmasanız məni, Şuşasız ölsəm, barı o xarı bülbüldən tapıb məzarım üstə qoyarsız”.

Əsmər nənə Şuşa həsrəti ilə ölən yüzlərlə vətəndaşımızdan biri oldu. Kim bilir hələ nə qədər soydaşımız doğma yurd həsrəti ilə öləcək?!

Bütün bunlara rəğmən, bu ağır gündə, Şuşanın işğalının 28-ci il dönümündə “milli iradənin təcəssümü” olan parlamentdə Şuşanın necə işğaldan azad ediləcəyi yox, Şuşanın kimlərin xəyanəti ilə ermənilərin əlinə keçməsi müzakirə edilib. Siyavuş Novruzov və Cavid Osmanov AXCP-Müsavat cütlüyünü xəyanətdə ittiham edərkən, Sabir Rüstəmxanlı AXCP-Müsavat blokunu xəyanətdə ittiham etməyin doğru olmadığını, Şuşanın ermənilərə verilmədiyini, Şuşada yüzlərcə qəhrəman əsgərimizin şəhid olduğunu bildirib.

Baxmayaraq ki, bu gün Milli Məclisdə Şuşanın işğalında kimisə ittiham edib, xəyanətlə suçlamağın deyil, Şuşanın necə işğaldan azad ediləcəyini araşdırmağın zamanı idi. 28 ildir Şuşasız, Qarabağsız qalan bir dövlətin parlamentində hələ də Qarabağ komitəsi yaradılmayıb. Heç olmasa bu gün Qarabağ komitəsinin yaradılması məsələsi gündəmə gətirilməliydi. Lakin hələ də bəzi millət vəkilləri zamansız ittihamlarla siyasi divident arxasınca qaçır, onunla əks düşərgədən olan siyasətçiləri xalqın gözündən salmaq üçün fürsətdən istifadə edir. Lakin onlar anlamır ki, 28 il sonra kimin Şuşanı satması bu xalqa maraqlı deyil, xalqı maraqlandıran Şuşanı kimin azad edəcəyidir. Xalq 28 ildir o şəxsi axtarır.

Şuşanın işğalı günündə parlamentimizdə Azərbaycanın ərazi bütövlüyün təmini üçün yeni bir diplomatik formulun dilə gətirilməməsi, məclisdən müharibə çağırışlarının səslənməməsi tamamilə təbii haldır. Biz bunların olacağını hələ 2020-ci ilin 10 fevral tarixində, parlament seçkilərinin ilkin nəticələri elan edildikdən sonra “Qazisiz Məclis, Qarabağsız Azərbaycan” adlı məqaləmizdə vurğulamışdıq. Əfqanıstan prezidenti “Nəcibulla”dan yox, dahi lider Heydər Əliyevdən milli qəhrəman titulu alan, parlament seçkilərinə namizədlik irəli sürmüş Zabit Quliyev kimi dəyərli şəxsiyyətlər bu gün o məclisdə əyləşsəydi, biz ən azından Şuşanın azadlığı üçün bir ümid qığılcımından yazardıq…

Hazırda 28 il əvvəlki hadisələri müzakirə etməkdən başqa əllərindən bir iş gəlməyən millət vəkilləri gün gələcək Azərbaycanın uzun illər Şuşasız qalmasında təqsirkar bilinəcək, ittiham ediləcəklər.

Nicat İSMAYILOV / EDNews.net

13:44