Məmurlara “əcəl zəngi”: Cəzaların ilk siqnalı verildi

 

Azərbaycanda qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etməyə görə cərimə artırılır. Bu, Cinayət Məcəlləsinin 179-cu maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə görə, maddənin 2-ci hissəsində şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə sanksiyada “2000 manatdan 3000 manata qədər” cərimə “4000 manatdan 7000 manata” qədər cərimə ilə əvəzlənir. Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və müzakirəyə çıxarılacaq.

Məmurları nə gözləyir?

İcra hakimiyyətləri və ayrı-ayrı dövlət qurumlarında ciddi yoxlamaların başladığı, o cümlədən, bir sıra kateqoriyaya daxil olan aşağı rütbəli məmurların cəzalandırıldığı vaxt qanuna ediləcək bu dəyişiklik rüşvət və korrupsiya hallarına yol verən məmurlar üçün cəza metodu olduğuna şübhə yoxdur. Nəzərə alsaq ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin Nəqliyyat Nazirliyi ətrafında gedən proseslərdə külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi, həmçinin vəzifədən sui-istifadə faktları açıldı və bu, ölkənin ağır böhran içində olduğu vaxt kütləvi narazılıq yaratdı, bu baxımdan da hakimiyyətin korrupsiya ilə mübarizəni sərtləşdirməsini, yaxud baş ağrısına çevrilən şəxsləri sistemdən uzaqlaşdırmaq cəhdlərini başa düşmək asandır. Xatırladaq ki, Beynəlxalq Bankın həbsdə olan rəhbəri Cahangir Hacıyevin ayrı-ayrı şəxslərə dövlət vəsaitlərini mənimsəmələrinə vasitəçilik etməsi və “çirkli pulları yumaqda” istiqamət verməsi gərginliyi bir qədər də artırmışdı.

Hakimiyyətin yeni siyasi islahat taktikası

Total böhran və əhalinin sürətlə yoxsullaşması fonunda kəskin bahalaşma davam edir. Hökumətin üzləşdiyi ciddi maliyyə çatışmazlığı baxımından vəziyyətdən çıxış yolu siyasi islahatlardan keçir. Dünya bazarında qara günlərini yaşayan neft də artıq gəlir gətirmir. Hakim komandanın ümidlərini bağladığı nəhəng qaz layihələri hələlik pul qazandırmır. Digər yandan bu proyektlərin reallaşdırılması uzun zaman aparacaq. Qeyri-neft sektorunu bu tezliklə inkişaf etdirmək də müşkülata çevrilib. Çünki pul yoxdur və ölkənin üzləşdiyi fundamental problemlər xarici investorları Azərbaycandan qaçırır. Daxili investorların hamısı da siyasi sistemdə təmsil olunan məmur və oliqarxlardır ki, ölkənin üzləşdiyi problemlərin məsuliyyəti də onların üzərinə düşür. Hakimiyyət gərgin situasiyanı yumşaltmaq üçün iqtisadi sahələri əhatə edən bir sıra addımlar atdı, amma bu, çıxış yolu olmadı. Çünki srateji iqtisadi bölmələri öz monopoliyalarında saxlayan oliqarx məmurlar buna əngəllər törətdilər. Həmin oliqarxları və hakimiyyətin əsas gücünü əlində saxlayan klanları sistemdən kənarlaşdırmaq hakimiyyət üçün asan məsələ deyil.

Belə bir vəziyyətdə sistemdən dışlanmış oliqarxiya hakimiyyətin özü üçün baş ağrısına çevrilə bilər. Ən azı qisas almaq üçün keçmiş MTN-nin başçısı Eldar Mahmudov kimi şantaj vasitələrinə əl atacaqlarına şübhə yoxdur. Bu, siyasi islahat hakimiyyətin baş ideoloqları tərəfindən potensial burjua inqilabı deməkdir. Bu da o ehtimalı yaradır ki, hakimiyyət öz daxilindəki qüsurları aradan qaldırmaq işinə daha aşağı pillələrdən başlamaq qərarı verib. Bu baxımdan korrupsiyaya qarşı mübarizənin sərləşdirilməsini nəzərdə tutan layihəni ən azı əlində güclü maliyyə resursları olan yüksək rütbəli məmurlara xəbərdarlıq hesab oluna bilər.

Mənsur

Cebhe.info

22:18