Məmməd bəy Sultanov: Saracıqdan Sibirədək

Mənim Saracıq kəndinə məhəbbətim iki nəfərlə bağlıdır. Birincisi Zözə xanımla (Zöhrə xanım Muxtar bəy qızı Muradova), ikincisi Qara müəllimlə (Qara İsfəndiyar oğlu Yaqubovla). Hər ikisini tanıyanlar hələ də sağdırlar. Yalan danışmağıma izn verməzlər. Hər ikisinə də ulu yaradandan rəhmət diləyirəm. Qənimət adamıdılar. El adamıydılar.

Nəinki Saracıqdan, elə bizim Yağləvənddən Bakıya kim gəlirdisə, ilk öncə Zözə nənəni axtarırdı. Zözə nənə Qarabağın adlı-sanlı şairəsi Mirzə Fatma xanım Kəminənin nəvəsi idi. Atası Muxtar bəy Muradov “Difai” təşkilatının ünlü fədailərindən idi. Zaqafqazi (Qori) Müəllimlər Seminiyasının müəllimlərindən olmuşdu. O qapıdan kimsə naümid qayıtmazdı..

İkincisi Qara müəllim Füzuli rayonundan Bakıya yaşamağa, işləməyə gələnlərin pənah yeri idi. Hər kəsə əl tutar, yol göstərərdi. Yazımızın ünvanı Məmməd bəy Qara müəllimin babasıdır.

Məmməd bəy Qarabağda tanınmış sultanovlar soyuna bağlıdır. Bu soy başlanğıcını Həzrət Əli (ona salamlar olsun) əmirəlmömündən götürür. Bizim əlimizdə Məmməd bəydən başlamış həzrəti Adəm peyqəmbərə qədər çatan şəcərə var. Bu şəcərəni sadalamadan ən yaxın dövrdən başlayırıq.  

Məhəmmədyaqub bəy Mir Hüseyn əfəndi oğlu təxminən 1740-cı ildə Xırdapara-Dizaq mahalının Saracıq kəndində anadan olmuşdu.       Mədrəsə təhsili аlmışdı. Qarabağ xanlığının atlı alayında yüzbaşı kimi xidmət etmişdi.

         Məhəmmədyaqub bəyin törəmələri Sultanov, Yaqubov, Yaqublu soyadını daşıyırdılar.

           Məhəmmədyaqub bəyin Ağakişi bəy adlı oğlu vardı.

          Ağakişi bəy Məhəmmədyaqub bəy oğlu 1770-ci ildə Xırdapara-Dizaq mahalının Saracıq kəndində doğulmuşdu. Mədrəsə təhsili аlmışdı. Əvvəlcə İbrahimxəlil xana, sonra Mehdiqulu xana xidmət etmişdi.

         Ağakişi bəy Xeyrənsə xanımla (1773-1854) ailə qurmuşdu. İshaq bəy, Yaqub bəy, Məhəmməd bəy adlı oğlanları, Əcəb xanım, Şaban xanım, Şərəf xanəm, Mehri xanım, Fatma xanım adlı qızları vardı.

         İshaq bəy Ağakişi bəy oğlu 1816-cı ildə Xırdapara-Dizaq mahalının Saracıq kəndində dünyaya gəlmişdi. Mollaxanada oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

         İshaq bəyin Ağakişi bəy, Rüstəm bəy, Abbasqulu bəy adlı oğlanları vardı.

         II Ağakişi bəy İshaq bəy oğlu 1859-cu ildə Şuşа qəzаsının Vərəndə sаhəsinin Saracıq kəndində  dünyаyа  göz  аçmışdı.

         İshaq bəyin ikinci oğlu Rüstəm bəy 1861-ci ildə Şuşа qəzаsının Vərəndə sаhəsinin Saracıq kəndində anadan olmuşdu.

         İshaq bəyin üçüncü oğlu Abbasqulu bəy 1874-cü ildə Cəbrayıl qəzasının Saracıq kəndində anadan olmuşdu.

         Ağakişi bəyin ikinci oğlu Yaqub bəy 1826-cı ildə Xırdapara-Dizaq mahalının Saracıq kəndində anadan olmuşdu. Mollaxanada oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

         Yaqub bəyin Məmməd bəy, Allahverdi bəy, Yusif bəy, Cabbar bəy, Süleyman bəy adlı oğlanları vardı.

          Məmməd bəy Yaqub bəy oğlu Sultanov 1860-cı ildə Şuşа qəzаsının Vərəndə sаhəsinin Saracıq kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Şuşada rus-tatar məktəbində oxumuşdu.

         Məmməd bəy Sultanov 1903-cü ildə dövlətə müraciət edib, bildirir di, o, bəy zümrəsinə mənsubdur. Bəy komissiyasının sənədlərində də bəy kimi siyahıya düşmüşdür. Bunu andlı vəkil Ələkbər bəy Xasməmmədov da təsdiq edirdi. Məmməd bəy ərizəsində yazırdı ki, onun kənd ərazisində xeyli torpaq mülkiyyəti var. Bu torpaqların bəzisinin mərzi itib və qonşu torpaqlara qarışıb.

         Məmməd bəy Sultanovun məlumatına görə Saracıq kəndində torpaqları olan mülkədarlardan Hüsncahan xanım Hacı bəy qızı Mustafabəyova əslən Muğanlı tayfasındandır və Şuşa şəhərində olur. Digər iddiaçılardan Ağa bəy Ağaməhəmməd bəy oğlu Əhmədbəyov isə Əhmədbəyli kəndindəndir və Qarakollu kəndində yaşayır. Onun torpağı “Nərgizli yeri” adlanır. Başqa iddiaçı Məhəmməd bəy Mirzə Səfərəli bəy oğlu Məmmədbəyov əslən Xatunbulaqlıdır və Saracıqda mülkü yoxdur. Molla Feyzulla əfəndi Molla İsmayıl əfəndi oğlu Əfəndiyev kökünə görə Manaflar kəndindəndir və ora indi “Yuxarı Saracıq” adlanır.

          Məmməd bəy Sultanovun məlumatları əsasında öyrənirik ki, kənddə torpağı olan Mahmud Hacı Mustafa əfəndi oğlu Əfəndiyev əsili-nəsilli Saracıqlıdır. Onun bildirdiyinə görə sultan Həsən bəy Saracıq kəndinin yiyəsi və Xırdapara-Dizaq mahalının naibi idi. Hаcı Mirzə Zеynаl bəy Molla Hüseyn bəy oğlu Sultanovda kəndin bütün qədim sənədləri vardı. Onun məntiqinə görə, əgər mülkün adı “Ağa Mir cadası”dırsa, digər şəxslərə necə aid ola bilər? Seyid əsilli olan onları öz babalarıdır. (Məmməd bəy Sultanov kökcə Həzrət Əlinin böyük oğlu Həzrət Həsənə bağlı idi)

         Məmməd bəy Sultanov görə, Saracıqdakı “Şükürbəyli yeri” Bala bəy Şükür bəy oğlu Hümbətəlibəyovun varislərinə aiddir və onların yaşayış yeri Cəbrayıl qəzasının Şükürbəyli obasıdır.

         Məmməd bəy Sultanov Sovet hakimiyyəti qurulduqdan sonra Sibirə sürgün edilmişdir.

         Məmməd bəyin İsfəndiyar bəy adlı oğlu vardı.

         Bu ömürnamə bitmədi. Axtarışlarımız davam edir...

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

14:25