Məmməd Arazın Azərbaycan dünyası

Millətin, xalqın tərbiyəsində, onun kultivasiya olunmasında ədəbiyyatın və şairin rolu danılmazdır. Dünyada özünəməxsusluğu bənzərsizliyi ilə tanınan türk millətinin formalaşmasında nəhəng fikir adamı olan Ziya Göyapla bərabər Mehmet Akif Ərsoyun da rolu danılmazdır. Məmməd Araz poeziyası təsir gücü M.A.Ərsoyla müqayisə edilə bilən səviyyədədir. M.Araz poeziyası müdriklik timsalı, vətənpərvərlik nümunəsidir.

Məmməd Arazın şeir çələnginin hər gülü Azərbaycan boyda bir dünyadır. "Azərbaycan dünyam mənim" - deyən şair dünyaya məhz Azərbaycan dünyasından baxır. Onun poetik dünyasının sərhədləri də məhz şimallı-cənublu bütöv Azərbaycanı mənəvi aurası ilə çulğalaşır:

Azərbaycan - qayalarda
bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.

M.Araz yaradıcılığının əsas qayəsini Azərbaycan idealına sədaqət təşkil edir. O, bütün yaradıcılığı boyu öz idealına sadiq qalır.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər. -

söyləyən şairin vətənə olan sevgisi kor-koranə sevgi deyil. O, öz idealını sevməklə bərabər onun naqisliklərini poetik dillə sərt şəkildə tənqid etməkdən çəkinmir. Şairin bu cəhəti onun özünəməxsusluğunu şərtləndirən əsas amilə çevrilir. M.Araz millətin bütün naqisliklərini sərt şəkildə tənqid etməklə onun milli fəlakətinin səbəblərini göstərir. Xalqı naqisliklərdən xilas etməyə onu islah etməyə çalışır. Onun yaradıcılığının əsas leytmotivini də məhz bu cəhət təşkil edir. M.Araz xalqı sevərək tənqid etmənin bir örnəyidir. O xalqı sevərək ürək ağrısı ilə tənqid edir, ancaq heç vaxt xalqa yuxarıdan aşağı baxmır.

Məmməd Araz milli laqeyidliyə qarşı üsyan edir

Səs ver mənim səsimə sən:

Sənə gələn, səndən ötən nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?

Məmməd Araz yerliçiliyə qarşı üsyan edir
O zamanmı bitdi bizim dilimizin
"sənin", "mənim" qabarı da?
O zamanmı bitdi bizim dilimizin
"haralısan" damarı da?..

Məmməd Araz laqeydliyi milli fəlakətin bəlası hesab edir

Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına yaman dəydi,
Məndən ötdü!...
Məndən ötdü!..

Məmməd Araz şəxsi mənini milli mənindən uca tutanlara etraz edir
"Mən-mən" dedi bir ölkədə nə qədər xan.
Onlar "mən-mən" deyən yerdə
Sən olmadın, Azərbaycan!

Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi...

Məmməd Araz yaradıcılığının məhsuldar dövrü sovet dövrünü əhatə edir. M.Araz poetik fikrinin orijinallığı və özünəməxsusluğu yeknəsəkliyin hökm sürdüyü sosialist cəmiyyəti tərəfindən qəbul edilə bilməzdi və qəbul edilmədi də. M.Araz ədəbi mühiti silkələyən birinci şeiri xalq şairi Səməd Vurğunun altmış illik yubileyinə həsr etdiyi "Səməd Vurğunla söhbət" adlanır. S.Vurğuna xüsusi münasibət bəsləyən şair şeir rübabını dilləndirən, onu poyeziyaya gətirən S.Vurğun şeiriyyatına heyranlığını gizlətmir. M.Araz öz məqaləsində qeyd edir ki, o məhz S.Vurğunun "Yenə səni gördüm, Dilican dərəsi" şeirindən təsirlənərək poeziya aləminə gəlmişdir.

"Səməd Vurğunla söhbət" şeirindən sonra M.Araza qarşı təzyiqlər başladı. Nə idi bu şeirdə xoşa gəlməyən və o dövrlə səsləşməyən nəsnə. M.Araz bu şeirdə təkcə şairin şəxsiyyətinə hörmət və məhəbbəti ifadə etmir, eyni zamanda ədəbi mühitin bütün eybəcərliyini üzə çıxardır.

Diqqət etdin, əslində üzdə ədəbi mühitdə hər şeyin rəvan getdiyi fikri cəmiyyətə aşılandığı bir vaxta qəfildən məhz M.Araz poetik düşüncəsi ədəbi mühiti silkələyir, onun intriqaları və riyakarlığını üzə çıxarır. M.Araz böyük cəsarətlə bunu dilə gətirir.

Sənə məchul həqiqətdən sənə deyim:

Səndən sonra səni bir az silkələdik,

Çox aradıq, çox çevirdik, çox ələdik.

Böyüklərin faciəsi böyük olur.

Böyüklərin nöqsanları

Çiyinlərdən çətin enən bir yük olur.

Sağ olsaydın çox nidalı sətrini sən,

Çırpıb yerə, ayaqlardın.

M.Araz tənqid etmənin ən gözəl örnəyini yaradan şair adlandırsaq mübaliğəyə yol vermiş olmarıq. Bəli, M.Arazın sevərək, dəyərləndirərək tənqid etmə üslubu ədəbi tənqidə çox böyük tövhədir. M.Araz sevdiyi şairi tənqid edir, ancaq bu tənqiddə aşağılamaq xor görmək yoxdur. Amma xəbisləri qorxaqları isə onlara layiq şəkildə çox sərt formada tənqid edir.

Sən gəlmədin bu axşama, səsin gəldi,

Səsin əzəl qulağıma həzin gəldi,

Sonra bir az nəfəsinə qüvvət gəldi,

Çox xəbislər elə bildi Səməd gəldi:

Ön sırada titrədilər,

Ön sırada büdrədilər.

Bu şeirdən sonra "Qəribə mülahizələr" adlı məqalədə M.Araz ədəbi mühiti düzgün qiymətləndirməməkdə günahlandırıldı. Sonra M.Araza qarşı təzyiqlər, haqsızlıqlar davam etdi. M.Araz sərt şəkildə tənqid etdiyi xəbisliyin və laqeydliyin qurbanına çevrildi.

Məmməd Araz milli vətənpərvərlik poyeziyasının şah əsəridir. O vətəni sevməyin poetik ifadəsinin ən yüksək bədii inikasını təcəssüm edən şairdir. Məmməd Araz və Azərbaycan adlı məmləkətlə münasibəti doğma ata oğul münasibətinə çevrilir.

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

deyən şair vətənin oğlu olmağı şəxsi və ictimai həyatın zirvəsi hesab edir.

Şair haqqında yazı yazarkən onun tədqiqatçılarını da xatırlayırlar adətən. M.Araz poyeziyasının ən gözəl tədqiqatçısı onun həyat yoldaşı Gülxanım Fətəli qızıdır desək yanılmarıq. O, illərlə xəstəhal şairin fiziki və mənəvi cəhətdən qayğısını çəkməklə bərabər onun fikirlərini də oxumağı bacarıb. Şairin fiziki baxımdan ifadə edə bilmədiyi nitqini M.Araz təfəkküründən duymaqla Azərbaycan poeziyası qarşısında böyük bir missiyanı həyata keçirmişdir.

Məmməd Araz dünyası Azərbaycan dünyasıdır. Məmməd Arazı sevmək Azərbaycanı sevməkdir.

Səməd Vəkilov
Hüquqşünas, Hüquq mədəniyyəti jurnalının baş redaktoru
Xudaferin.eu

07:53