Məktəblilərin “Şeir çələngi”

 

Şeirlər insanı düşündürür, bizi-bizdən alıb xatirələr, gözəlliklər dünyasına aparır. Qəlbləri oxşayan şeirlərdə arzu, eşq, gələcəyə inam, ümid, milli varlıq, millət sevgisi, vətəndaşlıq duyğusu, el-oba məhəbbəti sözlərlə ifadə edilir, könülləri oxşayır.

Gəncə şəhər 22 saylı tam orta məktəbin 7a sinif şagirdləri şeirə, poeziyaya olan maraqlarını “Şeir çələngi” adlı musiqili, ədəbi-bədii gecə təşkil etməklə bildiriblər. Şagirdlər məktəbin akt zalını rəngarəng bahar ovqatlı bənövşə, nərgiz, yasəmən ətri ilə süstləyib, həzin musiqi sədaları altında anladıqları, duya bildikləri milli poeziyamızın gözəl nümunələrini qonaqlara təqdim ediblər. Bundan əlavə, şeir və digər bədii yaradıcılıq üzrə istedadı olan məktəblilərin yazdıqları bədii nümunələrin ayrıca almanax şəklində çap edilməsi kimi təkliflər də irəli sürülüb. Bildirilib ki, yeni nəslin yaradıcılıq imkanları və potensialını üzə çıxarmaqla, həm də onların istedadlarını inkişaf etdirmək üçün bu çox yaxşı vasitələrdən biridir. 

Hicran Məmmədova
Gəncə

06:21