Əməkdar artist Gülşən Ənnağıyeva Moskvada konsert verəcək

Fevralın 16-da tanınmış pianoçu, Əməkdar artisti, professor, Türkiyədə yaşayan həmyerlimiz Gülşən Ənnağıyeva P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış edəcək.

Xudaferin.eu xəbər verir ki, “İbarələr” (“Фразы”) adlanan musiqili axşamda Gülşən Ənnağıyeva tərəfindən Edison Denisov, Olivye Messian, Viktor Yekimovski, Nazim Mirişli, Yuri Vorontsov, Klod Debüssi və Fərəc Qarayevin əsərləri ifa ediləcək.

Qeyd edək ki, ötən il Mədəniyyət Nazirliyi və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rəhbərliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə konservatoriyada Azərbaycan musiqiçilərinin iştirakı ilə silsilə konsertlər təqdim olunub.

Belə ki, ötən il noyabrın 16-da konservatoriyada tanınmış pianoçu, Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın, dekabrın 17-də Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəridə Məmmədova və konsertmeyster Yuliya Kərimovanın iştirakları ilə konsertlər olub. Eyni zamanda, dekabrın 18-də dahi Azərbaycan bəstəkarı, Xalq artisti Qara Qarayevin 100 və Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 75 illiyinə həsr olunmuş yubiley gecələri keçirilib.

Xudaferin.eu

18:01