Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə yürüş keçirib

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları dekabrın 3-də Kiyevdə Ukrayna prezidenti Petro Poroşenkonun istefası tələbilə yürüş keçirib.

 

Yürüş iştirakçıları Kiyevdə Taras Şevçenko parkında toplaşandan sonra prezident administrasiyasının binasına doğru yürüşə başlayıblar. Yürüşçülərin önündə Saakaşvili özü gedib.

​Ukrayna bayraqları və "İmpiçment" şüarları qaldıran yürüşçülər ölkənin müxtəlif bölgələrindən gəldiklərini göstərmək üçün əllərində "Odessa", "Xarkov" və s. lövhəciklər də tutublar. Yürüşün təşkilatçıları bildirirlər ki, bu, dinc aksiyadır.
Saakaşvili öz tərəfdarlarını "təxribatlara uymamağa" çağırır. Hazırda şəhərin mərkəzinə doğru avtomobillərin hərəkəti dayandırılıb. Yürüşçüləri çoxlu sayda polis əməkdaşı, eləcə də Ukrayna Milli Qvardiyasının əsgərləri müşayiət edir. Hüquq-mühafizə orqanları yürüşdə 1,5 min nəfərin iştirak etdiyini bildirirlər.

Amerikaninsesi.org

 

16:26