Misir İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həllində ərəb ölkələrinin iştirak edəcəyinə ümid bəsləyir

Misir ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması ilə yaranmış vəziyyətin inkişafını maraqla izləyir və ərəb ölkələrinin bu problemin həllində iştirak edəcəyinə ümid bəsləyir. Bu barədə Misirin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda deyilir: “Misir Yaxın Şərq regionunun gələcəyi barədə hər bir dialoqda maraqlı olan ərəb tərəflərinin iştirakının vacibliyini təsdiq edir”.

Qahirə regional qüvvələri, ilk növbədə, İranı, ərəb ölkələrinin təhlükəsizliyini təhlükə altına qoya biləcək addımların atılmasına yol verməməyə çağırıb. “Misir hazırkı hadisələrin regionda silahlı münaqişəyə gətirib çıxarmayacağına və regionda təhlükəsizliyin qorunub saxlanılacağına ümid edir”, - deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. O, bununla bağlı keçirilən mətbuat konfransındakı çıxışında ölkəsinin İranla bağlanan nüvə sazişindən çıxdığını və yeni saziş üzərində müttəfiqləri ilə işləməyə hazır olduğunu deyib.

ABŞ Prezidenti ölkəsinin İrana qarşı tətbiq etdiyi və 2015-ci ildə qaldırılan sanksiyaların yenidən “ən yüksək səviyyədə” həyata keçiriləcəyini açıqlayıb.

14:54