Mirzə Xəzərin şərhləri: Diaspor Komitəsi ləğv olunur, yoxsa diaspora işi iflas edir?

Bu günlərdə Gürcüstanda Diaspor İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib, onun funksiyası isə Xarici İşlər Nazirliyinə həvalə edilib. Bəs Azərbaycanda diaspor üzrə dövlət komitəsi ləğv edilə bilərmi? Məsələnin müzakirəyə çıxarılması ona dəlalət edir ki, hakimiyyət Nazim İbrahimovun rəhbərlik etdiyi dövlkət komitəsini ləğv etmək niyyətindədir. Səbəb nədir? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, bu, Azərbaycandakı iqtisadi vəziyyətdən asılıdır. Elxan Şahinoğlunun nəzəriyyəsinə görə, hökumət islahatlar nəzərdə tutub, Azərbaycan postneft dövrünə qədəm basır və bu səbəbdən dövlət xərclərini sahmana salmaq lazımdır.

Maraqlı mülahizədir, amma real səbəblər mülahizənin xaricində qalıb. Əvvələn, kiçik bir komitənin ləğv etməklə dövlət xərclərini səliqəyə salmaq mümkün deyildir. Çünki, Azərbaycanın dövlət büdcəsini hakimiyyətin məmur ordusu talayır və bu talançılıq dayanmayınca, dövlət xərclərini „sahmana salmaq“ qeyri-mümkündür. Digər tərəfdən, ölkədə kütləvi korrupsiyanın mövcud olduğu bir şəraitdə hökumətin məhz kiçik bir diasport komitəsini ləğv edərək postneft dövrünə qədəm basması da ciddi fikir sayılmaz.

Bəs səbəb nədir? Bunun çox bəsit səbəbi ola bilər. 2008-ci ildə yaradılan diaspor komitəsi keçən 8 il ərzində xaricdə diaspor yarada bilməmişdir və hökumətin diaspor siyasəti İFLAS etmişdir. Diaspor komitəsinin ən uğurlu nailiyyəti xaricdə yaşayan azərbaycanlılar arasında nifaq salmaqdır ki, bu işi xarici işlər nazirliyi də görə bilər. Bunun üçün Nazim İbrahimova ehtiyac yoxdur.

Mirzə Xəzər

mirzexezer.com

02:11