Mirvari Qəhrəmanlı: “Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişindən 3250 mülkiyyətçi ziyan gördü”

 

“Hələ də cavabı alınmayan suallar var. Neft pullarından kimlər bəhrələndi, kimlər ziyan çəkdi? Torpaqları Oğuz-Qəbələ-Bakı su kəmərinin təsirinə məruz qalmış mülkiyyətçilər üçün verilməli olan vəsait hara xərclənib? Məhkəmələrə kimlər təzyiq edir?”

 

Bu sualları Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı “feysbuk” səhifəsindən ünvanlayıb. NHMT sədri bildirib ki, məhkəmələrə olan təzyiq nəticəsində 6 ildir ki, 3 nəfərin məhkəməsi davam edir: “2 nəfər Oğuz mülkiyyətçisinin isə 6 ildən sonra xeyirlərinə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenə də 11 aydır ki, icra olunmur”.
 

Qəbələ mülkiyyətçisi Soltanov Əli Xalid oğlu kompensasiyanı görmədən vəfat etdi
 

Qəhrəmanlı təəssüflə qeyd edib ki, torpağı “Azərsu” tərəfindən zəbt olunan Qəbələ mülkiyyətçisi Soltanov Əli Xalid oğlu isə mülkiyyət hüquq ilə ona məxsus olan torpağa görə kompensasiyanı görmədən vəfat etdi: “Belə ki, Qəbələ mülkiyyətçisi Soltanov Əli Xalid oğluna məxsus 36 sot torpaq sahəsi Bakı-Qəbələ -Oğuz su kəmərinin altına düşüb. Bu torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona 2006-cı ildən həmin torpaqlara görə kompensasiya ödənilməyib. 2006-cı ildə bu torpaqlara görə kompensasiyanın ödənilməsi ilə bağlı “Azərsu” ASC-yə müraciətlər etsə də, heç bir nəticəsi olmayıb. 2011-ci ildən isə məhkəmələrə müraciət edib. “Azərsu” ASC-nin hüquqi və ya qeyri-hüquqi manevrləri nəticəsində bu mülki iş 6 ilə yaxındır ki, məhkəmələrdə sürünür. Belə ki, bu müddətdə bu mülki işə Yasamal Rayon Məhkəməsində, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, Şəki İnzibati-İqtisadi Məhkəməsində və nəhayət, yenidən Yasamal Rayon Məhkəməsində baxılıb. Nəhayət, 2016-cı ilin oktyabr ayında Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Soltanov Əli Xalid oğluna “Azərsu” ASC-dən 43 000 manat pulun tutulması qərara alınıb. Hazırda “Azərsu” ASC-nin verdiyi apellyasiya şikayəti əsasında mülki iş Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır. 11 il ərzində şox çalışsa da, 2017-ci ilin fevral ayında Qəbələ mülkiyyətçisi Soltanov Əli Xalid oğlu mülkiyyət hüququ ilə ona məxsus olan torpaqlara görə kompensasiya ala bilmədən vəfat etdi. Məhkəmədə mülkiyyətçiyə hüquqi yardım NHMT tərəfindən göstərilir”.
 

Oğuz və Qəbələdə sualtı çaylar istiqamətini dəyişdi, bulaqların çoxu isə qurudu
 

Qəhrəmanlı xatırladıb ki, 2006-cı ildə Prezidentin sərəncamına əsasən, Oğuzdan Bakıya neft pulları hesabına su kəməri çəkilməyə başladı: “Bu kəmərdən Bakı əhli xeyir görsə də, həm 3250 mülkiyyətçi , həm də Oğuz və Qəbələ rayonlarının əhalisi ziyan gördü. Belə ki, artıq 10 ildir ki , kəmərin sifarişçisi olan “Azərsu” tərəfindən torpaqları kəmər altına düşən mülkiyyətçilərin əksəriyyətinə onlara dəymiş ziyana görə kompensasiya ödənilməyib. Kəmərin çəkilməsi ilə əlaqədar Oğuz və Qəbələ rayonlarında sualtı çaylar istiqamətini dəyişdi, bulaqların çoxu isə qurudu. Kəmər neft pulları hesabına reallaşdırılıb”.

Şamo
Hurriyyet.org

 

06:08