Minsk qrupunun həmsədrləri Ermənistanın yenidən sabitliyi pozmağa cəhd etməməsi üçün ciddi nəzarət həyata keçirməlidirlər

Prezident İlham Əliyevin çıxışı təkcə 44 günlük müharibənin deyil, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, Azərbaycanın qələbəsinin səbəbləri və nəticələri, torpaqların işğalına son qoyulması ilə regionda yeni şəraitin yaranması və mövcud vəziyyətdə qarşıda duran vəzifələrə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Prezidentin nitqində həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq, aydın və mövcud vəziyyətə adekvat mesajlar var idi.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. "Lakin bunların heç biri olmadı. Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi. Azərbaycan Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Artıq bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər, bax bu barədə düşünməlidirlər. Çünki status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə həmsədrlər yalnız regionda yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilərlər. Buna uyğun olaraq yeni fəaliyyət proqramı ortaya qoymalıdırlar. Bu yolla regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərlər. Amma fərdi olaraq ATƏT-in Minsk qrupunun üzv dövlətləri, xüsusilə də Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda ATƏT-in Minsk qrupu prosesində iştirak edən 11 dövlətin hamısı, o cümlədən Türkiyə də bu prosesdə yaxından iştirak etməlidir. Hər hansı diskriminasiya və ya prosesin siyasi inhisara alınması baş verməməlidir".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın yenidən sabitliyi pozmağa cəhd etməməsi üçün ciddi nəzarət həyata keçirməlidir: "Prezident İlham Əliyevin söylədiyi kimi, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, bu dəfə tamamilə darmadağın ediləcəklər. Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək".

Xudaferin.eu

14:10