Millimiz dörd illik fasilədən sonra DÇ-nin seçmə mərhələsində

Qadın həndbolçular arasında dünya çempionatının (DÇ) I seçmə mərhələsinin püşkü atılıb. 

Xudaferin.eu xəbər verir ki, Azərbaycan yığması dörd illik fasilədən sonra yarışa qatılıb.

Şotlandiyanın Qlazqo şəhərində baş tutan püşkatmada komandamız IV qrupda yer alıb. Rəqiblərimiz Türkiyə, Makedoniya və İslandiya həndbolçuları olacaq.

Reqlamentə əsasən, qrup qalibi “pley-off”da iştirak hüququ qazanacaq. I seçmə mərhələdən yüksələcək dörd yığmaya növbəti mərhələdə Xorvatiya, Çexiya, Danimarka, İspaniya, Almaniya, Macarıstan, Monteneqro, Hollandiya, Norveç, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveç və Avstriya milliləri qoşulacaq.

Ümumilikdə, DÇ-də Avropa qitəsinə 13 yer verilib. Fransa qitə çempionu (2017) kimi artıq final mərhələsindədir. “Köhnə qitə”dən birbaşa daha üç ölkə də onlara qoşulacaq. Bu, AÇ-2018-in “üçlüy”ü olacaq. Digər doqquz komanda isə “pley-off”ların yekununa əsasən bilinəcək.

Qeyd edək ki, DÇ-2019-un final mərhələsi gələn il Yaponiyanın Kumamoto şəhərində keçiriləcək. 24 ölkənin iştirakı ilə baş tutacaq həlledici mərhələ noyabrın 29-da start götürüb, dekabrın 15-də başa çatacaq.

Xudaferin.eu

13:20