Milli Məclisin iclası keçirilir

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək. 

Xudaferin.eu-nun xəbərinə görə, qanun layihəsi Azərbaycan Respublikasının 1996-ci il 17 may tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə uyğunlaşdırmaq və Milli Məclis haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsinə altı yeni dəyişikliyin edilməsi təklif olunur. 

Dəyişikliklərdə Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulur.  

Qeyd olunur ki, Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. 

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur.

Eləcə də, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi parlamentin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunur.

Xudaferin.eu

14:56