Milli fəallar yenidən məhkəməyə çağırıldılar

 

Güney Azərbaycanın Əhər şəhərində öncələr azadlığa buraxılmış azı 6 milli fəal yenidən məhkəməyə çağırılıblar. Belə ki, məhkəməyə dəvət olunanların hamısı Güney Azərbaycan Milli Hərəkatının fəalları sayılırlar. Onlar hələ 2014-cü ildə Dünya Ana Dili Günü və 2015-ci ilin noyabr ayında keçirilən kütləvi “anti-irqçilik” mitinqləri zamanı İran mollakratiya rejimi tərəfindən nəzarət altına alınmaqla yanaşı, həm də rejimin ən qəddar səza strukturu olan “Ettelat”a məxsus həbsxanada işgəncələrə məruz alqdıqdan sonra, uluslararası insan haqları təşkilatlarının basqıları sonucunda sərbəst buraxlmışdılar.

Güney Azərbaycan Milli Hərəkatının verdiyi bilgiyə görə, məhkəmə bir çox fəala yazılı çağırış göndərib. İndiki məqamda isə, Murtaza Məhəmməd, Saleh Abbas, Əlirza Çingiz, Süleyman Kamran, Beytullah Bərzgər və İsrafil Fətullazadənin adları daha çox hallanmaqdadır. Onlar öz hüquqlarını müdafiə etmək üçün, Novruz bayramından sonra məhkəməyə müraciət etməlidirlər.

2015-ci il noyabrın 9-da Güney Azərbaycan və digər bölgələrdə İran mollakratiya rejimi tərəfindən Türklərin haqlarının tanınmaması, onlara qarşı yürüdülən ayrıseçkilik siyasətinə etiraz əklaməti olaraq təşkil olunan kütləvi aksiyalar ardından Əhər şəhərində keçirilməsi planlaşdırılan etiraz aksiyası polis qüvvələrinin sərt müdaxiləsi və onlarla adamın həbsi ilə nəticələnmişdi. Kütləvi etirazlar Tehran mollakratiya rejiminin xüsusi nəzarətində olan televiziyada “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından baş qaldırmışdı. 2014-cü ilin fevral ayında isə Dünya Ana Dili Günü münasibəti ilə Əhərdə keçirilən bir mərasimə qatılan 100-ə yaxın milli fəal nəzarət altına alınmışdı. Hər iki olayda nəzarət altına alınan fəalların çoxu daha sonra yüksək məbləğli zəmanətlər qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. İndi məhkəməyə çağırılan fəalların bəzisi hər iki olayda həbs edilənlərin arasında olublar.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

12:10