Mikayıl Cabbarovun nazirliyindən yeni rüşvət tələsi

 

Kamran Əsədov: “Necə olur ki, dövlət proqramı ilə təhsil alanların diplomu tanınır, amma öz hesabı ilə gedənlərinki tanınmır?”

 

Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb.Siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləri durur ki, burada 71 ali təhsil müəssisəsinin adı yer alıb. İlk üçlüyü isə Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır.Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.

10 min tələbə xaricdə formal təhsil alır...

 

Maraqlıdır, siyahıda adları olmayan universitetlərin aqibəti bəs necə olacaq? Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, istər Azərbaycan, istərsə də digər ölkələr tərəfindən olsun hansısa ölkənin sənədinin tanınıb-tanınmaması ilə bağlı siyahı tərtib edilə bilməz: “İstənilən dövlətlərlə müqaviləmiz varsa, qeyd-şərtsiz onun bütün sənədləri, təhsil sənədləri də daxil olmaqla hamısı tanınır. Bir şərtlə ki, həmin o universitet mənsub olduğu ölkə tərəfindən tanınsın.Burada bir məsələ var. Siyahıda hansı ölkələr qeyd olunub, mən deyim.Elə universitetlər var ki, dünya reytinqində var, amma siyahıda yoxdur.Azərbaycan dövləti birmənalı şəkildə bəyan edir ki, dünya reytinqi içərisində olan universitetlər qeyd-şərtsiz olaraq tanınır. Bir şərtlə... Yəni, orada təhsil alan şəxslər mövcud qanunvericiliyin tələblərini qorumalıdır. Yəni, qiyabi təhsil alırsa, semestr ərzində minimum həmin ölkə ərazisində 15 gün olmalıdır.Fərqi yoxdur, 15 gün ərzində istirahət edir və yaxud oxuyur.Bu qanunvericiliyin tələbidir. Beynəlxalq aləm, hüquqda və təhsil qanunvericiliyində sənədlərin tanınması üçün yeganə bir prosedur var. Həmin şəxsin sənəd təqdim etdiyi universitetə sorğu göndərirlər ki, “bu diplomu siz vermisiz?”, o da deyir ki, “bəli, mən vermişəm”.

Burada həmin ixtisas üzrə şəxsin yalnız bilik və bacarıqları yoxlanılmalıdır.Əsas meyarı ikinci dərəcəyə salmışıq.Bizə bunun sərhədi keçib keçməməyi lazımdır. Razıyam ki, bu gün Azərbaycanda 10 mindən çox adam var ki, Ukraynada, Gürcüstanda, Rusiyada adını yazdırır və 4 ildən sonra gedib diplomunu götürür. Sonra da aidiyyatı qurumların qapısında yatır ki, ona iş versinlər. Bu da danılmazdır.Hətta elə olub ki, poçt vasitəsilə diplom alıblar.Bu daha çox tibb və hüquq ixtisaslarında olub”.
 

“Təhsil əlçatan olmalıdır”

 

Ekspertin fikrincə, bu gün ən ciddi problem dünya reytinqində olan universitetlərin diplomunun Azərbaycanda tanınmamasıdır: “Tutaq ki, Almaniya və İngiltərənin elə universitetləri var ki, tələbələrimizin diplomlarının ölkəmizdə tanınması ilə bağlı problemlər ortaya çıxır. Bu düzgün deyil.Çünki onların bir sorğusu yetərlidir ki, sənədi tanınsın.2016-cı ildə 1500-dən, 2017-ci ildə isə 900-dən çox şəxsin diplomları tanınmayıb.Amma bu məsələdə bəzən qeyri-peşəkarlıq da özünü göstərir. Qanunvericilikdə göstərilir ki, müraciətlərə iki ay müddətində cavab verilməlidir. Amma müşahidələr göstərir ki, 5-6 hətta 1 il müraciət edənlər var ki, onlara cavab verilməyib. Məsələn, Türkiyədə hansı ölkədə təhsil almağın heç bir fərqi yoxdur.Hətta bu ölkə dünya reytinqində də olmaya bilər.Sadəcə, bitirdiyi ixtisas üzrə şəxs imtahan edilir.Fərqi yoxdur ki, bu diplom saxta və ya qanuni yollarla alınıb.Bilik və bacarıqlar əsas götürülür.Hesab edirəm ki, təhsilin əlçatanlığına görə obyektiv əsaslarla imtahan keçirilsə və ixtisası üzrə həmin şəxslərə 100 sual təqdim olunsa, nəticələr o zaman məlum olacaq. Oxuyubsa, bu imtahandan keçəcək, oxumayıbsa, əksinə…

Hər hansı bir siyahının müəyyən edilməsi ilk növbədə 2001-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qanunvericilik və Təhsil İnkişafı Dövlət Strategiyasinin tələblərinə ziddir.Çünki orada göstərilib ki, təhsil əlçatan olmalıdır.Bu gün məhkəmələrə nəzər salanda, 10 məhkəmə işindən 6-7-si məhz diplomlarla, universitetlərin şikayətləri ilə bağlıdır.Bu yaxşı hal deyil.Təhsil alanın işi məhkəməlik olmamalıdır.Bu inamsızlıq yaradır.Necə olur ki, bir azərbaycanlı həmin ölkənin universitetində dövlət proqramı ilə təhsil alır və onun diplomu tanınır.Amma öz hesabı ilə gedib təhsil alır, onun diplomu tanınmır.Bu tipli ikili yanaşma təəssüflər olsun ki, Azərbaycanda mövcuddur”.

Avropa Məhkəməsində tanınmayan diplomların aqibəti...

 

Kamran Əsədov diploma tanınmayan tələbələrin aqibətindən də danışıb. O deyib ki, ilk olaraq sərhəd keçid məntəqələri ilə bağlı imtinalardır: “İkinci isə həmin ixtisasın Azərbaycanda ekvivalentinin olmamasıdır. Məsələn, elə ixtisaslar var ki, ona qarşılıq vermirlər.Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsində o qədər potensial yoxdur.Yəni, eyni ekspert qrupu hər kəsin bilik və bacarıqlarını müəyyən edə bilməz.Bəzən də müşahidə mərhələsində iddiaçılara verilən sualllara cavab verməməkdən imtinaya səbəb olur.Bu gün diplomu tanınmayan şəxslər məhkəməyə müraciət edirlər.Orada isə mərhələ-mərhələ qalxan bütün məhkəmələrdə də imtina məsələsi önə gətirilir.Məndə olan məlumata görə 2016-cı ildə diplomla bağlı Avropa Məhkəməsinə 150-dən çox müraciət daxil olub.Onların bir çoxundan Təhsil Nazirliyi məhz obyektivliyinə görə imtina etmişdi. Hazırda Türkiyədə 15 min, Rusiya-Ukrayna, Gürcüstan, Dərbənd və Dağıstanda 24 min, ümumilikdə Avropa, MDB, Almaniya da daxil olmaqla 40 mindən çox azərbaycanlı öz vəsaiti hesabına xaricdə təhsil alır. Onların hər biri xaricə buradan ən azı 1000 manat pul göndərirsə, bu ölkə büdcəsinə də ziyandır.Qəbul ballarını aşağı salıb, onları ölkəmizdə oxumağa cəlb etmək lazımdır.Bu tələbələr keyflərindən gedib xaricdə oxumurlar ki?Bu həm maddi, həm də beyin axınıdır.Xaricdə oxumağa gedənlərin 80 faizi oğlanlardır.Onları Azərbaycana gətirməliyik. Amma Azərbaycana xaricdən gəlib oxuyanların sayı 2 min nəfərdir.Onlar da ancaq Türkiyə, İran, yəni, gəlir gətirməyən ölkələrdəndir.Məsələn, Sinqapur şəhəri Bakının yarısı qədərdir.Onların xaricdən gəlib oxuyan tələbələrinin sayı 80 min nəfərdir.Hərəsi gündə 10 dollar xərcləsə, görün, ölkə büdcəsinə nə qədər gəlir daxil olur.Azərbaycanda isə neft və digər gəlirlər aşağı düşüb.Ona görə də xaricdən tələbələr cəlb etməliyik.Yaxud da gedən tələbələri ölkəyə qaytarmalıyıq.Qanunvericliyin tələblərinə görə onlar hərbi xidmətdən azaddırlar.Bu necə olur? Hərbi xidmətdən azad olunanda universitetin sənədi tanınır, amma 4 ildən sonra ali təhsil müəssisəsinin diplomu tanınmır. Çünki tələbələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə oxuduqları universitetdən arayış gətirirlər ki, həqiqətən də təhsil alırlar.Dövlət Xidməti həmin sənədi tanıyıb, şəxsi hərbi xidmətdən azad edir. Bəs 4 il bu vətəndaşa niyə əziyyət verilir? Təhsil idarəetməsində boşluqlar var. Həqiqi təhsil mütəxəssislərini bu idarəetmələrə cəlb etmək lazımdır. Onsuz da Azərbaycanda ali təhsil alanların sayı kifayət qədər aşağıdır”.

Alçina Amilqızı

Cebhe.info

 

09:28