Məhsa Mehdili: “Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq”

 

Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsindən 189 il ötür. Aradan bu qədər il keçməsinə rəğmən, bu bölünmənin mənəvi ağrısı hələ də Arazın o tayında da, bu tayında da hiss olunur. Güneylilərin Azərbaycan sevdası, Türk dili düşüncəsi uğrunda, sözün əsl mənasında, apardıqları savaş, milli-mənəvi mübarizə quzeylilərin birləşmək eşqini gücləndirir.

Bu mədəni savaşın üzvlərindən biri də elə bütün bunlara görə apardığı mübarizə yolunda Güney Azərbaycandan didərgin düşüb, Türkiyədə mühacir həyatı yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri də Məhsa Mehdilidir. O, bu gün də o taylı, bu taylı Azərbaycanın, azərbaycanlıların birləşmək, bütün olmaq eşqi ilə yaşayır və bu yolda mübarizəsini davam etdirir. Məhsa Mehdili və mübarizə dostlarının milli şüuru bu yola işıq salır.

Xeber365.com olaraq torpaqlarımızı parçalayan Türkmənçay müaviləsinə münasibətin laqeydləşdiyi, tariximizin ən önəmli səhifəsinin unudulmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dönəmdə onunla söhbətləşdik.

Məhsa Mehdili deyir ki, Türkmənçay” müqavilə olaraq qiymətləndirilməsini və adlandırılmasını doğru hesab etmir: “Çünki bu sözdə anlaşma Azərbaycan xalqının fikrinin və iradəsinin xaricində olub. Bu parçalanmadan sonra Azərbaycan torpaqlarında fərqli planlar qurulub və həyata keçirilib. Ölkənin demokratik əsasları dəyişdirilib. Bunun nəticəsində gücümüzü itirmişik, torpaqlarımızı əldən vermişik. Təəssüf ki, bu bölünmə sonralar daha geniş vüsət almağa başlayıb. Bu parçalanmanın nəticələri daha çox torpaq itirməyimizə səbəb olub. İnsanlarımız köçkün düşüb. “Türkmənçay”ın ardınca da həm torpaqlarımızı qəsb etdilər, həm də milli şüurumuzu və birləşmə istəyimizi və iradəmizi qırmağa çalışdılar. Fiziki işğaldan sonra mənəvi işğala başladılar. Bununla da həm maddi, həm də mənəvi qaynaqlarımızı taladılar.

Elə bu gün də həmin bölünmənin təsiri altında həm maddi, həm də mənəvi cəhətdən daha böyük işğalla üz-üzəyik. Ancaq önəmli olan budur ki, 189 ildən sonra da güneyli və quzeylilər, hamımız bilirik ki, mənəvi olaraq bir bütövlüyə ehtiyacımız var. Hələ də o parçalanmanı unutmamışıq, onu ortaq bir yara, dərd olaraq görürük və eynilə birləşməyi də ortaq bir ümid olaraq görürük”.

Onun sözlərinə görə, bu gün hər şeydən önəmli olan birləşmək ümidini, iradəsini itirməməkdir: “Biz həm də xalq, millət olaraq çıxarlarımız üçün birləşməli, birgə hərəkət etməliyik. Güclü olmaq üçün bu birliyə ehtiyacımız var. Bizim milləti təmsil etməyən işğalçı rejimin bizim torpaqlarımızı bölməsi və milli şüurumuza təsir etmək, bizi ayırmaq istəyi bizim birləşmək ümidimizi öldürməsin. Biz bu iradəni itirməsək, torpaqlarımızın talan edilməsinə izn vermərik, həm də bölgədə bir güc nöqtəsinə çevrilə bilərik. Texnoloiyanın inkişafı sayəsində sərhədlər artıq mənasız hala gəlib. Biz də bundan tarixi fürsət kimi istifadə edib bütöv bir gücə çevrilməyə nail olmalıyıq. Ancaq bunun nəticəsində maddi və mənəvi qaynaqlarımızı bərpa edə bilərik. Mən çox sevinirəm ki, quzeyli və güneyli olaraq bu məsələdən danışırıq. İstəyirəm ki, nə qədər zaman keçsə də, biz bu parçalanmanı qəbul etməyək, ona alışmayaq, adət etməyək. Bölünməni bir tale kimi qəbul edib yaşamayaq. Vətənimiz və xalqımız üçün bunu bacaraq.

Quzey Azərbaycan müstəqil olsa da, unutmayaq ki, Güney Azərbaycan hələ də işğal altındadır. Bu mənada Quzey aydınlarının, vətənpərvərlilərin mənəvi dəstəyinə tarixi bir ehtiyac var. Bütöv Azərbaycan naminə bu dəstəyi əsirgəməsinlər”.

 

Xeber365.com

 

08:58