Məhsa Mehdili: “Azərbaycanın milli intibahı bu gün yaranır”

Məhsa Mehdili Güney Azərbaycan aydınlarının çağdaş nəslinin nümayəndələrindən biri sayılır. Bu xanım əfəndi Güney Azərbaycanın bu günü və gələcəyi üçün ən böyük təhlükələrdən biri sayılan Urmu Gölünün qurudulmasına qarşı illər öncə aparılan etiraz aksiyalarının liderlərindən biri olduğu üçün hətta həbsxanalara atıldı. İlk dəfə dünya azərbaycanlıları bir araya gələrək onun həbsdən azad edilməsi hərəkatını yaratdılar. Beləliklə də rejim onu həbsdən azad etdi. Güney Azərbaycandakı adətlərə görə bəy nişan günü qızın könlündən keçəni soruşmalıdır. Məhsa xanım da sevgilisindən nə var dövlət, nə də başqa bir şey istəmədi. Sevgilisindən bir ovuc Qarabağdan Şuşa torpağı və Azərbaycanın milli bayrağını gətirməsini istəmişdi. Rejim isə onu bu sözlərinə görə həbs etdi. Hal-hazırda Ankarada yaşayan Məhsa xanım Azərbaycan Dünyası adına elmi-ədəbi araşdırmalar aparır.

–Məhsa xanım Türkiyəyə köç etməyinizin səbəbi nədir?

–Bu gün bizlər tarxidə buraxılan yalnışlıqları və anlaşılmazlıqları aradan qaldırmaq üçün çalışırıq. Səfəvi-Osmanlı, Əfşarlar-Osmanlı, Qacarlar-Osmanlı münasibətlərində hər iki tərəfin çox yalnışlıqları olub. Təəssüflər olsun ki, bütün bunları aradan qaldırmaq üçün heç bir addımlar atılmır. Bir yandan da türk xalqlarına qarşı tarixi baxımdan ədaləsiz siyasi münasibətlərə dayanıqlı elmi konsepsiyanı indinin özündə belə, davam etdirmək istəyən dövlətlər vardır. Özəlliklə də İrandakı rejim, Rusiya və bütün Avropa özlərinin akademik elmi baxışlarını davam etdirirlər. Quzey Azərbaycanın tarixi torpaqlarına qarşı nə kimi iddialar sərgilənirsə, Güney Azərbaycana olan münasibət də elə həmin durumu xatırladır. Avropa elmində yalnış olaraq bildirilir ki, Güney Azərbaycanın tarixi baxımdan sahibləri aysorlar, kürdlər və atəşpərəst fars zərdüştilərdir. Biz diqqətlə müşahidə edirik ki, elə Quzey Azərbaycanın tarixi ərazilərinə “Caucasus Albaniya”, yəni “Ləzgistan” kimi yanaşılır. Ona görə də Türkiyədə yaşayan və əslən Güney Azərbaycandan olan elm və sənət adamları olaraq, bütün uydurma sterotipləri aradan qaldırmağa çalışırıq. Davamlı elmi konfranslara qatılırıq. Çünki, Güney Azərbaycanın, eləcə də Quzey Azərbaycanın gerçəklərini dünya birliyi dinləmək fikrində deyil. Əksər dövlətləri təbii resursları zəngin olan ölkələr ilgiləndirir. Bütün maraqlarını da elə bu hədəflər üzərində qurublar.

–Bəs Türkiyədəki fəaliyyətinizdən razısınızmı?

–Bu gün hakimiyyətdə olan AKP-nin və onun siyasətindən çox narazıyıq. Ona görə ki, bu qardaş ölkədə ərəb dövlətlərindən gələn bütün insanlara normal şəkildə yaşamaq imkanları yaradılsa da, biz Azərbaycan Türklərinə olan münasibət və ilgi çox soyuqdur. Çünki, AKP və ona dəstək verən aşırı dinçi çevrələr din pərdəsi altında “keçmişin ərəb düşüncə və mədəni düzəni” xəstəliyinə mübtəla olublar. Özəlliklə də toplumun savadsız kəsimi bu aşırı əşirətçi dinçilərin ardınca gedir. Biz Güney Azərbaycan türkü olaraq aşırı dini baxışlar, onun içində yer alan təriqət və məzhəblərin nə demək olduğunu çox yaxşı bilirik. Din pərdəsi altında millətin qafasının necə yuyulması və özgələşməsi faciəsinin acılarını yaşamış bir insan kimi gerçək türk düşüncə sistemini anlatmağa çalışırıq. Bu məqsədlə də böyük öndər Mustafa Kamalın əsərlərini oxumalarını tövsiyə edirik. Dini baxışlarla Mustafa Kamal Atatürkü inkar etmək əslində türk kimliyimizə qarşı çıxmaqdır. Biz əslən Güney Azərbaycandan olan soydaşlar “Qızıl Üzən Cəmiyyəti”ni yaradaraq gərəkən işimizi görürük. Demək olar ki, cəmiyyətimizin Türkiyənin bütün iri şəhərlərində təmsilçilikləri vardır. Güney Azərbaycanın dərdlərini və strateji önəmini insanlara izah etməyə çalışırıq. Törənlərimizə qatılanlar artıq Güney Azərbaycan gerçəkliklərini dərk etməyə başlamışlar.

–Quzey Azərbaycanla bağlı hər hansı bir çalışmalarınız varmı?

–Bunsuz mümkün deyil. Ona görə ki, Quzey Azərbaycanda inkişaf etmiş vahid ədəbi dil mövcuddur. Və bizlər ana dilində yazıb oxumağı məhz Bakı, Gəncə, Naxçıvanda dərc olunan dilçilik kitablarından öyrənirik. ədəbiyyat və mədəniyyət tariximizlə ilgili əsərləri Bakıdakı dostlarımız göndərirlər. Azərbaycandakı yerli televiziya kanallarının maraqlı olan proqramlarını izləyirik. Türkiyənin istənilən şəhərində Quzey Azərbaycana dəstək mənasında hansı aksiyalar keçirilirsə, bizlər hər zaman oradayıq. Quzey Azərbaycanla bağlı mühüm xəbərləri alman, ingilis, fransız və başqa dillərə çevirərək Kanadandan tutmuş Avstraliyaya qədər soydaşlarımız arasında yayırıq ki, onlar da yerli mətbuata bunları çatdırsınlar. Bu fəaliyyətlərimizə görə isə kimsədən bir quruş almırıq. Özümüzü də reklam etməyi sevmirik.

–Türkiyənin yerli mətbuatı Azərbaycan həqiqətlərini necə işıqlandırır?

–Demək olar ki, bu sahədə çox böyük boşluqlar var. Dövlətin özü bu məsələdə aktiv deyil.  Çünki, Türkiyə və Azərbaycan mətbuatı iç-içə fəaliyyət göstərmirlər. Faktiki olaraq Güney Azərbaycan məsələsində Türkiyə mətbuatı dünyanın sonuncu yerində durur. Nadir hallarda Güney Azərbaycandakı problemlər və ya etiraz aksiyaları işıqlandırılır. Bu məsələni yoluna qoymaq üçün, bizlər çalışırq ki, sterotipləri aradan qaldıraq. Buna görə də, müxtəlif siyasi partiyalar və ictimai qurumlarla, eləcə də yerli KİV-lərlə əlaqələr qurmağa çalışırıq. Biz Azərbaycan davasına göz yuman türk mətbuatına açıq şəkildə bildiririk ki, necə olur Fələstin və Mianmar üçün toplumu ayağa qaldırmağı bacarısınız, ancaq, Azərbaycan məsələsində daim susqunluq nümayiş etdirirsiniz? Halbuki, türk insanı tarix boyu ən çox zərbəni və zərəri məhz ərəblərdən alıb. Ötən ilin 15 noyabr tarixində Güney Azərbaycanın Təbriz, Urmu, Sulduz, Xoy, Qoşaçay, Soyuqbulaq, Meşkin, Mərənd, Zəngan, Muğan, Marağa, Ərdəbil və başqa şəhərlərində Tehrandakı yerli televiziya kanallarından birində türk kimliyi məsxərəyə qoyulanda möhtşəm etiraz hərəkatları yaşanıldı. Bütün bunlar min dəfələrlərlə təəssüflər olsun ki, Türkiyənin KİV-lərində işıqlandırılmadı. Bizlər bütün TV kanallara, dərgilərə və qəzetlərə aksiyalarla ilgili fotolar, video süjetlər təqdim etsək də, kimsə bunları yayınlamadı. “Biz Azeri deyiliz, biz Türküz” aksiyalarını keçirdik ki, bəlkə Türkiyə cəmiyyəti oyana.

–Bəs bunun suçu kimdədir?

–Bütün bunların tək suçu Türkiyədəki təhsil sistemindədir. Orta və ali məktəblərin tədris kitabları tamamilə yalnış yazılıb. Ona görə də Türkiyədə Türk Dünyası adına ictimai düşüncə zəifdir. Türk Dünyasının həqiqətləri yox dərəcəsindədir. Elə Azərbaycanda dərc olunan tədris vəsaitlərində Türk Dünyası anlayışı epizodik xarakter daşıyır. Bütün bunlar Türk Dünyasının inteqrasiyasına qarşı saplanmış bıçaq deməkdir.

–Hər dəfə sizinlə söhbət etdikdə ancaq problemlərdən danışırsınız.

–Bizlər mövcud sorunları daim dartışmalıyıq ki, onların həllinə doğru gedə bilək.

–Siz həm də şairsiniz. Son zamanlar şeirləriniz mətbuatda çox az işıqlandırılır.

–Bütün gücümü etnososial və etnomədəni problemlərin araşdırılmasına həsr etmişəm. Bir çox həqiqətlər araşdırılmalı və həlli yolları cəmiyyətlə birlikdə ortaya qoyulmalıdır. Bunu kimsə bizlər üçün etməyəcək. İndi Güney Azərbaycanda milli ədəbiyyat çox yüksək səviyyədə inkişaf etməkdədir. Özəlliklə də dilin saflığı və dolğun məzmunda olması kimi faktlara üstünlük verilir. Artıq nərsdə yazan çoxlu yazıçılarımız var. Öncələr sadəcə poeziyaya üstünlük verilərdi.

–Bəs Quzey Azərbaycandakı ədəbi prosesi necə, izləyə bilirsinizmi?

–Əlbəttdə izləyirəm. Yaşlı nəsli təmsil edənlərdən daha çox Seyran Səxavəti, Ramiz Rövşəni oxuyuram. Ən çox izlədiyim isə yeni nəsildir. Çünki, onların şeirlərində və hekayələrində zamanın ritmi çox güclüdür. Sadəcə Azərbaycan ədəbi düşüncəsinə qapılıb qalmırlar. Çox təəssüflər olsun ki, çağdaş Azərbaycan kinosu və dramaturgiyası bərbad haldadır. İndiki dönəmdə daha çox bu iki sahənin sayəsində ədəbi zövlər irəli gedir. Çünki, kino və teatr ədəbi baxımdan birbaşa tamaşaçı ilə canlı təmasda olan tək sahədir. Vətənimizin hər iki tayındakı ədəbi və mədəni proseslərdə çox maraqlı inkişaf yolunu görürəm. Bu, XXI yüzil Azərbaycan milli intibahına gedilən yoldur. İlk dəfədir ki, bizlər çəkinmədən vahid Azərbaycan ədəbiyyatı və mədəniyyəti məsələsini birlikdə irəli sürürük. Harada yaşamağımızdan asılı olmayaraq, bu dəyərlər hər birimiz üçün qutsal bir dəyərə çevrilib.

–Siz həm də “GünAzTv” kanalının şərhçilərindən birisiniz.

–Əlbəttdə. Dünyada yeganə olan ümum Azərbaycan TV kanalında çıxışlar etməyimin səbəbi də budur. Etnososial və etnomədəni mövzularda gəldiyim elmi qənaətləri canlı efirdən istifadə edərək milyonlarla tamaşaçı ilə dərdləşirəm. Düşüncələrimi paylaşıram. Digər çıxışçılardan da çox şeyləri öyrənirəm.

–Dünya Azərbaycanlılarının Bakıda Qurultayı keçirildi və siz dəvət edilmədiniz. Buna görə bir incikliyiniz olmadı ki?

–Bir çox əqidə dostlarımız belə tədbirlərə dəvət almadıqlarına görə çox üzüldülər. Bunu etiraf etməliyik. Yalnış addımlar və səhvlər hər yerdə olur. Bu qurultayı izlədim və bir qədər də kövrəldim. Ona görə ki, dünyanın hər yerindən gələn soydaşlarımız vahid bir bayrağın altında duraraq milli himnimizi oxuyurdular. Belə bir məqam çox qürurverici bir olaydır. Şəxsən mən özüm heç bir zaman tribuna üçün və gərəksiz “lider xəstəliyi” kimi mənasız şeylərə can atmıram. Vətən sağ olsun deyirəm. Çox istərdim ki, Bakıdakı yerli TV kanallar Güney Azərbaycanla ilgili xəbərlərə yer versinlər. Dəsrliklərdə tarixi vahid Azərbaycan ədəbiyyatı necə tədris olunursa, çağdaş ədəbi və mədəni proseslə bağlı mövzular yer alsın. Azərbaycan Milli Elmlər Akademiyasının Güney Azərbaycan tarixi və ədəbiyyatı bölümləri var və orada çalışan fədakar alimlərin tədqiqatlarından faydanılsa çox yaxşı olardı. Qurultayda bu məsələlər gündəmə gətirilməliydi. Bütov Azərbaycan mədəniyyəti konsepsiyası irəli sürülməliydi.

–Ankara Bakldan heç də uzaq deyil. Uçaqla bir-iki saatlıq yoldur.

–Başa düşdüm sizi. Bakı üçün burnumun ucu göynəyir. Özəlliklə də Gəncəni və Şəkini görmək istəyirəm. Nizami Gəncəvi və Mirzə Fətəli Axundzadənin doğulduqları yerlərin havasını udmaq, ruhunu duymaq isəyirəm. Bu iki dahi Azərbaycanın ən möhtəşəm sərvətidir. Hər şey onların dahiliyi üzərində qurulub. Biri klassik düşüncə tərzimizin və digəri isə modern dünya baxışlarımızın simvoludurlar. Əslində kürəsəl, yəni qlobalizm deyilən anlamlar bu iki dahinin yaradıcılığının fundamenti sayılır.

–Yəqin Güney Azərbaycana olan yolunuz hələ də bağlıdır.

–Mən özümü Türkiyədə lap doğma evimdəki kimi hiss edirəm. Faktiki olaraq, Türkiyə və Güney Azərbaycan bir-birinə çox bənzəyir. Özəlliklə kəndlər və qəsəbələrdə bunu daha yaxşı hiss etmək mümkündür. Biz Ankarada Güney və Quzey Azərbaycanı, həm də Türkiyəni uzlaşdıran bir düzənlə həyatımızı yaşayırıq. Bunun gələcəyi üçün çalışırıq.

Söhbətləşdi: Ə. Yufisoğlu

13:01