Məhərrəm Qasımlıdan itin toyunda oxuyan aşığa ağır sözlər: “Hansı ...oğludur o?”

 

Azərbaycanda qəribə toy təşkil olunub. Goranboylu biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərinə toy edib. Məlumata görə, toy məclisi bu yaxınlarda Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC zavodunun həyətində baş tutub. Məsələnin daha maraqlı tərəfi budur ki, itlərin toy məclisində aşıqlar da itlərin sağlığına mahnılar ərmağan ediblər.

Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi və filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı açıqlamasında belə bir toy məclisinin keçirilməsindən, aşıqların ifasından xəbərsiz olduğunu deyib. Bildirib ki, əgər həmin aşığın AAB üzvülüyü aşkarlanarsa, bu zaman ifaçı birlikdən kənarlaşdırılacaq: “Hansı it-köpək oğludur o? O aşığın adı nədir? Həmin şəxs Azərbaycan Aşıqlar Birliyinin üzvüdürsə, ona qarşı ölçü götürüləcək, dərhal üzvlükdən çıxarılacaq. Əks halda, həmin şəxsə yalnız ictimai qınaq ola bilər, başqa heç nə. Əksər hallarda bu cür düşük və səviyyəsiz adamlar Azərbaycan Aşıqlar Birliyinin üzvü olmur. Müəyyən küçə adamları var ki, onların əxlaqı yoxdur, ar olsun. Əslində bu cür adamlara aşıq da demək olmaz, onlar saz dınqıldadandırlar”. M.Qasımlı şəxsin adını dəqiqləşdirdikdən sonra daha konkret fikir açıqlaya biləcəyini deyib: “Yalnız şəxsin adını öyrəndikdən sonra daha konkret fikir söyləmək mümkündür. O özü də, onu o işə təhrik edən də əxlaqsızdır. Saz onlara qənim olsun, əxlaqsızlar. Bu yolla sazın çörəyini yemək olmaz”.

Millət vəkili, akademik və professor Nizami Cəfərov məsələyə münasibət bildirməkdən imtina edib: “Mən nə deyim. Nə bilim o necə aşıq olub? Gərək ki, aşıq belə yerlərdə olmasın”. Böyük sənətkar, görkəmli saz ustadı Aşıq Ədalət məsələdən xəbərsiz olduğunu deyib: “Mən başa düşə bilmirəm nə olub. Bu məsələdən xəbərsizəm. Aşıq orda nə edib ki? Oxuyub da...Hazırda səhhətimlə məşğulam, bu səbəbdən məlumatsızam”.

Cebhe.info

 

19:32