Məhəmməd Hadi kim olub...?

Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəbcə : doğru yol göstərən‎‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır. Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. Məhəmməd Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdi. Şair hələ gənc yaşlarından xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də köçür. Bu haqda Ö.F.Nemanzadə öz xatirələrində yazır:
"1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmus və Kürdəmirə köçmüşdür . Orada əttar dükanı açmış lakin bundan da bir şey çıxmadığını görüncə, zərər ilə dükanı qapamışdır" "
Kasıb olduğu üçün sevgilisi tərəfindən tərk edilən Məhəmməd Hadi ölənə qədər ailə qurmamışdı . 25 yaşına qədər nə bir qəsidəsi, nə də bir aşiqanə qəzəli olan şairin mətbuata gəlişi 1905-ci ilin ortalarına təsadüf edir. Onu yaxından tanıyan, yaxın dostu Mustafa Lütfi Həştərxanda "Bürhani-Tərəqqi" qəzetini nəşr edirdi və Məhəmməd Hadi kimi qələm sahibinə ehtiyacı var idi. Onun çağırışına görə Məhəmməd Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. Məhəmməd Hadi "Həyat", "Füyuzat" və "Bürhani-Tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. Məhəmməd Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib "Füyuzat" məcmuəsində çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə başlayır . "Füyuzat" bağlandıqdan sonra o, "Təzə həyat" və "İttifaq" qəzetlərində işləyir.
1907-1908-ci illərdə Məhəmməd Hadi artıq Azərbaycan şairləri arasında görkəmli simalarından sayılırdı. "Nəğmeyi-əhraranə", "Duşizeyi-hürriyətə", "Gül, sevdiyim, gül" , "Ədvari-təcəddüd", "Əsari-inqilab" və s. şeirlərində Məhəmməd Hadi bilavasitə və ya dolayısı ilə azadlıqdan danışırdı.
1908-ci ildə çıxmış "Firdovsi-ilhamat" kitabına "Varmı bundan yuxarı uçmağa istedadım" misrası ilə başlanan "Cəhalətimdən şikayət", "Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız" misrası ilə başlanan "Bu da bir həqiqət", "Afərin olsun sənə, filusufi-zifunun" misrası ilə başlanan "Şeyxlərə-işanlara", "Sofi, gəl öyrən həyatın tərzini heyvandan" misrası ilə başlayan "Söfiyə-zahidə" və b. şeirləri, məqalələri, tərcümələri daxil edilmişdir.
Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur. M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus , digər tərəfdən isə Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirmişdir .
Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür . Yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərmişdir . O dönəmdə azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi Azərbaycan xalqının yenidən dövlət qurması yolunda milləti maarifləndirən ziyalılardan biri olmusdur .
Onun özünün təbiri ilə desək indi millətlər içində həm millətimizin həm də Məhəmməd Hadinin imzası vardır .
Materialı hazırladı : Qəvami Sadıqbəyli

Xudaferin.eu

12:25