Meydan TV-nin əməkdaşını Gürcüstana buraxmayıblar

 

Meydan TV internet televiziyasının xaricdə yaşayan əməkdaşı Camal Əlini Gürcüstana buraxmayıblar. O, Berlindən gələrkən Tiflis aeroportunda saxlanılıb. Gürcüstanın Gömük Xidmətinin əməkdaşları bildiriblər ki, onun ölkəyə girişinə qadağa qoyulub.

Turan IA-nın məlumatına görə, hadisə aprelin 19-da baş verib.Camal Əlinin sözlərinə görə, onu saatlarla havalimanında - müvəqqəti saxlama yerində saxlayıblar.
 

“Mənə heç bir izahat verilmədi. Sadəcə, bildirdilər ki, sizi Gürcüstana buraxa bilmərik”, deyə o bildirib. Səhərə yaxın C.Əliyə geri bilet alınıb və Berlinə yola salınıb. Camal Əli ehtimal edir ki, o, Gürcüstana peşə fəaliyyəti ilə əlaqədar buraxılmayıb. Bir neçə ay əvvəl o, Tbilisi kilsələri haqqında reportaj hazırlamışdı. Həmin reportajda ARDNŞ-nin kilsələrə qaz verməsi barədə danışılırdı. Reportajdan 2 ay sonra Tbilisidə Meydan TV əleyhinə aksiya keçirilib.

Camal Əli əvvəllər də Tiflisdə olub, amma heç vaxt maneələrlə üzləşməyib. O, hesab edir ki, ölkəyə girişinə qadağaya məhz bu reportaj səbəb ola bilərdi. C.Əli sərbəst hərəkət etmək hüquqlarının pozulduğunu hesab edir. O, hüquqşunaslar vasitəsilə məsələni araşdırmaq, hüquqlarının bərpasına nail olmaq niyyətində olduğunu deyib.

Gürcüstan Gömrük Xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Camal Əli siyasi təzyiqlər səbəbindən ölkəni tərk edib. 2012-ci ilin martında o, Bakıda mitinqlərin fəal iştirakçısı olub, həmin vaxt o, həbs edilib.

Muxalifet.az

 

19:53