Metro terrorunu Rusiyada ilk dəfə ermənilər 1977-ci ildə törədib, terrorçuların 3-ü də güllələnib - FAKTLAR

Yeraltı nəqliyyat vasitəsi qatillərin ən sevimli məkanlarından biridir
Sankt-Peterburq metrosunda törədilən son terror hadisəsi bir daha yeraltı məkanda təhlükəsizliklə bağlı problemlərin həllini tapmadığını ortaya çıxardı.

Tarix göstərir ki, metro həmişə terrorçular üçün həm törədilən aksiyanın effektiv nəticə verməsi, həm də doğurduğu kütləvi tələfat baxımından “sevimli” məkanlarından biri sayılır.

Musavat.com xarici mediaya istinadən bildirir ki, Sankt-Peterburq şəhəri ilk dəfə terrorun bu növü ilə tanış olsa da, paytaxt Moskva hələ sovet dövründən yeraltı terror partlayışlarına məruz qalıb.

1977-ci ilin yanvarında ilk dəfə Moskva metrosunun sərnişinlərinə qarşı terror hücumu həyata keçirilib. Həmin ilin yanvarın 8-də “İzmaylovaskaya” və “Pervomayskaya” stansiyaları arasında partlayıcı qurğu işə salınıb. Nəticədə 7 insan həlak olub, 37 -i isə müxtəlif dərəcərələrdə xəsarət alıb.

 

Bu hadisənin arxasından erməni terrorçuları çıxıb. SSRİ xüsusi xidmət orqanları “Ermənistan Milli Birlik Partiyası” adlı terrorçu təşkilatının üzvlərini, konkret olaraq Stepan Zaikyan, Akop Stepanyan və Zavet Baqdasaryanı həbs ediblər. Hər 3 terrorçu 1979-cu ildə məhkəmə hökmü ilə güllələnib.

1996-cı ilin iyununda Moskvanın “Tulskaya” və “Naqatinskaya” stansiyaları arasında partlayan bomba 4 adamın həyatına son qoyub. Partlayışda çeçen separatçıları günahlandırılıb.

2000-ci ilin avqustun 8-də Moskvanın “Puşkinskaya” stansiyasında törədilən partlayış zamanı 13 nəfər həyatını itirib. Rusiya hakimiyyəti hadisəni yalnız 2005-ci ildə terakt olaraq qəbul edib.

2004-cü ilin fevralında Moskvanın “Avtozavodskaya” və “Pavlevskaya” stansiyaları arasında 20 yaşlı çeçen gəncin özünü partlatması nəticəsində 41 nəfər həlak olub, 230 insan yaralanıb.

Cəmi 6 ay sonra “Rijskaya” stansiyasında törədilən növbəti terror aktı 11 nəfərin canını alıb. Həmin cinayət özünü “Qaraçay camaatı”nın lideri kimi təqdim edən Nikolay Kipkeyev adlı şəxs tərəfindən törədilib.

2010-cu ilin martında isə Moskva metrosunun “Sokolniki” xəttində “Lubyanka” və “Park kultura” stansiyalarında iki terrorçu qadının törətdiyi akt nəticəsində 41 nəfər həlak olub, 88-i yaralanıb.

Yalnız Moskva metroları terrorçu hücumlarına məruz qalmayıb. 

Ümumiyyətlə, tarixdə bilinən ilk metro terroru 1883-cü ildə Londonda həyata keçirilib. Həmin il “Çarrinq Kross” və “Paddinqton” stansiyalarında törədilən partlayışda 60 nəfər zərər görüb. Partlayışa məsuliyyəti ABŞ-ın irland mənşəli “Klan na geyl” (Clan na Gael) terror təşkilatı öz üzərinə götürüb.

 

Keçmiş SSRİ respublikaları içərisində metro terroruna məruz qalan ilk ölkə Azərbaycan olub.

1994-cü ilin mart ayının 19-da Bakı metropolitenin “20 yanvar stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycanın görkəmli musiqiçisi Rafiq Babayev də olub.

 

Həmin ilin iyul ayının 3-də isə Bakı metrosunun “28 May” stansiyasında ikinci terror hadisəsi törədilib. Sonradan terror aktının erməni xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış Azər Aslanov adlı şəxs tərəfindən həyata keçirildiyi məlum olub. Bu hadisə 13 vətəndaşımız həyatını itirib.

Avropada da metro terrorçuların “at oynatdığı” yerlərdən biri sayılır.

1995-ci ilin iyulun 25-də Əlcəzairdən olan terrorçuların Parisin Sen-Mişel stansiyasında törətdikləri partlayış nəticəsində 8 nəfər həlak olub.

2005-ci ilin iyulun 7-də London metrosunda törədilən akt 52 insanın həyatını bitirib. Bundan başqa, keçən ilin martında Brüsselin Maalbek stansiyasında həyata keçirilən hücumda 30 nəfər ölüb.

Almaniyanın “Ştern” qəzetinin yazdığına görə, metro istənilən şəhərdə qorunmaq üçün ən təhlükəli obyektlərdən biri hesab edilir.

“Adətən bu tip nəqliyyat növləri insan kütləsinin və şəhər infrastrukturunun olduqca vacib obyektlərini özündə toplayır. Müxtəlif meqapolislərdə hər il milyonlarla insan bu nəqliyyat vasitəsindən istifadə edir.

İnsanların çoxluğu səbəbindən nəzarətin də tam həyata keçirilməsi mümkün deyil. Məhz belə terror aktları şəhər nəqliyyat şəbəkəsini də iflic etməyə qadirdir. Bunun üçün də metro həmişə terrorçular üçün cəlbedici və asan hədəflərdən sayılır”, - “Ştern”in məqaləsində göstərilir.

Vaqif Hüseyn, Musavat.com

16:59