Metro işçilərinin tətili milyonlarla londonlunun işini çətinləşdirib

London metropoliteni işçilərinin tətili, gözlənildiyi kimi, paytaxtda yaşayan və işləyən milyonlarla insanı çətinliyə salaraq nəqliyyat kollapsına səbəb olub. Etiraz aksiyası səbəbindən yanvarın 8-də axşamdan etibarən metronun demək olar ki, bütün mərkəzi stansiyaları, həmçinin “Waterloo”, “King's Cross”, “Euston”, “London Bridge”, “Paddington” və “Victoria” vağzallarında yerləşən metro stansiyaları bağlanıb. Eyni zamanda, Londonun “Heathrow” aeroportunun 4 və 5-ci terminallarında da qatarların hərəkəti dayanıb. Tətil nəticəsində paytaxtın bütün yollarında tıxaclar əmələ gəlib. Yerüstü nəqliyyat gücləndirilmiş iş rejiminə keçsə də, avtobus dayanacaqlarında uzun növbələr yaranıb. Həddən artıq insanın toplanması səbəbindən “Clapham Junction” vağzalı təxliyə olunub.

Təşkilatçıların sözlərinə görə, etiraz aksiyasının əsas səbəbi iş yerlərinin ixtisarı və bununla bağlı metro stansiyalarında yaranmış personal çatışmazlığıdır. Həmkarlar ittifaqı üzvlərinin fikrincə, bu, metropolitenin qalan əməkdaşlarının işini həddən çox artırır və sərnişinlərin həyatını təhlükə altında qoyur.

Xudaferin.eu

19:30