Meksikanın paytaxtında Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim olunub

 

Meksikadakı səfirliyimizdə Azərbaycan mədəniyyəti və milli mətbəxinin təqdimatı keçirilib. Tədbirdə ACD təşkilatının (Asociación de Cónyuges Diplomáticos) çoxsaylı üzvləri, həmçinin yerli KİV-lərin və bir sıra turistik şirkətlərin nümayəndələri iştirak ediblər.

1982-ci ildən fəaliyyət göstərən ACD Meksikada akkreditə olunmuş səfir və diplomatik missiya nümayəndələrinin rəhbərlərinin həyat yoldaşları, burada yerləşən beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin Meksikanın nüfuzlu qadın rəsmiləri, siyasi və ictimai xadimləri, səfirləri, yerli QHT nümayəndələri və s. öz sıralarında birləşdirir. Assosiasiya xeyriyyəçilik məqsədləri üçün istifadə edilən fonda malikdir. Təşkilat uşaq evlərinə, ailələrində zorakılığa məruz qalmış uşaq və qadınlar üçün yaradılmış mərkəzlərə, həmçinin təbii fəlakətlər nəticəsində evsiz qalmış insanlara yardım edir. Bu təşkilat onun fəaliyyətinə görə dəfələrlə Meksikanın müxtəlif rəsmi qurumları tərəfindən təqdir edilib. Qonaqları salamlayan Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxışında ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verib, Azərbaycanın regionda tarixən proqressivliyi ilə seçildiyini və məhz Azərbaycanda Şərqin ilk demokratik dövlətinin yarandığını deyib. Azərbaycan diplomatı 26 il öncə müstəqilliyini bərpa etmiş ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq bütün sahələrdə əldə etdiyi sürətli inkişaf barədə danışıb, ölkəmizin dünyada öz layiqli yerini tutduğunu vurğulayıb.

Sonra məşhur “National Geographic” kanalının “Hidden Cities Revealed” proqramının Bakıya həsr olunmuş filmi nümayiş edilib. Nümayişdən sonra, filmi böyük maraqla izləyən tədbir iştirakçılarının ölkəmiz barədə çoxsaylı sualları cavablandırılıb. Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət süfrə təqdim olunub, “Dolma”, “Ləvəngi”, “Səbzi Plov”, “Qutab”, “Kükü”, şirniyyatlardan “Şəkərbura” və “Paxlava”nın hazırlanması barədə məlumat verilib, Azərbaycanın milli mətbəxi ilə bağlı kitablar paylanılıb. Tədbir iştirakçıları Azərbaycanla daha yaxından tanış olmağa böyük maraq göstərib, bir çoxları ölkəmizə səyahət etmək arzusunda olduqlarını söyləyib.

Xudaferin.eu
“Amerika Bürosu”

 

09:35