Meksika Senatında Novruz bayramı təntənəli şəkildə qeyd olunub

 

Meksika Senatının ən tarixi və möhtəşəm “Antigua Sede Del Senado” binasında Beynəlxalq Novruz bayramı günü təntənəli şəkildə qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, Gürcüstan, İraq, İran, Pakistan və Türkiyə səfirliklərinin dəstəyi ilə keçirilib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Qabriela Kuevas Barron tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq baharın gəlişi və torpağın oyanmasından xəbər verən, dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edilən Novruz bayramının məhz Meksika tarixində xüsusi yer tutan bu binada qeyd edilməsinin təsadüf olmadığını deyib.

Meksika senatoru Novruz bayramının minilliklərlə ölçülən qədim tarixə malik olduğunu, onun UNESCO tərəfindən dünya qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini, BMT Baş Assambleyasının qərarı ilə beynəlxalq səviyyədə qeyd olunduğunu bildirib.

Tədbirdə Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Novruz bayramının çox qədim tarixi olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirib. Diplomat bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, rəğbət, səmimiyyət, dostluq, mərhəmət və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini qeyd edərək Azərbaycanın müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğulayıb. O, hazırda Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq edilməsinə böyük töhfə verdiyini bildirib. Buna xüsusilə Azərbaycan rəhbərliyinin bilavasitə diqqət və qayğısının olduğunu qeyd edib.

Diplomat cari ilin mayında Bakıda IV Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə, həmçinin Gürcüstan, İran və Pakistanın səfirləri, İraq və Türkiyənin müvəqqəti işlər vəkilləri çıxış ediblər.

Bundan sonra tədbirdə iştirak edən səfirliklər adından Meksika Senatına hədiyyə edilən, sülh rəmzi olan zeytun ağacı əkilib. Tədbirdə iştirakçılara ölkəmizin tarixinə, mədəniyyətinə və zəngin mətbəxinə aid çap materialları paylanılıb, Novruz süfrəsinin şirniyyatları təqdim edilib. Azərbaycan masası qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb. Eyni zamanda, Azərbaycanda Novruz şənliklərini əks etdirən videomaterial və burada təşkil olunmuş kiçik sərgidə ölkəmizin tarixi abidə və memarlığı ilə bağlı şəkillər nümayiş etdirilib.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

12:23