Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun “Azərbaycan və sülh” sərlövhəli məqaləsi dərc edilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, həmin qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqqında qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın Azərbaycan xanlıqları, bu bölgənin tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin həmin ərazilərə köçürülməsi, Zəngəzur bölgəsinin sovet rəhbərliyi tərəfindən Ermənistana bağışlanması, erməni təcavüzünün tarixi, münaqişə ərzində Ermənistan tərəfinin törətdiyi insanlıq əleyhinə cinayətlər və münaqişənin beynəlxalq hüquqi aspektləri barədə məlumat verib.

BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə əlaqədar qəbul edilmiş qətnamələrə son 30 ilə ərzində Ermənistan tərəfindən məhəl qoyulmadığını deyən səfir bu sənədlərin növbəti erməni təxribatı nəticəsindn başlanmış 44 günlük müharibə zamanı hərbi-siyasi yolla öz icrasını tapdığını, azad olunmuş şəhərlərimizin işğalçılar tərəfindən dağıdıldığını və burada ölkəmizə aid tarixi-mədəni irsin məhv edildiyini bildirib.

Qondarma “erməni soyqırımı” ilə Holokost arasında paralellərin aparılması, habelə İsrailin Azərbaycana yardım etməsi ilə bağlı arqumentlərə münasibətdə diplomat Azərbaycanın İsrail dövləti və yəhudi xalqı ilə yaxın münasibətlərinin olduğunu, ölkəmizin ümumiyyətlə bütün dünyada çoxmədəniyyətlilik məkanı kimi tanındığını, burada yəhudi, erməni, gürcü, rus və 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik alıqların nümayəndələrinin əsrlər boyu sülh içində birgə yaşadığını, Roma papası Fransiskin ölkəmizə səfəri zamanı Azərbaycanı tolerantlıq modeli adlandırdığını qeyd edib. Diplomat erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun Bakıda abidəsinin ucaldılması ilə Holokostun birbaşa iştirakçısı olmuş, nasistlərlə əməkdaşlıq edən Qaregin Njdeyə Ermənistan paytaxtında heykəl qoyulması arasında ziddiyyətə diqqət çəkib.

Bildirilib ki, Türkiyə, Pakistan, İsrail, Ukrayna və digər ölkələr Qarabağ münaqişəsində beynəlxalq hüququ və beləliklə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Sonda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 11 yanvar bəyanatının bölgədə kommunikasiya və nəqliyyat infrastrukturunun bərpasını nəzərdə tutduğu, iki ölkə arasında davamlı sülhün yaradılmasının regionun bütün xalqlarına fayda gətirəcəyi bildirilib. Bunun üçün Ermənistanın qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməsinin, bu ölkənin dostlarının rəsmi Yerevanı daha da qızışdırmaq əvəzinə, onu barışığa səsləməsinin vacibliyi diqqətə çatdırılıb.

Xudaferin.eu

10:52