Meksika jurnalistlərinin etiraz aksiyası

 

“Onlar bizi öldürürlər – biz susmayacağıq!” – Meksika jurnalistlərinin və onların tərəfdarlarının Mexikoda daxili işlər nazirliyinin binası qarşısındakı etiraz aksiyası bu şüarla keçib.

Həmkarları Xavyer Valdesin qətlə yetirilməsindən sarsılan mitinqçilər təqsirkarların cəzalandırılmasını və jurnalist cəmiyyətinin müdafiə olunmasını tələb ediblər.

Xatırladaq ki, tanınmış yazıçı və jurnalist Xavyer Valdes Kardenas bazar ertəsi Kulyakan şəhərində öz iş yerinin yaxınlığında öldürülüb. Naməlum cinayətkarlar onun avtomobilini atəşə tutub və gizləniblər.

Müstəntiqlər hesab edirlər ki, qətl Valdesin peşə fəaliyyəti ilə bilavasitə bağlıdır. Belə ki, “Press Freedom Award 2011” beynəlxalq mükafatının laureatı, 50 yaşlı jurnalist doğma şəhərində və bütün ölkədə narkomafiyanın, mütəşəkkil cinayətkar dəstələrin fəaliyyəti barədə çoxsaylı məqalələri hesabına məşhurlaşmışdı. Meksika jurnalist fəaliyyəti üçün ən təhlükəli ölkələrdən biri hesab olunur. Hüquq müdafiəçilərinin məlumatına görə, 2000-ci ildən bəri ölkədə 120-dən çox jurnalist öldürülüb.

Xudaferin.eu
“Amerika Bürosu” 

09:12