Mehriban Vəzirdən yeni hekayə: “Qorxudan şəkər tutan sələmçi Solmaz”

“Azad Şuşa” yazıçı Mehriban Vəzirin “Alagözüm” hekayəsini təqdim edir.

Bu gecə yataq otağı qapqaranlıq idi. Qalın, məxmər pərdələr çəkilib kip-kip örtülmüş, küçə lampalarından içəri süzülən yarımcan işığın önü ciddi bir cəhdlə kəsilmişdi. Göz gözü görmürdü. Bu zülmətin tək işartısı əngin gecələrin ulduzları kimi yerində donmuş, lakin içindən sayrışan bir cüt ala-mavi gözlər idi… Solmazın gözləri sorğanı burnuna kimi çəkib səksəkə içində qapıya zillənmişdi. Qımıltı, xışıltı, tıqqıltı, nəsə bir səs-nəfəs gələr deyə dinləməkdə idi. Dəqiqələr keçir, lakin bir tık belə eşidilmirdi. Yan otaqda sanki meyit uzatmışdılar.

Solmaz ehmalca o biri böyrü üstə çevrildi. Pəncərəyə baxdı, yan divara küçə lampalarından işıq süzülür kimi göründü gözünə. Aman! İşıq süzülürsə demək, içəri görünə bilər. Yerindən atıldı, pərdəni divara sıxmadan öncə iynə ucu aralayıb dışarı boylandı. Küçə işıqlı və tənha idi. Yolun səkisində bir boz, ortasında bir sarı pişik durub bir-birini martılamaqda idilər. Qarşı pəncərələrin pərdələri də bərk-bərk çəkili idi. Üz-üzə mənzillərin iç aləmindən nöqtə qədər həyat gözə dəymirdi.

 

Yerinə qayıdıb yorğanı yenə başına çəkdi, üşümüşdü. İki dəqiqədə ayaqları buza dönmüşdü. Bir istədi corablarını geyinsin, sonra “qoca arvad kimi” görünməkdən qorxdu. Üşümüş canını yorğanın altında qızdırmağa çalışdı. Amma olmadı, yorğanı başına çəkəndə nəfəsi kəsilir. Həm də yan otaqdan bir səs gələrsə, ya yatağından çıxan, ya bəri gələn olarsa, eşitməz, görməz, birdən gələr durar başının üstdə, o da hənirtiyə diksinər, yorğanı atar, həyəcanlanar, şəkər adamdır.

Arxası qatda uzanmış Solmaz yorğanı təpələnib dikəlmiş köksünə endirdi. Az keçmiş, yenidən buzlamış burnuna qaytardı. Ev çox soyuqdu… Gör neçə saatdır kombini yandırıb, qızmır ki, qızmır. Əlbəttə, qızmaz, qışdan çıxmış, yaşanmamış evdi, daşı-divarı islaq…

– Yaxşı evdi…

– Həə. Aldım, atdım, Bakıya gələndə qızların qapısında qalmıyım. Kürəkən minnəti çəkəcək deyiləm mən. Evə gəldim gərək rahat olam. Yatanda yatam, duranda duram. Öz əlim, öz başım. Əsəblərin yerində döür, Əkbər müəllim. Dörd il əvvəl evimi yardılar, kiloyla qızılım, pulum getdi. Əl-qolumu bağlayıb ağzımı skoçladılar, gözüm baxa-baxa evi silib süpürdülər. Elə bildim, öldürəcəklər, çox qorxdum… Şəkər tutdum…

– Bayy… Eviniz yıxılsın… Gözüdönmüşlər! Öldürə bilərdilər səni, yaxşı qurtarmısan. Atalar yaxşı deyib: “Olmuş olacaqdan yaxşıdı”. Oğru tapıldımı?

– Tapıldı. Noolsun? Hərəsi bir-iki il iş alıb çıxdı. Bizim oğrular rəislə əlbirdi.

– Dəhşət!

– Nə dəhşət? Sizin rayonda elə döyür bəyəm?

– Sən canın başqa söhbət elə. Mən siyasətə qarışmıram.

– Hə, əşşi nəyimizə lazım. Mən də üz vermərəm kimsə yanımda artıq-əskik danışsın. Sonra üstü açılanda desinlər söhbətdə filankəs də olub. “Hürüşünü bilmiyən it başına qurd gətirər”. Az dərdim var? Həə… Onu deyirdim. Zülümlə qazanmışdım. Elin qızı məktəbə gedəndə mən bir üzü qız, bir üzü gəlin, əli zənbilli yollara düşdüm, pul qazandım, ev saxladım, ailə üzü görmədim, xanım olmadım. Adıma sələmçi Solmaz dedilər, amma mən ev yıxan sələmçilərdən deyiləm. Vallah, deyiləm. Mənnən iş görən bilir. Bizim kənddə bir molla vardı, cüvəllağı mollalardan yox e… axund oğlu… İndi rəhmətliy olub, getdim yanına, soruşdum, dedim, ağa, hansı faizlə müamiləyə pul versəm harama girməz? Köhnə kitabları tökdü ortaya. Varağladı. Varağladı. O kitabları ulu babası – dedi, yadımda qalmadı – nə bilim haralardan gətiribmiş. Dedi, qızım, bir alim on faiz deyir, biri də on iki faiz deyir. Bu hədləri keçmə, alana zərər vermə, elə et ki, o da qazansın, sən də. Həddi aşdın, yandın, dedi, bu dünyada çəkməsən, o dünyada çəkərsən. İnan o Allahımıza bu günə kimi o cızığı keçmədim.

– Həə. İndi sənin kimisi nə gəzir, ay alagözüm, zəmanə köpəyoğlu zəmanədi.

– Rayonda arvad qalmıyıb e… Əkbər müəllim, hamısını qızıllı eləmişəm. Nisyə mal verdim, hər ay igirmi manat-otuz manat verdilər, pulumu köpüy-quruş elədilər. Dedim, neynəhy, camaatda pul yoxdu, kasıbçılıqdı. Mənim də ürəyim yumşax. Kim gözünün qorasını tökür, sıyılıram, borc verirəm, əl tuturam, nisyə mal verirəm. Əlimlə verib ayağımla düşürəm dalınca. Hansını deyim? Nənəm deyərdi: “Dərd bir olsa dirilməyə nə var?”

Solmaz Əkbərin də ona borclu olduğunu xatırlayıb sözü dəyişdi.

– Bilirsiz, Əkbər müəllim, mən yorğun adamam, geyim-kecimimə, boyun-boğazıma, ev-eşiyimə baxma, fəhlə kimi bir şeyəm. İnan, Allaha oturan yerdə yatıram, zənbil daşımaqdan əllərim qabardı. Çiyinlərim tökülür. İldə iki, üç dəfə özümü vannalara atmasam, malicə almasam çökərəm.

– Ay Alagözüm, yükünü qoy yüküm üstə. Onu da mən çəkəyim.

Solmaz mavi gözlərini süzdürdü. pozulub yenidən yazılmış qaşlarını işvə ilə öynatdı:

– Bəh-bəh! Sən də bir lotu oğlansan a… Əkbər müəllim…

– Gördün molla, ordan yollan…

Gördün seyid, ordan qayıt…

Gördün lotu, orda otu, alagözüm…

Gülüşüb, baxışıb, yayxandılar…

…Solmaz yatağında qımıldanmadan uzanıb yan otaqdan gələcək həniri güdməkdə idi. Hənir, səmir yoxdu. Xəyalında çaxnaşma vardı. Dalğadan dalğaya atılır, gah Əkbərlə bayaqkı dərdləşməyə, işvəli gülüşməyə düşür, gah dükana qayıdıb satıcı qızın əfəlliyinə, içəri girənə “maska tax” deməyə can çəkdiyinə dilxor olur, gah bu həftə aldığı malın borcunu sayır, gah qazancını hesablayır, gah bacısı ilə, gah koronadan itirdiyi yar-yoldaşdan sonra yeni tapdığı bacılığı ilə söhbətlərə dalırdı. Bu dalmalar, dalğalanmalar iradəsində deyildi. Gecənin qaranlığında üstünə ayaq almış sərgüzəştlər xəyalını sürükləyib ardınca aparır, sonra yarı yolda buraxır. Solmaz bir anda özünü başqa bir gedişatda, ayrı söhbətdə bulurdu. Hər gecə “daş kimi düşən” Solmaz bu gecə çağladıqca çağlamaqda idi…

Solmaz Bakıdakı evində idi. Günortadan sonra gəlmiş, gələn kimi kombini yandırmış, çay qoymuş, süfrə salmış, qazançada yola götürdüyü yeməyi qonağı ilə yeyib, aldığı çaxırı içib, gülüb-danışmış, uzun-uzadı söhbət etmişdilər. Gecə keçənə kimi tum çırtlayıb televizora baxmışdılar. Sonra hərəsi bir otağa keçib yatağa girmişdi.

Bütün gecəni Əkbər durmadan siqaret çəkmişdi.

– Qadoy alım, mən asmayam e… alirgiyam var, boğuluram. Sənin özüvə də ziyandı axı. Ahıl adamsan. Korona qapını kəsib. Milçək kimi qırılır camaat. Dünən salamlaşırsan bu gün yoxdu. Lay divar oğullar getdi. Bəyəm, görmürsən? Savaddı adamsan. Mənim neçə yar-yoldaşım bir göz qırpımında yox oldu. At onu. At.

– Can… Atdım, alagözüm, atdım…

– Vaxtında nöş tərgitməmisən?

– Tərgidə bilmədim.

– İradən zəifdi də. Qırx il çəkib tərgidən görmüşəm.

Hər saatbaşı bu söhbət təzələnmişdi. Bəlkə beş-altı dəfə. Bütün gecəni siqaret damağından düşmədi.

Solmazın siqaretdən də, siqaret çəkən adamdan da zəhləsi gedirdi. Təzə dostu Əkbərdə zəhləsi gedən tək bu deyildi.

– Bilirsən, bacııı… bu, bir dəfə Yevlaxdan Bakıya iclasa gedəndə ayda bir dəfə hesabat verməyə gedir, müdirdi də savaddı adamdı, o qədər şeir bilir. Day necə. Təsadüfən, sırf təsadüfən haa… bizim rayondan keçəndə tükanımın qabağında maşını saxlayır. Nəsə almağçin. Mənim də işim budu. Baz-burutdu müştərinin böyür-başına keçirəm, neynim? Bu da şellənir. Qoca kişidi də. Basır, bağlayır. Özünü kağan igid kimi göstərir. Tanış oluruq. Odu-budu, olmuşam stansı Biləcəri. “Alagözüm” deyib Məkkə muncuğu kimi asılıb yaxamnan. Gözlərimə vurulub. O başa gedəndə də mənə dəyir, bu başa geləndə də. Düzdü, xətrimi istiyir, tez-tez hal-əhval tutur, bayramlarımı təbrik edir. Amma quru-quru. Xeyirsiz adamdı. Canı çıxar, pulu çıxmaz.

Solmaz bunları danışıb qəşş edir, ala gözləri alma yanaqlar içində itib batırdı.

– Bacı, neynim. “Ağladım, başarmadım, güldüm günüm keçirdim”. Mənimki onnandı. Az mənə kişi çörəyi yazılmıyıb dənəə. Yazılsaydı ərim yerə girmişdən görərdim. Soydu, taladı, yedi, bəs demədi. Başladı evdən aparmağa. Qurşanmışdı da zəhrimara. Üstü açılanda iti qovan kimi qovdum. O iki qızı tək böyütdüm. Bu gün bütün rayon mənə borcdudu. Zamana adamını bilirsən də. “Dünya gedib ucu qalıb, adamların bici qalıb”. Mən xam, millət afris, inandım. Saqqızımı oğurladılar, neçəsinə girovsuz pul verdim. İt də getdi, ip də. Manat öldü. Qaytaran da on manat-on manat zay eləyib qaytarır. Neynim? Gənə şükür. Tək-tənha, əlimin zəhmətilə neçə dükan aldım, neçə ev aldım, iki qız oxutdum, ərə verdim. Dedim, gedərlər, ağ günə çıxaram. Yüküm yüngüllər. Onlar da, qadoyu alım, hərəsi bir ac yetimçə tapıb gətirdi üstümə. Bizə nəsillikcə ər çörəyi yazılmayıb. İkisinə də ev aldım. Amma mənasız işdi, bacı. Elə bilirsən, bilən var? Gözüm baxa-baxa malımın, mülkümün davası gedir. Bu yandan da vurdu neçə dostum, həmdəmim koronadan öldü. Neçə alver yoldaşım getdi. Cavan, top kimi adamlar. Qırğındı ee… Bilirsən, bizim rayonda nə qədər ölən var? Heç nəyin mənası qalmayıb.

…Yan otaqdan səs gəldi. Solmaz daldığı dalğalardan qopub zülmətə düşdü. Dikəlib qulaqlarını şəklədi. Gözlərindən od çıxdı. Canı titrədi. “Gəlirmi görən?” Dəqiqələr ötür, səsin gerisi gəlmirdi. Əslində, o xışıltıdan sonra bir qurcuxma da olmalıydı, sonra yataq səslənməliydi. Sonra… Amma daş kimi düşmüş divandan nə səs çıxacaqdı ki? Bəlkə ayaqlarını yataqdan endirib başmaqlarını arasaydı. Şappıltı zad gələrdi. Ya da bir tappıltı. Yox, hənirti belə yoxdu.

– Yatdı görəsən, sağ olmamış? – deyə qaranlıqdan soruşurmuş kimi gözlərini qapıya zilləyib qaldı – görəsən, əynində pijama var? Görmədim axı. Mən otaqdan çıxanda geyimli idi. İndi yerindən çıxıb bura keçsə…

Solmaz gözlərini yumub qapının yavaş-yavaş açıldığını gördü. Arıq, qırışıq ayaqları ağ, gen tumandan qarğı kimi sallanmış uzun bir adam ehmalca qapını aralayıb içəri girdi. Tez dikəlib yerində oturdu. Pijaması ayaq barmağından əl barmağına, boyun boğazına kimi hər yerini tutsa da cəld yorğana büründü. Utanıb qızardı.

– Əkbər müəllim, xeyir ola? Sudan, zaddan bir şey lazımdısa.

Qarğı qılçalı, ağ tumanlı adam lalmış, karmış kimi dinmədən üstünə yeriməkdə idi. Titrək əllərini uzadıb Solmazın çılpaq çiyinlərini sardı.

Solmaz yerində qurcuxdu, canı hərarətləndi. Bu xəyal pijamanın isidə bilmədiyi çiyinlərinə od tökdü, şimşək kimi çaxan sivri bir hərarət sinəsindən üzü aşağı, qarnına, budlarına yayıldı.

Gözlərini açdı. Qapı örtülü. Arxası səssiz idi.

– Bacııı… 65 yaşında adamdı da. Nə gözlüyürsən? Simiicc… Qanacaxsıızz… Bilir gül sevənəm. Bir dəstə gül alıb gətirsin. Yox, tööbə. Bir dəfə. Cəmi bircə dəfə. Qırx beş manat verib gül almışdı mənə. Vəssalam. Görüb görəcəyim o oldu. O gün zəng eliyib deyir, özümə kostyum istiyirəm, dedim, gəl, apardım qonşu tükana, alver yoldaşıyıq da. Xətrimə yaxşı endirim elədi. Gördü sərfəli qiymətdi, xalis türk malı, ayaqqabı da aldı özüyçün, köynək də, kalistok da aldı. Gözüm baxa-baxa özünə beş yüz manat xərclədi. Mən də keçən dəfə Binəyə gedəndə spartivni almışdım özümə, göstərdim, yalandan dedim, təzə almışam. Dedim, kişidi də, vəzifəsi var, pulu var, kalistok taxır. Üstəlik də mənə borcu var. Yəqin bir yüz manat çıxardar atar. Deyər, bunu da mən alıram sənə, bayram payı olsun. Hardan? “Özü eşşək, çulu məxmərdən.” Kefi istəyəndə zəng eliyib dilxoşduğ eliyir, könlünü xürrəm tutur. Boş-boş “alagözüm”, “alagözüm”… Zəhrimar, “alagözüm”!

Solmaz pişik gözləri kimi hərəkətsiz və çılğın baxışlarını qapıya zilləmiş, gah Əkbərin qolları arasında alışıb yanır, gah ağ tumandan sallanmış qarğıları məzəmmət edib geri göndərirdi.

– Ağlua başqa şey gəlməsin, Əkbər müəllim, biz dostuq axı. Siz Bakıya iclasa gəlirdiz. Mənim də işim vardı, sizinlə gəldim. Dedim, orda-burda qalmayın. Ev var da.

Əkbər bu öyüdü gah dinləyir, çəkilib gedir, gah da irəli soxulurdu. Solmaz bu sözeşitməz Əkbərin hər tərpənişinə yorğanın altında yanıb qıvrılır, canının sazağı yavaş-yavaş əriyib gedirdi.

Lakin yenə qapı örtülü, ardı səsizdi. Yan otaqda, qurulu taxtda ölü varmış kimi qara sükunətdi.

…Gözlərini açanda burnuna kimi çəkdiyi yorğan üstündə idi. Gecədən bəri yerindən heç qımıldanmamış, yorğun Solmaz düşdüyü yerdə daş kimi yatmışdı. Oyandıqda artıq cisminin üsyanı sönmüş, yumşalıb ovunmuş, canındakı sazaq da, titrətmə, qızdırma da, qafasında vurnuxan, ordan vurub burdan çıxan dalğalar da yatıb avazımışdı. Amma nigaran oyanmışdı, “əfəl qız dükanın qapısını yaxşı bağladı, görəsən? Rayonda oğurluq baş alıb gedir, küçə, bayır narkaman dolu. O gün maskasız adam buraxdı, nə qədər cərimə verdik. Taxsır onundu, yenə ürəyim gəlmədi, şərik oldum cəriməyə. Bu dəfə yaxın durmaram, canı çıxsın cəzasını çəksin. Tülək birini tapsam qovacam getsin bunu…”

Siqaret qoxusu aldı. Əkbərin də burada olduğu yadına düşdü. Ağzını büzüb yerindən qalxdı. Qalın məxmər pərdələri şaqqıltı ilə çəkib divarlara çırpdı.

– Səhərin gözü açılmamış nə olub buna?

Qonaq otağından gümrah səs gəldi:

– Sabahın xeyir, alagözüm. Ay qız, ay gözəlim! Sən nə yaman yatırsan?

Solmaz çəmkirdi:

– Səni kimi müdür deyiləm e mən. Gündüz o qədər işləyirəm, gecəni ölü kimi düşürəm.

Gah “siz”, gah “sən” dediyi Əkbərə “ölü kimi sən yatırsan, mən yorğun düşürəm” demək istədi. Vaz keçdi. Əl-üzünü yudu. Gözlərinə sürmə çəkmək istədi. Ondan da vaz keçdi. Mətbəxə keçib çay süfrəsi hazırladı. Əslində, yeyəcək bir şey də yoxdu. evdən gətirdiyini şam yeməyində yemişdilər. Kinayə ilə dedi:

– Düşüm smetan zad alım.

– Yox, alagözüm, elə bir stakan çay ver, gedirəm. İclasa gecikərəm.

Dünən aşağıdakı marketdən aldığı qoğallar və evdən gətirdiyi bir-iki dilim pendirlə adama bir fincan şirin çay içdilər.

– Saat birdə çıxacam. Sonra gedim maşını ustaya göstərim. Yoxsa, yolda qalarıq. Sən hazır ol. Günorta bir yaxşı yerdə oturaq. Ürəyin istəyən bir restoranda. Sonra ya Allah, köylü köyünə, öylü öyünə.

Əkbər getdi. Solmaz pəncərələri taybatay açıb otaqları havalandırdı. Axşamdan beş dəfə külünü tökdüyü külqabını deyinə-deyinə bir daha boşaldıb yudu, silib yerinə qoydu. Qatını təzə açdığı ağları – soruğu, yorğanüzünü hirslə soydu. Yastığı, yorğanı qatlayıb qaldırdı, yükü hikkə ilə dolabın taxçalarına çaxdı. Divanı yığdı, əyər-əskiyi çəkib düzəltdi. Evin sahmanı bitdi. Özünə çay süzüb oturdu. Ürəyi darıxdı. Başını qaşımağa vaxt tapmayan Solmaz boş-boşuna oturmuşdu. Dükan başına qalmışdı. Mal dalınca getməliydi. Borclulardan gələn olardı. Təzə dükanın sənədləşmə işləri vardı.

– Kül mənim təpəmə! – deyə ucadan səsləndi – indi gözlə bu zəvzək nə vaxt iclasını başa vuracaq, gəlib səni alacaq, restorana aparacaq. Tükanda tığcan işim tökülüb qalıb, satıcı əfəl, qılıqsız, it kimi müştərinin əl-ayağını yeyir, mən də burda, sərəyin birinə xidmətçilik edirəm, altına yataq sərirəm, qabağına süfrə açıram, külünü tökürəm, tüstüsünü sinəmə çəkirəm. “Kül başuva, ay Araz, üstündən təzək atdanır…”

Yerindən fırladı, istədi durub çıxsın. Rədd olub yola düşsün. “Ya səbr” deyib oturdu.

– Ayıbdı. Sonra ağlına başqa şey gələr. Elə bilər, umacağım-zad varmış.

İki saat keçmiş Əkbər zəng etdi, gəlirəm, hazırlaş, dedi.

Solmaz restoranda yeməyi, üz-üzə oturduğu adamla bir-iki badə çaxır içməyi, mavi gözlərini süzdürüb, gülüb danışmağı, arada ətrafı seyr etməyi sevir. Yorğun canı belə dincəlirdi.

Tələsik güzgünün önünə keçdi. Göz qapaqlarına mavi kölgə çəkdi, kölgədən alacalanıb irilmiş ala-mavı gözlərinə bir xeyli baxdı. Dodaqlarını da boyadı. Bu dəfə gözlərinin mavi kölgəsi ilə dodaqlarına bir yerdə tamaşa etdi. Özü özünə qaş-göz oynadıb güldü. Özünü bəyəndi.

Solmaz göz qapaqlarını yenicə estetik yapdırmışdı. Aradakı şişkin əti, illərin tuluqlamış yükünü kəsdirib atmışdı. Göz-qaş arası tarıma durub təzə-tər bir məsafə almışdı. Ötən yay, yoluxmanın tüğyan çağında qızıl dişlərini də sökdürüb bəyaz farforla əvəz etdi. Bir on il cavanlaşdı. İndi güzgüdə özü özünə gülümsünəndə ürəyi açılırdı. Bacısına dediklərini xatırlayıb bir daha özünü alqışladı:

– Hə, nə oldu? Baax, deyirdin, eləmə. Korona keçsin. Virus qaparsan. Yaxşı elədim eşitmədim səni. Oldu da, bitdi də, sağaldı da. Bax bu da mən. Koronadan ölməsəm, hələ çox şey edəcəm. – əlini qarnına çəkdi – bu piyi də burdan çıxartdıracam, görərsən. İndiyə kimi axmaq olmuşam, özümə baxmamışam, qardaşa elə, bacıya elə. Sən heç də, sənə halaldı. Q qıza elə, bu qıza elə, onsuz da altı yırtıq vedrədi, ha doldur, dolası dögül. Biləsi də dögüllər…

Üzünü o yan-bu yana çevirib gözləri ilə qaşları arasında açılmış yeni məsafəyə gah o üzdən, gah bu üzdən fərəhlə baxır, qaşlarını qaldırıb açılmış aranı bir az da böyüdür, güzgünün önündə işvə ilə gülürdü… Əkbər də, dükan da, zaman da yaddan çıxmışdı.

Əkbər yenə zəng elədi. Sözünün canı belə oldu: demə, çıxıb gəlirmiş. Maşın yolda dayanıb, öldür, yerindən tərpənməyib. Yenidən ustaya qayıtmalı olub. İndi kompüterə saldıracaq, görsünlər dərdi nədi. Belə getmək olmaz. Yolda qalarıq.

Solmaz fırlayıb aynanın qabağından qalxdı…

Gün axşama doğru gedirdi. Acmışdı. Evdə yeməyə heç nə yox idi. Dünəndən qalan tumu çırtlamağa başladı. Birdən səbri tükəndi, fınxırıb qalxdı, masada komalanmış tumu qabığı ilə, kağızı ilə xışlayıb zibil qabına çırpdı. Qayıdıb divana çökdü, gözlərini yumdu. Gecədən bəri onu top kimi oynadan dalğalara daldı.

– Başım qarışdı alverə, uşaqları böyütməyə, oxutmağa, sonra cehiz al, ərə ver, ev al, qardaşa əl tut, bacıya əl tut… Neynim, mən yiyim onlar baxsın? Mən o yolun adamı döyüləm. Boğazımdan keçməz. Bax belə. ömür getdi. Hər şey mənasız. Bilirsən, bacııı… mən gün görmədim. Heç görmədim. Al-ver, al-sat… Gündə iyirmi dörd saat pul davası çək. Borcluların qapısını kəs. Qumar kimi. Bir gün qazan, bir gün itir. Vəssalam! İndi də gəldik yaman yerdə axşamladıq. Korona üstümüzü aldı, hamı hamıdan qaçır. Bəs mən kimnən gün keçirim? Kimnən bir süfrədə çörək yeyim? Kimə ürəyimi açım? Kimnən həmdəm olum? Mənim bir xoş sözə, bir dəstə gülə, bir ətirə, bir hədiyyəyə haqqım yoxdu?

…Yenə yuxuya dalmışdı. Oyananda hava qaralmışdı. Acından əsirdi. Şəkəri düşmüşdü. Titrəyə-titrəyə dolabları aradı. Qabaqdan qalmış qoğal parçası sellofan torbaların altında gizlənibmiş. Alıb tələsik yedi, qənddandakı noğuldan ağzına atdı, üstündən su içdi. Dərman atdı. Çantasını alıb evdən çıxdı. Yeməyə bir şey almaq üçün özünü marketə atdı. Dükançı “maska” deyə bağırdı. Adamı tərs-tərs süzüb “it” deyə mızıldandı, çantadan maskasını alıb taxdı. Üç dənə qoğal alıb çıxdı. Titrəyə-titrəyə iri dişləmlər qoparıb dayanacağa sarı yürüdü. Gecə pəncərədən gördüyü boz pişik eyni yerdə durmuş, indi də aralıda duran qara pişiyi marıtlamaqda idi. Solmaz “pişt” deyə qara pişiyi yolundan qovmaq istədi. Pişik “pişt”i vecinə almadı, pis-pis baxmaqda davam etdi. Solmaz qara pişiyin zəhmli baxışlarından çəkinib səkidən endi.

Hava soyuqdu, qaranlıqdı. Şəhər yaddı. Amma bu tərəfləri tanıyır. Hansı avtobusun “20 Yanvar”a, ordan Lökbatan dairəsinə getdiyini bilir. O dairədən isə günün hər saatında maşın var. Taksilər altı manata aparır. | Kulis

Mehriban Vəzir

Mənbə:azadshusha.com

Xudaferin.eu

00:14