Mehman Hüseynov barəsində hökmdən kassasiya şikayəti verilib

 

Bloger Mehman Hüseynovun böhtana görə iki il həbsə məhkum edilməsindən Ali Məhkəməyə şikayət verilib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil M.Hüseynovun böhtana görə həbsinin həm milli qanunvericilik, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar baxımından əsassız olduğunu söyləyib. «Kassasiya şikayətimizdə Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsini tələb etmişik. Hesab edirik ki, Mehman Hüseynov barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Məhkəmədən belə qərar qəbul etməsini istəmişik», vəkil bildirib.

E.Sadıqov həmçinin, blogerin işgəncə verilməsi iddiaları üzrə daxili müdafiə vasitələrinin artıq tükəndiyini, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırladıqlarını deyib. Onun bildirməsinə görə, bu şikayət Böyük Britaniyadan olan vəkillərlə birlikdə hazırlanır.

Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında martın 3-də həbs olunub. Polis rəisi iddia edirdi ki, M.Hüseynovun yanvarın 9-da başına torba keçirilib oğurlanması, daha sonra idarədə işgəncələrə məruz qalmasını söyləməsi böhtana söykənir. Ona görə Suraxanı rayon Məhkəməsinə müraciət edib, blogerin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəmişdi. Məhkəmə də onun iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. M.Hüseynov ittihamın əsassız olduğunu bildirir və o işgəncəyə məruz qaldığını məhkəmə zaman dəfələrlə bildirirb. Konkret Musa Musayevə gəlincə, nəinki onun adını çəkməyib, ümumiyyətlə, bu adamı tanımadığını deyib.

Amerikaninsesi.org

10:10