Mədəniyyət və Turizm Nazirliyində maliyyə pozuntuları

Hesablama Palatası 2014-2015 və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitin auditini aparıb. Audit Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, “Azərbaycanfilm” Kinostudiyası, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305 milyon 650,8 min manat vəsaiti əhatə edib. Hesabatda bildirilir ki, nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bəzi xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, əvvəlki illərin icra göstəriciləri nəzərə alınmayıb, bəzi hallarda vəsaitlərin təyinatı dəyişdirilib, büdcədə bu məqsədə vəsait nəzərdə tutulmadığı halda müxtəlif qurumlara dövlət büdcəsindən maliyyə yardımları göstərilib: “Nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi tam təmin edilməyib, auditlə əhatə olunan dövrdə qaimə-fakturalarla verilməsi rəsmiləşdirilən avadanlıqlar və qeyri-maddi aktivlər uçota alınmayıb. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair dövlət proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib, nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanmayıb, filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib. Keçirilən bəzi tədbirlər üzrə müvafiq məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim edilməyib, yalnız icraçı müəssisələrin ümumi şəkildə təqdim etdiyi təhvil-təslim aktlarına əsasən vəsaitlər ödənilib, bəzi hallarda bağlanmış müqavilələrin, qəbul edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə dair tərtib olunan aktların tarixləri arasında uyğunsuzluq olub. Keçirilən müsabiqələrdə xərclərin ödənişi müəyyən edilmiş normalara uyğun olmadığı üçün artıq məsrəfə yol verilib. O cümlədən turizmin təbliği ilə əlaqədar həyata keçirilən tədbirlər zamanı da büdcədən bu məqsədlə ayrılan vəsait düzgün xərclənməyib”.

2014-2015-ci illərdə və 2016-cı ilin 9 ayında dövlət büdcəsindən Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrində deyilir: “Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsi auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edərkən mədəniyyət müəssisələrindən büdcə vəsaitlərinə olan tələbat barədə sifarişlər tələb etməyib və bəzi xərc maddələri üzrə xərclərin əvvəlki illərdə icra vəziyyəti nəzərə alınmayaraq 2014-cü ildə əməkhaqqı köməkçi bölməsi üzrə xərclər funksional təsnifatın “Saraylar və mədəniyyət evləri, klublar və başqa tədbirlər” paraqrafı üzrə, 2015-ci ildə isə “Kitabxanalar” paraqrafı üzrə tələbatdan az, digər paraqraflar üzrə tələbatdan artıq planlaşdırılıb və nəticədə 2014-cü il və 2015-ci illərin əvvəlinə əməkhaqqı üzrə kreditor borc yaranıb, eyni zamanda büdcədənkənar daxilolmaların təmin edilməsi istiqamətində müvafiq işlər aparılmayıb. Auditlə əhatə olunan illərdə “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün tədris planlar”ının tələblərinə əməl edilməyərək qrupların düzgün formalaşdırılmaması səbəbindən artıq dərs yükü tarifləşdirilərək, habelə normativdən artıq ştat vahidləri saxlanılaraq, eləcə də tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində şöbənin tabeliyində olan mədəniyyət müəssisələri üzrə ümumilikdə 104 halda artıq əməkhaqqı ödənilib və eyni zamanda 5 nəfər işçiyə artıq əməkhaqqı ödənişinə yol verilib, 37 halda isə ümumi ezamiyyə xərcinin 5,8%-i həcmində artıq ezamiyyə xərci ödənilib. Auditlə əhatə olunan illərdə şöbə üzrə 34 satınalma proseduru keçirilib və müqavilələr bağlanıb, malların (işlərin və xidmətlərin) satınalınması zamanı qanunvericiliyin tələblərinə bəzi hallarda əməl edilməyib, keçirilmiş satınalmaların 9,7%-i həcmində satınalma prosedurları keçirilmədən müqavilələr bağlanıb və satın alınacaq malların ehtimal qiymətləri düzgün müəyyən olunmayaraq bəzi hallarda bazar qiymətlərindən baha alınaraq artıq büdcə vəsaiti ödənilib”.
Dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin birinci yarım ilində Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri də açıqlanıb. Qeyd olunur ki, şöbə auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edərkən “Büdcə sistemi haqqında” qanunun və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası qaydaları”nın bir sıra tələblərini gözləməyərək aidiyyəti mədəniyyət müəssisələrindən büdcə vəsaitlərinə olan tələbat barədə sifarişlər tələb etməyib, bəzi xərc maddələri üzrə xərclərin əvvəlki illərdə icra vəziyyətini nəzərə almayıb. Bildirilir ki, Uşaq Musiqi Məktəbi üzrə 54 saat, Uşaq İncəsənət Məktəbi üzrə 45 saat artıq dərs yükü tarifləşdirilərək əməkhaqqı ödənilib, Mərkəzi Kitabxana Sistemi üzrə 223 halda, mədəniyyət evləri və klublar üzrə 18 halda, Quba Tarix Diyarşünaslıq Muzeyi üzrə 15 halda, uşaq incəsənət və musiqi məktəbləri üzrə 18 halda artıq əməkhaqqı verilib. Təsdiqedici sənəd olmadığı halda ezam olunmuş şəxslər 57 halda yol xərci, ezamiyyə günlərinin sayının düzgün hesablanmaması nəticəsində 15 nəfər işçi artıq ezamiyyə xərci alıb.

Azadliq.org

11:25