“Mədən sənayesində şəffaflığın artırılması” koalisiyası hökumətə yeni təkliflər verdi

2004-cü ilin may ayının 13-də təsis olunan İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyası hazırda sıralarında 150-dək qeyri-hökümət təşkilatını (QHT) və ictimai xadimləri, jurnalistləri birləşdirən vətəndaş cəmiyyəti alyansıdır. Ötən müddətdə MSŞA Koalisiyası Azərbaycanda Mədən Sənayesində Şəffalıq Təşəbübüsünü (MSŞT) gerçəkləşdirilməsində fəal iştirak edib, bu prosesə hökümət və mədən sənayesi şirkətləri ilə birlikdə çoxtərəfli qrup formatında əməkdaşlıq şəraitində töhfəsini verib. Lakin iki ildən çoxdur Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən MSŞA QHT Koalisiyasının bu təşəbbüsdə azad və səmərəli iştirakına çətinliklər yaradılır. Elə buna görə də 2015-ci il aprel ayının 15-də Azərbaycan MSŞT-də tamhüquqlu üzv statusunu itirib və bu statusun bərpa olunması üçün Azərbaycan hökümətinə və çoxtərəfli qrupa islahedici tədbirlər planı təqdim olunub, 2016-cı ilin yayında bu planın icrası səviyyəsini, Azərbaycanda MSŞT standartlarının tətbiqi vəziyyətini qiymətləndirmək üçün ölkəyə ikinci dəyərləndirici misiya göndərilib. Qiymətləndiricinin hazırladığı yekun hesabat 2016-cı il oktyabrın 25-26-da MSŞT üzrə beynəlxalq idarə heyətinin Astanada keçirilən 35-ci toplantısında müzakirə edilib. Bu barədə mətbuat konfransında jurnalistlərə məlumat verən MSŞT üzrə beynəlxalq idarə heyətində Avrasiya regionunu təmsil edən, Azərbaycanda MSŞA QHT Koalisiyasının koordinatoru Qubad İbadoğlu bildirib ki, beynəlxalq rəhbər komitənin toplantısında uzun müzakirələrdən sonra Azərbaycanla bağlı qərar qəbul edilib. Beləliklə də beynəlxalq idarə heyəti razılaşıb ki, Azərbaycan 2016-cı il üzrə MHŞT standartının icrası üzrə nəzərəçarpacaq irəliləyişə nail olub, həmçinin 2015-ci ildəki qiymətləndirmə ilə müqayisədə bir sıra fərdi tələblər üzrə inkişaf müşahidə edilib. Azərbaycan son irəliləyişləri nəzərə alaraq namizəd statusunu saxlayıb. Lakin beynəlxalq idarə heyəti razılaşır ki, vətəndaş cəmiyyətinin cəlbi üzrə MSŞT standartının vətəndaş cəmiyyətinin prosesə cəlbi üzrə 1.3-cü tələbində qənaətbəxş irəliləyişə nail olunmayıb. Müvafiq olaraq Azərbaycannın islahedici tədbirləri həyata keçirməyinə ehtiyac vardır. Bu islahedici tədbirlərin idarə heyətini qane edəcək dərəcədə icra olunmaması MHŞT Standartına əsasən Azərbaycanın bu təşəbbüsdə üzvlüyünün dayandırılması ilə yekunlaşacaq. İdarə heyəti beynəlxalq katibliyə növbəti idarə jeyətinin iclasınadək dəyərləndirmə aparılması işini tapşırıb. Bu qiymətləndirmə əsasında və MHŞT standartına uyğun olaraq idarə heyəti növbəti iclasında qərar qəbul edəcək. İdarə heyətinin növbəti iclası gələn ilin mart ayının 1-ci on günlüyündə Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək.

Qubad İbadoğlu qeyd edib ki, bu toplantıya qədər Azərbayacan höküməti vətəndaş cəmiyyəti protokolunun 2.2 bəndinə müvafiq olaraq vətəndaş cəmiyyətinin MHŞT prosesinə tam şəkildə cəlb olunması üçün əlverişli hüquqi və fəaliyyət mühitinin olduğunu təmin etməlidir. Xüsusilə:
1. Vətəndaş cəmiyyətinin iki ildən bir qeydiyyatı təsdiq edən çıxarışı;
2. Vətəndaş cəmiyyətinin qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməsi;
3. Xarici donorlar fərdi qrantları hökumət qurumlarında qeydiyyatdan keçməsi və qrantın məqsədəuyğunluğuna dair rəyin əldə olunması tələblərini aradan qaldırmalıdır.
Bununla yanaşı, MSŞT standartlarının və vətəndaş cəmiyyəti Protokolunun digər tələblərini qitmətləndirmək üçün Azərbaycana 2017-ci il iyulun 26-da başlayacaq üçüncü qiymətləndirici misiyası göndəriləcək. MHTŞ beynəlxalq idarə heyətinin Astana iclasında yerli vətəndaş cəmiyyətinin həmin quruma ünvanlanmış müraciətlərini təqdim edən Qubad İbadoğlu bildirib ki, bu müraciət hələ Astana toplantısı başlamamışdan əvvəl MSŞA QHT Koalisiyası tərəfindən hazırlanıb. Həmin müraciətdə bildirilib ki, biz MSŞA Koalisiyası olaraq Azərbaycanın bu təşəbbüsdə qalmasını arzulayır və ölkəmizin MHŞT çərçivəsində namizəd statusunda saxlanılmasında maraqlı olduğumuzu bildirirk. Sizdən yerli QHT-lərin MSŞT prosesində azad və effektiv fəaliyyətini təmin edəcək vətəndaş cəmiyyətinin mövcud problemlərinin həllinə yönələn, 6 aydan az 1 ildən çox olmayan müddət üçün ikinci islahedici tədbirlər planını qəbul etməyə və onun icrası üçün Azərbaycana yüksək səviyyəli missiya göndərməyi xahiş edirik. Bu müraciət MSŞA QHT Koalisiyasinin 11 nəfər şura üzvünün 6-sı tərəfindən imzalanıb. Bununla yanaşı, MSŞA QHT Koalisiyasinin 11 nəfər şura üzvünün 5-ı tərəfindən imzalanıb və idarə heyətinə ünvanlan daha bir müraciətdə Azərbaycanın əvvəlki tam hüquqlu üzv statusunun qaytarılmasına çağırış edilib.
Qubad İbadoğlu bildirib ki, o idarə heyətinin toplantısında çıxışı zamanı hər iki məktubu üzvlərə təqdim edib. Eyni zamanda, müstəqil vətəndaş cəmiyyətinin problemlərini qaldıraraq qeyd edib ki, indiyə qədər mövcud olan bəzi dəyişikliklər yalnız MSŞA QHT Koalisiyasinin üzvlərinə şamil olunub. MSŞA QHT Koalisiyasindan kənarda olan vətəndaş cəmiyyətinin problemləri həll edilməmiş qalır. O, çıxışında yalnız praktiki məhdudiyyətlərin aradan qaldırıldığını, hüquqi sahədə və fəaliyyət mühitində müsbət dəyişikliklərin aparılmadığını bildirib.
Qubad İbadoğlu beynəlxalq idarə heyətinin son toplantısında çıxışını “QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi baza təkmilləşməyəcəyi, əlverişli fəaliyyət mühiti təmin edilməyəcəyi halda vətəndaş cəmiyyətinin dayanıqlı inkişafından danışmaq olmaz” fikri ilə tamamladığını bildirib.
Mətbuat nümayənələri ilə bu məlumatları bölüşəndən sonra MSŞA QHT Koalisiyasinin kordinatoru Qubad İbadoğlu beynəlxalq idarə heyətininin qərarının MSŞA QHT Koalisiyası tərəfindən müsbət qarşılandığını və koalisiya şurasının əksəriyyətinin imzaladığı müraciətə uyğun olduğunu bidirib. O bu qərarı ideal və ədalətli olmasa da mövcud şəraitdə Azərbaycan hökümətin məsuliyyətini artırmaq və onun niyyətini qiymətləndirmək üçün optimal və kompromis qərar adlandırıb. Qubad İbadoğlu qeyd edib, bu qərarla beynəlxalq idarə heyəti Azərbaycanda vətəndaş cəmiyyətininin MSŞT-də iştirak prosesinə sistemli və ardıcıl yanaşdığını bir daha nümayiş etdirib.
MSŞA QHT Koalisiyasının şura üzvü Oqtay Gülaliyev bildirib ki, MSŞT idarə heyətinin Astana toplantısı ərəfəsində hərəkətə gəlib vətəndaş cəmiyətinin problemlərinə kosmetik əl gəzdirən hakimiyyət həmin toplantı başa çatar-çatmaz dərhal bu imitasiyanı dayandırıb: “Koalisiya üzvü olan təşkilatların qeydiyyat məsələsi natamam saxlanılıb. Bizdə olan məlumata görə, koalisiyanın üzvü olan, qeydiyyata alınmayan 36 QHT- dən yalnız 10-a yaxını qeydiyyata alınıb. Koalisiyanın şura üzvü olan Akif Qurbanovun, Azər Rəsulun, Əlövsət Sadıqlının, koalisiya üzvləri Məhəmməd Talıblının, Səməd Hətəmovun, Asif Yusiflinin, Fikrət Cəfərlinin, Cəmil Hacıyevin və digərlərinin rəhbərlik etdikləri təşkilatların dövlət qeydiyyatı hələ də problem olaraq qalır”.
O qeyd edib ki, Ədliyyə Nazirliyi 17 ildir sədri olduğu Demokratik İslahatlar Ugrunda İctimai Birliyini deyil, özünün müəyyən etdiyi, adını və məramını özü müəyyənləşdirdiyi, ona aid olmayan bir QHT-ni - “İnkişafa Yardım İctimai Birliyi”ni adına qeydiyyata alıb: “Mən insan hüquqları sahəsində fəaliyyət göstərdiyim halda bu təşkilatın məqsədi iqtisadi təhlillər aparmaqdır. Mən Ədliyyə Nazirliyinə müraciət edərək bildirmişəm ki, ya təsisisçisi olduğum və uzun müddətdir sədrlik etdiyim təşkilatı - Demokratik İslahatlar Uğrunda İctimai Birliyi qeydiyyata alın, ya da mənim adıma qeydiyyata alınan uydurma təşkilatın qeydiyyatını ləğv edin. Hazırda mən hökümətin qeydiyyyata aldığı təşkilatı qəbul etmirəm, həmin təşkilatla hər hansı formada fəaliyyət göstərmək niyyətim də yoxdur”.
Oqtay Gülaliyev qeyd edib ki, haqqında olan cinayət işinə xitam verilsə də, ölkədən çıxışıma olan qadağa götürülmədi, ona xarici pasport verməkdən imtina edilib: “Hətta söz verilməsinə baxmayaraq, koalisiya üzvü Asif Yusifli həbsdən azad edilmədi. Digər koalisiya üzvü Fuad Qəhrəmanlı ilə bağlı məsələ isə müzakirəyə belə çıxarılmır”.
O əlavə edib ki, son günlər həcmi 100 min manatdan yuxarı olan dondurulmuş layihərinin həyata keçirilməsinə razılıq verilən, reyestrdən çıxarış alan QHT- lərin əksəriyyəti hakimiyyətə yaxındır, onlara yaşıl işıq məhz MSŞT çərçivəsində həyata keçirilən son islahedici plan çərçivəsində baş tutub: “Yəni bu planın icrasından hakimiyyət daha çox yarımmüstəqil olan QHT-ləri özündən tam asılı vəziyyətə salmaq, eyni zamanda öz himayəsində olan QHT-lərə yardım etmək məqsədilə istifadə edir. Bu prosesdən müstəqil QHT- lər hər hansı formada yararlanmayıblar. Ümumiyyətlə, məlumat üçün deyim ki, digərlərindən fərqli olaraq Koalisiya Şurasında təmsil olunan müstəqil vətəndaş cəmiyyətini təmsil edən şəxslərin heç birinin qrant layihəsi yoxdur. Oqtay Gülalıyev bildirib ki, 2016-cı il aprelin 30-da keçirilən MSŞA QHT Koalisiyasinin ümumi yığıncağından ötən 6 ayda hakimiyyət üzvlərinin çoxu müstəqil vətəndaş cəmiyyəti fəallarından ibarət olan Koalisiya Şurasının legitimliyini qəbul etməyib: “QHT-lərə Dövlət Dəstəyi Şurasının koalisiyaya ayırdığı institusional layihənin icrası dayandırılıb. Koalisiyanın fəaliyyət göstərmək üçün ofisi belə yoxdur. Hazırda heç bir maliyyə mənbəyinə malik olmayan MSŞA QHT koalisiyasi mətbuat konfransının xərclərini belə öz aralarında bölüşərək ödəmək məcburiyyətindədirlər”.
O, əlavə edib ki, rəsmi müraciət edilməsinə baxmayaraq MSŞT komissiyasının sədri Şahmar Mövsümov yeni şura üzvləri ilə görüşməkdən, əməkdaşlıqdan rəsmən imtina edib. Oqtay Gülalıyevin fikrincə, hazırda ən vacib məsələ odur ki, hakimiyyət vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına rəvac verən QHT-lər, qrantlar və donorlarla bağlı qanunvericilik aktlarına edilən əlavə və düzəlişləri aradan qaldırmaq istəmir: “Bu məhdudlaşdırıcı addımlar aradan qaldırılmayınca və ümumilikdə vətəndaş cəmiyyətinə baxış dəyişməyincə, hesab edirəm ki, Azərbaycanda bu sahədə inkişafdan danışmaq mümkün olmayacaq. O son olaraq bildirib ki, Azərbaycan hakimiyyətinin qarşıdakı 4 ayda əsas görəcəyii işlərdən biri qanunvericilk sahəsində islahatlara başlamalı, məhdudlaşdırıcı əlavə və düzəlişləri aradan qaldırlmalıdır. Təkcə MSŞT koalisiya üzvlərinin deyil, ümumilikdə vətəndaş cəmiyyətinni problemlərinin həlli istiqamətində ciddi addımlar atmalı, islahedici planda nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirməlidir. Koalisiya üzvləri Asif Yusifli və Fuad Qəhrəmanlı həbsdən azad edilməlidir.
Koalisiya Şurasının üzvü Akif Qurbanov vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən hüquqi bazanın təhlilinin verib. O bildirib ki, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan prezidenti 2016- cı il oktyabrın 21-də fərman imzalayıb. Lakin həmin fərmanı son dövrlər problemlərin həlli istiqamətində ciddi təkmilləşmə kimi təqdim edilsə də, əslində təəssüf ki, QHT və qrant haqqında qanunlarda heç bir dəyişiklik baş vermədiyi və fərmanın qanundan üstün hüquqi qüvvəyə malik olmadığı üçün atılan addım xarici donorlardan qrant əldə edilməsini və qrant müqavilələrinin qeydiyyatına heç bir müsbət təsir göstərə bilməz. Yəni problem "qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin" əldə edilməsi prosedurunun çətin və ya sadə olmasında deyil. Problem belə bir rəyin verilməsindədir. Əsas odur ki, rəyin sadə və ya çətin prosedurlarla verilməsi yox, rəy məsələsi olmamalıdır. Əgər rəy verilmə proseduru saxlanılırsa bu hakmiyyətə legal imkan yaradır ki, arzulamadığı mövzu və təşkilatları, xüsusən şəffaflıq, demokratiya və insan haqlarına dair qrantı məqsədəmüvafiq hesab etməsin. Digər tərəfdən bu məsələləri tənzimləyən əsas üstün hüquqi sənəd "Qrant haqqında" qanundur. Qaydalar isə onun icrası ilə bağlıdır. Qanun dəyişmədiyi halda, mürtəce müddəalar mövcud olduğu halda vəziyyətin irəliləməsindən danışmaq mümkün deyil.
Akif Qurbanovun sözlərinə görə, MSŞT üzrə beynəlxalq idarə heyətinin qərarında göstərildiyi kimi, növbəti toplantıya qədər Azərbayacan höküməti vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli hüquqi və fəaliyyət mühitini təmin etməlidir: “Qərarda qeyd olunduğu kimi, hökumət vətəndaş cəmiyyətinin iki ildən bir qeydiyyatını təsdiq edən çıxarışı, qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməsini, xarici donorların fərdi qrantlarının qeydiyyatdan keçməsi və qrantın məqsədəuyğunluğuna dair rəyin əldə olunması tələblərini aradan qaldırmalıdır. Qərarda açıq ifadə olunur ki, idarə heyətinin mart toplantısına qədər bu baş verməyəcəksə, Azərbaycanın MHŞT-də statusunun dayandırılması gözlənilir”.
O, qeyd olunanların qarşıdakı dövrdə həm hüquqi, həm də tənzimləyici sahədə islahatların davam etdirilməsini zəruri etdiyini deyib. Onun sözlərinə görə, əgər həqiqətən də hakimiyyət vəziyyəti düzəltmək istəyirsə bunları etməlidir:
1. QHT-lər və qrant haqqında qanunlar tamamilə dəyişməlidir;
2. Birləşmə və toplaşma azadlığı təmin edilməlidir;
3.Vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı münasibətin özü dəyişməlidir: təzyiqlər aradan qaldırılmalı, ölkədən çıxışa qoyulan stop və biabırçı yoxlamalar aradan qaldırılmalı, dövlət başçısı başda olmaqla məmurlar onlara "5-ci kalon" ritorikası ilə yox, ölkənin problemlərinin həllində tərəfdaş kimi baxmalıdır və s.
Sonra çıxış edən digər şura üzvləri İlham Hüseynli, Əlövsət Sadıqlı və Azər Rəsul mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüblər. Yekun olaraq çıxış edən MSŞA QHT Koalisiyasinin kordinatoru Qubad İbadoğlu koalisiyanın növbəti dövr üçün fəaliyyət proqramını da təqdim edib. O qeyd edib ki, koalisiya şurası hazırda çoxtərəfli qrupda vətəndaş cəmiyyəti üzvlərinin maliyyələşmə mənbələri, iş proqramları, onların vəzifələri, şəffaf və hesabatlı fəaliyyətlərinə dair qaydalarının müzakirə edir, MSŞT üzrə layihə icra edən təşkilat və ya proqram rəhbərlərinin layihə çərçivəsində gördüyü işlərə dair hesabatlılığın və şəffaflığın artırılmasına çalışır.

Xudaferin.eu

11:49