Məcburi köçkünün yaşadığı evi sökürlər: “11 nəfərik, harada yaşayaq?”

 

"Mən Ağdamda o boyda ev qoyub gəlmişəm. Bəs mən o evləri kimdən tələb edim? Öz xoşuma gəlmişəm bura? Torpağımızı aldılar, özümüzü evi-eşiyimizdən didərgin saldılar, gəldim ki, Qarabağ alınana qədər qalım burda. İndi burdan hara gedim?”, - deyə Arzu Bəxtiyarova fəryad edir.
 

Əslən Ağdamın Şelli kəndindən olan 43 yaşlı qadın ailəsi ilə birgə Bakıda məcburi köçkün həyatı yaşayır. 25 il əvvəl dədə-baba torpaqlarından didərgin düşmüş bu ailə bu gün 25 ildir yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi 6/4 ünvanında yerləşdiyi evdən də çıxarılır.

Ətrafında dağılmış evlərə baxıb, hönkürür:
 

- Bizim taleyimiz necə olacaq? Görəsən, mənim də ölməyə bir evim olacaq? Yoxsa, elə onun-bunun evində? Ağdam alınana kimi bizi müvəqqəti ev verərdilər... Həyat yoldaşı Nizami Bəxtiyarov Arzunun eşidəcəyindən ehtiyat edərək pıçıltılı səslə: "Onkoloji xəstədir. Allah bilir, nə qədər ömrü qalıb. 3 il, 5 il...”
 

Ailə 1993-cü ildə Ağdamın işğalından sonra Bakıya köçüb və hazırda mübahisəli evdə yerləşdirilib. Qayınatası rəhmətə getdiyindən Arzunun ailəsinə də Nizami sahib çıxıb. Və 11 nəfərlik ailə 3 otaqlı evdə yaşamağa başlayıblar.

- 93-də gələndə də 11 nəfər olmuşuq. Qayınatam 91-də rəhmətə getdi deyə, böyük olaraq mən yanımda saxladım. 3 baldızım ailə qurub köçüb, qaynım evlənib. Yenə 11 nəfərik: mən, yoldaşım, 3 uşağım, qayınanam, qaynım, onun həyat yoldaşı və üç balası. 93-də Bakıya gələndə Nəsimi rayon Polis İdarəsinin rəisi Natiq Ağayev bizi gördüyünüz bu evə yerləşdirdi. Erməni çıxıb getmişdi, ev boş qalmışdı. 1994-cü ildə mərhum Heydər Əliyev qərar verdi ki, məcburi köçkünləri icra başçıları qeydiyyata götürsün. 95-ci ilin sentyabrda biz bura qeydiyyata düşdük.

Nizami bəy deyir, onların evi Vasakan adlı erməninin olub. Qarabağ müharibəsi zamanı ermənilər qarabağlıları yurdlarından qovanda həmin bu erməni də təşvişə düşüb, evini qoyub, Moskvaya köçüb. Qonşusu Elvira Şahramova ilə birgə. 1995-ci ildə Elvira Şahramova Bakıya qayıdıb. Məlum olub ki, Elvira Moskvada Vasakanla evlənib və həmin erməni Nizami Bəxtiyarovgilin yaşadığı evi Bakıda yaşayan ögey qızı Zülfiyyənin adına sənədləşdirib.
"2008-ci ildə Zülfiyyə bizi verdi Nəsimi rayon məhkəməsinə ki, evimdən çıxın. Ona qədər yaşadığımız evin Zülfiyyənin adına özəlləşdiyini bilməmişik. Məhkəmə oldu, Zülfiyyə gəlmədi. İddiaçı tərəfdən kimsə gəlmədi deyə hakim məhkəməni açıq saxladı. Biz də avam adamlarıq, sevindik ki, daha bizi evdən çıxartmayacaq”, - deyə Arzu Bəxtiyarova əlavə edir. 2008-ci ildə açıq qalan məhkəmə işinə 2013-cü ildə təkrar baxılır. Nəsimi rayon Məhkəməsi iddiaçı tərəfin xeyrinə qərar çıxarır və Nizami Bəxtiyarovgilin evi boşaltmasına göstəriş verir. Bundan sonra onlar apellyasiya şikayəti verir. Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayır. Üstəlik də onların mənzil probleminin həllinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunması haqda qərarı da ləğv edir.

Arzu xanımın sözlərinə görə, 2016-cı ildə Zülfiyyə Hüseynova öz adına olan digər mənzili qızının adına sənədləşdirib.
 

- Ondan sonra bizdən tələb etdi ki, çıxın evimdən. Digər ev qızımındı, mənim yaşamağa evim yoxdu. İşimiz Ali Məhkəmədədir. Döymədiyimiz qapı qalmayıb, kimsə bizim dərdimi dinləmir.
 

Hazırda bu ailənin yaşadığı məhəllədə söküntü işi aparılır. Sökülən evlərin yerində "Pilot Həyat” MMC çoxmərtəbəli bina tikəcək. Digər sakinlər demək olar ki, köçürülüb. Bəxtiyarovların yaşadığı ev problemli olduğundan razılaşma alınmayıb. Nizami bəy deyir ki, qonşularına yeni tikiləcək binadan ev veriləcək, onlara isə yox. Belə ki, onların yaşadığı ev Zülfiyyə Hüseynovanın adına olduğundan MMC müqaviləni onunla bağlayıb.
 

"Qaçqınkomun Nəsimi rayon üzrə nümayəndəsi Bəyverdi müəllim (Novruzov) bizə deyir ki, iki illik kirayə çıxın. Xərcini biz verərik. Əgər bu iki il ərzində Komitə məcburi köçkünlər üçün ev tikməsə, onda sizi yenə Zülfiyyənin evinə qaytaracağıq. Buna kim inanar? Zülfiyyə təzədən bizi evə buraxar? Niyə aldadırlar bizi?”, - deyərək Arzu xanım gözünün yaşını tökür.
 

Həyat yoldaşının ağlamaqdan danışa bilməyəcəyini görən Nizami Bəxtiyarov əlavə edir:

- Niyə bizə sahib çıxmırlar? Harada yaşayaq? 11 nəfərik. Küçədəmi qalaq? Hara gedək?..

bakipost.az

06:24