Məcburi köçkünlərin hesabındakı borclar saxlanır, limitlər sıfırlanır - Bu addım onları təbdən çıxarıb

 

Məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalanandan sonra yanvarın 1-dən onların yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişləri ləğv edilib. Prezidentin fərmanı ilə hər məcburi köçkünə ayrılan 36 manatdan sonra kommunal xidmətlər üzrə onların hesabında oturan məbləğ də sıfırlanıb.  
Yəni məcburi köçkünlərin məskunlaşdıqları mənzillərdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB-in quraşdırdığı sayğaclara dövlət tərəfindən yüklənmiş məbləğlər silinib. Bəzi məcburi köçkün ailələri var ki, həmin kommunal xidmətlər üzrə onların sayğacına yüklənən məbləğin limitini aşaraq, onlara əlavə borc yazılıb. Bəzi köçkün ailələrsə kommunal xidmətdən qənaətlə istifadə edib, hətta onların bir aydan digər aya əlavə limitləri də toplanıb. Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsində məskunlaşan sakinlərdən aldığımız məlumata görə, elə məcburi köçkün var ki, hesabında 450 manatlıq təbii qaz olub və bu məbləğ onun hesabından silinib. Hazırda məcburi köçkünlərin etdiyi narazılıqlardan biri də onlara öncədən heç bir məlumat verilmədən hesablarında toplanan ehtiyat limitin sıfırlanmasıdır. Dövlətin məcburi köçkünlərin əvəzindən kommunal qurumların hesabına ödədiyi bu xərclər hara gedib, şəxsi ciblərəmi, ya yenidən dövlət büdcəsinəmi? – deyə məcburi köçkünlər sual edir.

Onları bu suallar da düşündürür: Sıfırlanan limitlərin bərpası mümkündürmü? Hazırda məcburi köçkünlərin ümumi hesabına nə qədər kommunal borc toplanıb? Ölkə başçısı tərəfindən aztəminatlı ailələrin zaman-zaman kommunal xidmətlər üzrə vergi borclarını silməsi ənənəsi var. Məsələn, ötən il prezident sosial problemlər məngənəsindən etiraza qalxan Nardaran əhalisinin elektrik enerjisinə görə bir əsrdən çox toplanan 42 milyon manatlıq borcunu sildi. Məcburi köçkünləri belə bir humanist ənənənin yenidən tətbiq olunması üçün nə edə biləcəkləri də maraqlandırır. Qaçqın və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov sualları qeydə aldığını bildirdi və bu barədə araşdırıb bizə məlumat verəcəyini dedi.

İqtisadçı ekspert Rövşən Ağayev açıqlamasında bildirdi ki,məcburi köçkünlərin hesabı sıfırlanıbsa, onun yenidən bərpası mümkün deyil. Hazırda elektron xidmətin mövcudluğu şəraitində bu məbləğlərin yenidən dövlət büdcəsinə qayıtması da mürəkkəb proses deyil: “Bu texniki baxımdan elə də çətin proses olmamalıdır. “Qaçqınkom”dan kommunal xidmətlər üzrə qurumların hesabına köçürülən məbləğ yenidən geri qaytarılacaq, oradan isə dövlət büdcəsinə göndəriləcək. Xəzinədarlıq sistemi də onlayn şəkildə operativ işlədiyi üçün, bu, avtomatik prosesdir. Hüquqi baxımdan inanmıram ki, kimsə məcburi köçkünlərin bu probleminə dəstək ola bilsin. Fərman yanvarın 23-dən verilsə də yanvarın 1-dən tətbiq olunur. Hesaba oturan məbləğlər silinibsə, onunu geri qaytarılmasına cəhdlər məncə, əbəsdir”.

İqtisadçı təklif etdi ki, məcburi köçkünlər ölkə rəhbərliyinə müraciət etsələr, heç olmasa, onların borcları silinməsinə nail olmaq mümkündür: “Məcburi köçkünlərə verilən müavinatlar azaldıldı, heç olmasa yeni dövrə adaptasiya olunmaq üçün köçkünlərin hesabına toplanan borclar silinsin. Yəqin ki, bu barədə Dövlət “Qaçqınkom”da məlumat olar. Kommunal xidmətlər üzrə limitdən artıq istifadəyə görə məcburi köçkünlərin nə qədər borcu yaranıb? Bu statistikanı “Qaçqınkom” açıqlasa, məcburi köçkünlər ölkə başçısına müraciət etməklə problemlərinin həllinə məncə, nail ola bilərlər. Məcburi köçkünlər cəmiyyətin aztəminatlı təbəqəsidir, ola bilsin edilən güzəştlər onları arxayın salıb və limiti aşıblar. Ona görə də onların 2017-ci il yanvarın 1-ə qədər olan borclarının silinməsi yaxşı olardı”.
 

Sevil
Hurriyyet.org

 

09:49