“Mastercard” Azərbaycanda nağdsız ödəmənin inkişafına dəstək verəcək

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən “Mastercard” şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə meneceri Yasemin Bedir nağdsız ödənişlərin inkişafının "Mastercard"ın bütün ölkələr üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə şirkətlə Azərbaycan hökuməti və kommersiya bankları arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların artırılması sahəsində elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi, əhatə dairəsinin və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi olduqca vacibdir.

“Azərbaycan “Mastercard” üçün olduqca önəmli bir bazardır. Bu səbəbdən ölkədə nağdsız ödənişləri inkişaf etdirmək istiqamətində Azərbaycanda fəaliyyət göstərən banklar və dövlət orqanları ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Azərbaycanda “Mastercard” nümayəndəliyinin açılmasının səbəblərindən biri də məhz elə budur. Bununla yanaşı, Azərbaycan hökuməti ilə ölkədə kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparırıq. “Mastercard” olaraq biz Azərbaycanın böyük potensialına və ölkənin parlaq gələcəyinə inanırıq”, - deyə Yasemin Bedir bildirib. O, həmçinin qeyd edib ki, aparılan hesablamalara əsasən, gələcək 3 ildə bütün ödəmələrin nağdsız yollarla həyata keçirilməsi ilə nağd pul vəsaitlərin istifadəsindən yaranan xərclərin qarşısı alınacaq, bu da ÜDM-in təxminən 3%-ni təşkil edə bilər. Belə bir gösətrici hər bir ölkə üçün əhəmiyyətli bir qazancdır.
Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə meneceri Alper Meriç vurğulayıb ki, innovativ həllər üzrə qlobal şirkət olaraq “Mastercard” müştərilərinə ən son texnoloji yenilikləri və həlləri təqdim edir, nağdsız ödənişləri inkişaf etdirmək və müştəriləri stimullaşdırmaq məqsədilə yerli və beynəlxalq şirkətlərlə birgə müxtəlif aksiya və kampaniyalar həyata keçirir.
“Hazırda Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur. Buna baxmayaraq, ölkə nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib. Bizim Azərbaycana olan inamımız böyükdür. Məhz buna görə, ölkənin rəqəmsal və nağdsız ödənişlərin tətbiqi üzrə regionda lider mövqe tutmasını, “Mastercard”ın ən innovativ texnologiyalarını ilk tətbiq edən ölkələrdən biri olmasını arzulayırıq və bunun üçün öz təcrübəmizi paylaşmağa hazırıq. Şadam ki, Azərbaycanda nümayəndəliyimiz fəaliyyətə başladı. Buradakı fəaliyyətimiz “Nağdsız Azərbaycan” konsepsiyasına əsaslanacaq”, - deyə A.Meriç qeyd edib.
Nağd vəsaitlərin yaratdığı maliyyə yükündən danışan A.Meriç “Mastercard”ın bu istiqamətdə dünyanın bir çox ölkəsində apardığı araşdırmaları vurğulayıb: “Araşdırmalara əsasən, əgər Türkiyə kimi ölkədə bütün ödənişlər 3 il boyunca nağdsız şəkildə aparılarsa, qənaət nəticəsində əldə olunan vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana və ya 11 dəmir yolu xətti inşa etmək mümkün olar”.

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.

TREND. IA

15:25