Maral Rəhmanzadənin 100 illiyinə həsr olunmuş sərgi

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Rəssamı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb. Azərbaycan Milli İncəsənət Muzeyində açılan sərgidə rəssamın ailə kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan sənət əsərləri nümayiş olunub. Tədbirdə unudulmaz fırça ustasının həyat və yaradıcılığından söz açılıb. M.Rəhmanzadənin Azərbaycan incəsənət tarixindəki xidmətlərinə toxunan nazir müavini deyib ki, təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan rəssam bənzərsiz əsərlər yaradıb. Vurğulanıb ki, onun böyük ustalıqla yaratdığı sənət əsərləri Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. M.Rəhmanzadənin ötən əsrin 60-cı illərində yaratdığı “Bizim Xəzərdə” adlı 16 vərəqli rəngli avtolitoqrafiyalar silsiləsi, “Naxçıvan”, “Mənim Vətənim”, “Mənim Azərbaycanım” adlı tablolar seriyası onun doğma vətəninə olan sonsuz məhəbbətinin təzahürüdür. O, milli rəssamlığımızın zəngin ənənələrini uzunillik yaradıcılığında yorulmadan böyük sevgi və məhəbbətlə əks etdirməyi bacarıb. Rəssamın milli rəngkarlıq məktəbinin formalaşmasında xidmətlərindən danışan Ə.Vəliyev qeyd edib ki, o, mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə dəyərli töhfələr bəxş edib.

Xalq rəssamları Ömər Eldarov və Ağəli İbrahimov M.Rəhmanzadənin zəngin yaradıcılıq ənənələrindən danışıblar. 1933-cü ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirən M.Rəhmanzadə 1940-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Yaradıcılıq ənənələrinə gənc yaşlarından başlayan rəssam sənət fəaliyyətində hər zaman novatorluğu ilə seçilib. Əsərlərinin sevimli qəhrəmanı qadın olan sənətkar “Azərbaycanın qadın aşıqları və şairələri”, “Azərbaycanın qadınları”, “Mənim bacılarım” əsərləri ilə istedadlı və gözəl xanımlarımızın obrazlarını yaradaraq, onların zəngin daxili mənəvi aləmini ustalıqla açıqlaya bilib. Maral Rəhmanzadənin qrafika sahəsində gördüyü işlərə toxunan natiqlər nəzərə çatdırıblar ki, onun çəkdiyi tablolar müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox tanınmış muzeylərində, rəsm qalereyalarında, sərgi salonlarında uğurla nümayiş olunaraq şəxsi kolleksiyalarının bəzəyinə çevrilməklə yanaşı, milli mədəniyyətimizin təbliğinə xidmət edib. Rəssamın vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan, Lənkəran, Şamaxı və Qubanın qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərinin lakonikliyi və güclü səmimiyyəti ilə diqqəti cəlb edir. M.Rəhmanzadənin geniş diapazonlu yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olmaqla daima yüksək qiymətləndirilib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə rəssamın 80-dən çox sənət əsəri nümayiş olunub. Sərginin ekspozisiyasında yer alan “Dağ mənzərəsi”, “Göy-göl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “ Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları” və digər sənət əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb. Sərgi noyabrın 19-dək davam edəcək.

Xudaferin.eu

13:54