Manipulyasiyadan qazanılan milyonlar

 

Pərviz Heydərov: “Kommersiya banklarının başqa gəlir mənbələri yoxdur”

 

Son günlər manatın dollara nisbətən bahalaşmasından istifadə edən banklar məzənnə manipulyasiyası hesabına böyük gəlirlər götürmək istəyir. Dolların son hərracdakı məzənnəsi 1.7282 AZN müəyyən edilsə də, bəzi banklarda dolların alış-satış məzənnəsi rəsmi rəqəmdən də aşağı olub. Banklar dollar alışı ilə bağlı yüksək səviyyədə manipulyasiya edirlər. Qeyd edək ki, qlobal bazar üzrə məlumatlara əsasən, dollar manata qarşı 2,75 faiz ucuzlaşıb və hazırda məzənnə 1,8252-dir. Bu, dolların dünya bazarındakı əsas valyutalara olan münasibəti üzrə qeydə alınan ən böyük ucuzlaşmadır.

İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, ölkədə valyuta bazarında yaranmış vəziyyətlə əlaqədar məsələyə düzgün yanaşmaq lazımdır: “Əvvəla, yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi xeyli müddətdən sonra, sabitləşib. Bunda da bir neçə faktor mühüm rol oynayıb və oynayır. Birinci, xarici təsirlər. Yəni, qonşu ölkələrdə əsasən də ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin səngiməsilə bağlı təzyiqlər azalıb. İkinci, hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişib. Üçüncü, ölkədə pul-kredit siyasəti sərtləşdirilib. Dördüncüsü, valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilib. Beşinci, ölkədə dollarizasiyanın özü də ən zirvə nöqtəsinə çatdığından xarici valyutaya tələb minimuma enib. Odur ki, manatın bahalaşmağa doğru start götürdüyü nəzərə çarpmağa başlayıb. Ancaq bu, aradabir qeydə alınan bir tempdir. Bütövlükdə vəziyyət qeyd etdiyim kimi sabit xarakter daşımaqdadır”.

Bankların yaranmış məzənnə sabitliyinə istinadən gəlir götürməsinə və bu situasiyadan istifadə etməsinə gəlincə, ekspert xatırladıb ki, Mərkəzi Bank (AMB) bu ilin yanvarın 12-dən etibarən valyuta hərraclarının keçirilməsi qaydalarını növbəti dəfə dəyişdirib: “Yəni, daha yeni formaya doğru təkmilləşdirmiş, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tətbiq olunan 4 faizlik marjanı ləğv etmiş və bununla da manatın "tam üzən məzənnə" rejiminə keçidi təmin edilib. Odur ki, manipulyasiya dedikdə söhbətin əslində nədən getdiyi dəqiqləşdirilməlidir. Marjanın ləğvindən sonra, banklar alqı-satqı qiymətlərini özləri müəyyən edir. Heç bir bank da vətəndaşı və yaxud da hər hansı bir subyekti məcbur etmir və edə də bilməz ki, valyuta mübadiləsini məhz onun təklif etdiyi qiymətə həyata keçirtsin. Yəni, ortada belə bir mexanizm yoxdur. Banklar dolları ucuz qiymətə almağı təklif edirlərsə, deməli, dollarları çoxdur. Baha qiymətə satırlarsa, demək, manatları yoxdur, yəni, milli valyutaya ehtiyac duyurlar. Bax, həqiqət məhz bundan ibarətdir. Eyni vəziyyət hazırda əhali üzrə də müşahidə olunmaqdadır. Belə ki, əllərdə xarici valyuta var, amma kifayət qədər manat yoxdur. Yəni, hər şey əslində, tələb ilə təklifin nisbətinə əsasən baş verir”.

Pərviz Heydərovun qənaətincə, ölkədə kommersiya banklarının başqa gəlir mənbələri yoxdur: “Odur ki, hələ keçən ilin dekabrında 4 faizlik marjanın ləğv olunması təklifini ilk dəfə irəli sürərkən də yazmışdım ki, bunun ləğvi həm də qeyd olunan məqsədə xidmət naminə zəruri xarakter daşıyır. Yəni, bankların müvəqqəti də olsa, müvafiq gəlir götürə bilmələri üçün. Ona görə də burada heç bir mənfi hal və manipulyasiya elementi yoxdur və axtarmaq da lazım deyil. Kommersiya banklarının dolların alışı ilə satışı qiymətləri arasındakı kəskin distansiyadan əsasən, idxalçılar zərər görürlər. Bu dolayı yolla olsa da, bir sıra yerli istehsalçılar üçün xeyirli məqsəd daşıyır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

14:41