Manata 6 milyardlıq təhlükə

 

Qulu İbrahimli: “Beynəlxalq Bank bu vəsaiti gələcək aylarda Mərkəzi Bankdakı hesabından çıxara, dövriyyədəki manat kütləsi arta bilər”

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə aprel ayının dördüncü valyuta hərracı keçirilib. Valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb. Sonuncu hərracda isə USD/AZN cütlüyünün məzənnəsi 1,7029 səviyyəsində formalaşmışdı. Analitiklər bildirirlər ki, AMB son iki valyuta hərracında dolların rəsmi məzənnəsinin 1,70 AZN/USD səviyyəsindən aşağı salmaq istəmədiyini göstərib. Sabitləşmə yarandıqdan sonra neft qiymətlərində artım davam edərsə, dolların ucuzlaşması prosesi yenidən davam edə bilər. Digər ehtimal isə ortamüddətli perspektivdə dolların məzənnəsinin 1,70 AZN/USD səviyyəsində sabitləşdiriləcəyini nəzərdə tutur. Maraqlıdır, bu sabitləşməni uzun müddət qoruyub saxlamaq olacaqmı?Ümumiyyətlə, dolların ucuzlaşması prosesi yaxın aylar üçün də keçərlidirmi?

İqtisadçı-ekspert Qulu İbrahimli açıqlamasında, manatın 2015-ci ildəki ikinci kəskin devalvasiyası və ondan sonrakı ucuzlaşması ilə bağlı mövqeyinin lap əvvəldən milli valyutanın ucuzlaşması ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) problemi arasında birbaşa əlaqəsinin olduğunu bildirib: “Məhz ABB-nin problemli kreditlərinin Aqrarkreditə ötürülməsi müqabilində Mərkəzi Bankın (AMB) havadan emissiyaya yol verməklə ABB-yə vəsait ayırması, AMB-nin balansında tarazlığın pozulmasına səbəb olur və bu da öz növbəsində manatın inzibati yolla süni ucuzlaşdırılmasını labüd edib. Mövcud olmuş məzənnə rejimi “ABB sindromlu məzənnə rejimi” olub.ABB-nin sağlamlaşdırılması üçün çox yanlış mexanizm müəyyən olundu.2016-cı ilin ikinci yarısından sonra manatın əhəmiyyətli dərəcədə ucuzlaşması da ABB-yə vəsait ayrılmasının növbəti mərhələsi ilə bağlı olub.Məhz 2017-ci ildən Dövlət Neft Fondundan AMB-na transfertlər nəzərdə tutulması, manatın ABB probleminə görə labüd süni ucuzlaşdırılmasının qarşısını alıb.

Çox təəssüflər olsun ki, 2017-ci ilin fevral ayından manatın dəyər qazanması mətbuatda guya dövriyyədə manat qıtlığının olması ilə əlaqələndirilməyə başlanıldı. Halbuki rəsmi monetar statistikadan da görünür ki, pul bazasının əsas tərkibi olan "Dövriyyədə nəğd pul" məbləği 2017-ci ilin həm yanvar, həm də fevral ayında 6,5 milyard manat olub ki, bu da son 19 ay ərzində, yəni, 2015-ci ilin avqust ayından 2017-ci ilin fevral ayınadək olan bütün dövrdə (2016-dekabr istisna olmaqla), həmçinin, 2016-ci ilin orta aylıq göstəricisindən (6,1 milyard) yüksək olub. Fevral ayında 6,0 milyard manat olan “Banklardan kənarda nağd pul” və “Banklardakı nağd manat” komponentləri üzrə müqayisə aparsaq, vəziyyət təqribən qeyd etdiyimiz kimidir. Kommersiya banklarının kassasında son 19 ay ərzində hər ay 500-600 milyon manat olub, həmin dövrdə orta aylıq göstərici 572,0 milyon manat təşkil edib. 2017-ci ilin yanvar və fevral aylarında, müvafiq olaraq, 618,1 və 541,1 milyon manat nağd manat olub”.

Ekspert onu da qeyd edib ki, iqtisadiyyatın kiçilməsini də nəzərə almaq lazımdır: “Hesab edirəm ki, dövriyyədə manat qıtlığı və əlavə manat kütləsinin buraxılmasından sonra manatın ucuzlaşacağı ilə bağlı söylənilənlər təbliğata xidmət edir. Kimlərsə ya bilərəkdən, ya da bilməyərəkdən bu təbliğata xidmət edir. Ona görə ki, Mərkəzi Bankın havadan emissiya ilə ABB-yə ayırdığı vəsaitlərdən 6,0 milyard manatı (2016-cı ilin birinci yarısının rəqəmi) və bəlkə də daha çoxu Mərkəzi Banka illik 5 faizlə depozit yatırılıb. Azərbaycan Beynəlxalq Bankı bu vəsaiti gələcək aylarda Mərkəzi Bankdakı hesabından çıxara, dövriyyədəki manat kütləsi arta bilər.İndidən ictimai rəy hazırlanır.Manata real təhlükə bu depozitdir".
Fizika, kimya elminin araşdırmalar üçün öz laboratoriyaları olduğu kimi, pul siyasətinin də əsas laboratoriyası Mərkəzi Bankın icmal və analitik balansları, pul-kredit statistikasıdır.Məhz balans maddələrinin vəziyyəti və onlarda baş verən dəyişikliklər araşdırılmalıdır.Əks halda, söylənən fikirlərin heç bir elmi əsası olmaz. Əgər manatın məzənnəsi ilə pul bazası arasında əlaqəni və ümumilikdə yürüdülən pul siyasətini elmi əsaslarla ciddi şəkildə kimsə həqiqətən araşdırıb dərinliklərə baş vursaydı, dərinliklərdən “quru” deyil, müəyyən məsələlərə bulaşıb “yaş” çıxmalıydı.Məsələn, Beynəlxalq Bankın Mərkəzi Banka yatırdığı depozitin manatın məzənnəsinə olan təsirlərini görməliydi.Halbuki bu məbləğ həm Mərkəzi Bankın rəsmi xalis valyuta ehtiyatlarının manat ifadəsində məbləğinə, həm də pul bazasına təqribən bərabərdir.Bu boyda təsiri görməmək olarmı?!2016-cı ilin dövlət büdcəsinin icrası barədə məlumatla, daha doğrusu Neft Fondundan illik edilməli transfertin yarıya qədərinin ilin sonuncu ayında - dekabrda baş verməsi ilə Mərkəzi Bankın analitik balansı arasında uyğunsuzluğu görməli idi və müəyyən şübhələr yaranmalıydı”.

Qulu İbrahimli hesab edir ki, Mərkəzi Bankın pul bazası barədə statistikası konseptual baxımdan yanlışdır: “Əslində, pul bazası elan olunandan daha çoxdur. Məsələn, Dövlət Xəzinədarlığının Mərkəzi Bankdakı hesablarında saxlanılan vergi ödəyicilərinin ƏDV depozit hesabı məbləğləri pul bazasına salınırmı?Halbuki bu məbləğlər də pul bazasına daxil edilməlidir.Beynəlxalq Bankın Mərkəzi Bankda bloklaşdırılan xarici valyutası da dollarla pul bazasına daxil edilməyib. ABB-nin MB-dakı bəhs etdiyi manat depozitinə də, əslində, pul bazası kimi baxmaq lazımdır. Bu vəsaitlərin iqtisadiyyata daxilolma forması fərqlənsə də, emissiya təsirləri dövriyyədəki nağd vəsaitlərlə eyni gücə malikdir.Qeyd edilənləri nəzərə alanda görürük ki, Mərkəzi Bankın analitik balansında “Mərkəzi Bankın pulu” tarixində rekord həddə çatıb. 2017-ci ilin 02 fevralında çərşənbə axşamı manat pik həddə ucuzlaşdırılb USD/AZN məzənnəsi 1,9200 manata yüksəldilib. Fevralın 16-da ayın ən aşağı səviyyəsi olan 1,7296 manata düşüb, növbəti gün isə yenidən manat ucuzlaşdırılmağa (1,7352) başlanıb.  Hesab edirəm ki, bu hal təsadüfi olmayıb.İki həftə ərzində ABB-nin problemli kreditlərin növbəti hissəsinin ötürülməsinin və ona vəsait ayrılmasının baş verdiyini düşünürəm. Fikrimcə, fevralın 2-də ABB-nin dollarla olan problemli aktivləri ən yüksək məzənnə əsasında (1,92) manatla qiymətləndirilib Aqrarkreditə ötürülüb ki, Mərkəzi Bankdan daha çox vəsait alınsın. Fevralın 15-16-da Neft Fondundan Mərkəzi Banka valyuta transferti məbləğindən ABB-yə xarici valyuta ödənib.Ona görə də manat həmin gün bahalaşdırılıb ki, daha çox xarici valyuta ödənsin.Fevralın sonrakı günlərdə manat yenidən ucuzlaşdırılıb.Hazırda manatın gələcək məzənnəsi “ABB sindromlu məzənnə rejimi”ndən və Beynəlxalq Bankın Mərkəzi Bankdakı depozit hesabındakı məbləğin taleyindən asılıdır.“Təbliğatçılar” bu depozitin indi hansı məbləğdə olduğunu ilk növbədə araşdırıb, sonra proqnozlar versinlər”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

06:20