Maliyyə böhranının növbəti qurbanları

 

21 kredit təşkilatının lisenziyası ləğv olundu. Natiq Cəfərli: “Vəziyyət göründüyündən də çətindir”

Ölkədə baş verən dərin maliyyə böhranı, əhalinin gəlirlərinin azalması artıq ciddi nəticələrini göstərir.Devalvasiyadan sonra 11 bankın lisenziyası ləğv olundu və prosesin davamlı olacağı haqqında ekspertlər müxtəlif şərhlər verdilər.İndi isə növbə bankların digər bir qolu hesab olunan Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) çatıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Palatanın məlumatında deyilir ki, bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən "Ağammədli”, "Ağdaş”, "Aqrovest”, ”Balıqçı”, "Bənövşə”, "Buta”, "Fəqan”, "Fidan”, "Girdiman”, "İnkişaf”, "Meridian”, "Mikrokredit”, "Muxax”, "Nihat”, "Qarabağ-2010”, "Şəmkir”, "Şəmkir Aqro”, "Zərqova”, "Ziya” kredit ittifaqlarına və öz müraciətləri əsasında "A.F.S” və "KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib. Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə "Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.Ümumilikdə 21 BOKT-nın ləğv olunması bank sistemində yenidən çaxnaşma yaradıb.Bəs bunun effekti və ya mənfi tərəfləri nə olacaq?

Bu barədə şərhində iqtisadçı-ekspert Natiq Cəfərli adıçəkilən kredit təşkilatlarının bir çoxunun artıq fəaliyyətini çoxdan dayandırdığını dedi. Ekspert qeyd edib ki, baş verənlər ölkənin bank-kredit sistemində baş verənlərin bariz göstəricisidir: “Ölkədəki böhran, maliyyə-kredit siyasətinin sərtləşməsi, verilmiş kreditlərdə geridönüş problemlərinin olması bu təşkilatların fəaliyyətinə ciddi zərbə vurmuşdu. Ölkədə iqtisadi-aktivlik, biznes mühiti olmayan bir şəraitdə kredit təşkilatlarının fəaliyyət göstərməsi çox çətin olur.Bu da ölkədə ümumi bank-maliyyə problem ilə bağlıdır. Kredit təşkilatlarının əsas qazanc mənbəyi müxtəlif iqtisadi canlanmaya, yeni iş yerlərinin yaranmasına səbəb olan layihələrə vəsaitin ayrılmasından ibarətdir. Ölkədə iqtisadi aktivlik aşağı düşürsə, ticarət dövriyyəsi zəifləyibsə, iş şəraiti ilə bağlı problemlər varsa, investisyalar azalıbsa bu təşkilatların da gəlirlə işləməsi mümkünsüz hala gəlir. Hərçənd ki, kredit təşkilatlarının özlərinin idarəetməsində də problemlər var idi.Azərbaycanda kifayət qədər yüksək faizlə kreditlər verilirdi.30 faizdən yuxarı faizlə verilən kreditlər heç sahibkara biznesini inkişaf etdirməyə imkan vermir.Ona görə də bu təşkilatların lisenziyasının ləğv olunmasına ümumi prosesin tərkib hissəsi kimi baxmaq olar.Bu, həm də onu deməyə əsas verir ki, ölkədə kreditlərlə, investisiyalarla bağlı kifayət qədər ciddi problemlər yaşanır.Amma təəssüf ki, bu problemin həlli ilə bağlı fundamental dəyişikliklərin qarşısı alınır.Hələ də bu sahə ilə bağlı həlledici qərarlar qəbul olunmayıb.Bank-maliyyə sisteminin əsas işi ölkədə canlanmaya səbəb olmaqdır.Əgər bunlar baş vermirsə, kredit faizləri yüksəkdirsə yaxın zamanda iqtisadi aktivlik gözləmək mümkün deyil.Bu rəsmi rəqəmlərdə də özünü büruzə verir.Ölkədə ümumdaxili məhsulun 1.4 faiz azalması rəsmən etiraf olunursa, deməli, vəziyyət perspektivdə göründüyündən də çətindir”.

Vilayət Muxtar

Cebhe.info

 

17:13