Mahnı Teatrında “Sazın ana laylası” adlı konsert təşkil edilib

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Sazın ana laylası” adlı konsert proqramı təşkil olunub.

Aşıqlar Birliyindən bildirilib ki, gecəni mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qadın aşıqlara uğurlar arzulayıb. Azərbaycan dövlətinin aşıq sənətinin inkişafına hər zaman böyük təkan verdiyini bildirən S.Məmmədəliyeva son illər qadın və qızların aşıq sənətinə böyük maraq göstərdiyini söyləyib.

“Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir”, - deyə nazir müavini vurğulayıb.

Gecədə əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva, Samirə Əliyeva, Solmaz Kosayeva, həmçinin aşıqlar Zülfiyə İbadova, Könül Bayramova, Xatirə Gülməmmədli və başqaları çıxış edərək rəngarəng saz havaları səsləndiriblər. Konsertdə əməkdar mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun da çıxışı maraqla qarşılanıb.
 

 

 

 

11:16