Mahmudəli Çöhrəqanlı:“Türk fraksiyasının çoxu SEPAH-çılardır”

“Güney Azərbaycan Milli Hərəkatını artıq boykot eləmək mümkün deyil”

Oktyabrın 25-dən Təbrizin mərkəzi zindanında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Murtaza Muradpurun sağlıq durumu getdikcə ağırlaşır. Məhbus haqqında gələn son məlumata görə, o, getdikcə daha da halsızlaşır, qaraciyəri sıradan çıxıb, böyrəklərinin vəziyyəti də çox ağırdır. Fəalın ürək döyüntülərinin qeyri-stabil vəziyyətdə olduğu da bildirilir. Siyasi məhbus son günlərdə yaydığı səs yazısında qan təzyiqinin kəskin aşağı düşdüyünü də xüsusi vurğulayıb. Hətta aclıq aksiyasının 63-cü günündə siyasi məhbusun mədəsində qanaxma olduğu da bildirir. Əldə etdiyimiz son məlumata görə, siyasi məhbus Murtaza Muradpurun 65 gün davam edən aclıq aksiyasını dayandırıb.

“Fəalliyyətimiz o qədər güclənib ki...”

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı “Cümhuriyət” qəzetinə bildirib ki, fars molla rejimi bölgədə, eləcə də beynəlxalq arenada varlığını ağır militarizm və zorbalıq ilə sürdürən güclərin başında gəlir: “İran konstitusiyası vətəndaşlarına bəzi haqlar tanıyır ki, normal şərtlərdə heç bir hakimiyyətin bu təbii haqlara müdaxilə etməməsi lazımdır. Ancaq bizim tanıdığımız İran rejimi özünü ölkənin və orada yaşayan insanların azad düşüncə və barışdırıcı fəaliyyətinə müdaxilədə haqlı görür.Murtaza Muradpur kimi cəsur milli fəallarımız bu gün rejimin zindanlarında həbsə, işgəncələrə və aclıq aksiyası kimi ağır durumlara məruz qalır. Özəlliklə Murtaza bəyin durumu haqda şəxsən mən GAMOH başqanı olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) İran üzrə özəl insan haqları təmsilçisi xanım Asma Jahangirə məktub yazdım. Məktubda şəxsim də daxil olmaqla 1995-ci ildə başlayan hərəkətimizin ilk zindana atılan və ilk 63 günlük ölüm orucunu tutan hərəkatın fəallarından olan Murtaza qardaşımızın durumuna BMT-nin lazımi tədbirlərin zaman keçmədən göstərməsini tələb etmişəm. Məktubumuzun bir üzü də BMT-nin baş katibi Ban KiMuna göndərildi.
Gün içində məktubumuza müsbət yanaşan və təşəkkürlərini bildirən Asma xanım, tələblərimizi Ban Ki Mun və ayrıca da Office of the United Nations High Commissioner for Human Rights rəhbərlərindən Audrey Rinaldi xanıma çatdırdı. Türkiyədə, quzeydəvə uzaqda yaşayan bütün dostlarımız bir səslə Murtaza qardaşımıza dəstək olmağa çalışırlar. Vacib olan budur ki,mövcud vəziyyəti lazımi qurumların diqqətinə çatdıraq. Fəaliyyətimiz o qədər güclənib ki, artıq Güney Azərbaycan məsələsi dünya mediasında əvvəlki kimi boykot edilə bilmir. Əminəm ki, haqq səsimi bu vəya başqa şəkildəaidiyyəti yerlərə çatacaq və haqqımız olana nail olacağıq. Hər zaman dediyimiz kimi, millətimiz nə istərsə o olacaqdır. Eşq olsun bu yolda bədəl verməkdən çəkinməyən igidlərə!”

“Müqavimət görməsə, düşmən geri çəkilməyəcək”

Mahmudəli Çöhrəqanlı oktyabrın 31-də İran parlamentdəki "Türk fraksiyası" ilə bağlı da fikir bildirib. O qeyd edib ki, bu addım hərəkat baxımından böyük uğurdur: “Bu göstərir ki, milli oyanış hərəkatımız yavaş-yavaş İran rejimini məcbur qoyur ki,geri çəkilsin və millətimizin tələblərinə az da olsa qulaq assın. Xüsusilə qeyd etməliyəm ki, məclisdə bu fraksiyanı təşkil edən millət vəkillərinin çoxu İran Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) keçmiş nümayəndələri və İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu SEPAH ordusunun başçılarıdır. Buna görə də onların səmimiyyətlərinə güvənmək nə qədər çətin olsa da, bu nailiyyətin daha da reallaşması üçün çalışmalara sürətli şəkildə davam etməliyik. 35 milyon Güney Azərbaycan türkünün haqlarını inkar edənlər millətimizin tək gücünü hiss edərək ulusun qəsb edilmiş haqlarını gec də olsa, ödəməyə başlayıblar. Onu da qeyd etmək lazımdır ki, millətimiz tapdalanmış haqlarını əldə etmək üçün mübarizə apararaq qarşılıq ödəməyə hazır olmasa, düşmən tərəfi geri çəkilməyəcək. Yorulmadan mübarizəyə davam, yaxın gələcək millətimizindir!”

Yeganə Oqtayqızı
Cebhe.info

13:20